“Qəlbim uşaqlıqdan aktrisa olmaqla döyünürdü”

21:00 - 13 Dekabr 2018 - Müsahibə

Lətifə Əliyeva: “Qardaşım rəhmətə gedəndə hörüklərimi qardaşım oturan skamyaya bağlamışdım ki...” 

Nə atası, nə də anası aktrisa olmasını istəməyib. Atası deyib ki, mənim qızım ya müəllimə olacaq, ya da tibb bacısı. Elə buna görə də sənədlərini atası ilə birlikdə aparıb APİ-yə (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) veriblər. Lakin atası qayıdandan sonra müsahibimiz sənədlərini götürüb Teatr İnstitutuna verib və ora daxil olub. Həmsöhbətim instituta daxil olmasını möcüzə adlandırır. Deyir ki, kənddə yaşayan bir qızın gəlib instituta daxil olması çətin məsələ idi. Uşaq yaşlarından aktrisalığa marağı olub. Nadinc olduğu üçün Züleyxa adlı müəlliməsi tez-tez deyirmiş ki, ay qız artistlik etmə. Müəlliminin bu sözü müsahibimizin beyninə həkk olub, düşünüb ki, yəqin ki artistlik elə onun canında var. Ömrünün 53 ilini teatra, sənətinə həsr edib.

“Üç nöqtə” qəzetinin qonağı xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktrisası Lətifə Əliyevadır. Lətifə xanımla keçmiş illərdən söhbət açdıq.

“Qəlbim uşaqlıqdan aktrisa olmaqla döyünürdü” 

Müsahibim Lətifə Cahandar qızı Əliyeva 1944-cü ilin iyul ayının 1-də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. Deyir ki, uşaqlıq illəri səkkizinci sinfə qədər kənddə keçib: “Ailədə məndən dörd yaş böyük bir qardaşım var idi, evin böyük qızı isə mən idim. Səkkiz illik məktəbi oxumuşam, qəlbim uşaqlıdan artist olmaqla döyünürdü. Biz məktəbdə oxuyan vaxtı kəndimizə kino, teatrlar gəlirdi. “Ögey ana”, “Uzaq sahillərdə” və s. filmlər, müxtəlif əsərlərdən səhnələr oynayırdılar. O vaxtı bütün rayonlara, kəndlərə gedirdilər. Musiqili  Komediya teatrından Nəsibə Zeynalova, Lütfəli Abdullayev və digər aktyorlar bizim kəndə gəliblər. Elə o vaxtdan məndə teatra, kinoya çox böyük maraq yaranmışdı. Çox nadinc qız olmuşam, Züleyxa adlı müəlliməm həmişə deyirdi ki, ay qız artistlik etmə. Bu sözü demək olar ki, mənə tez-tez deyirdi. Həmin vaxtı üçüncü-dördüncü sinifdə oxuyurdum. Müəlliməmin bu sözü sanki beynimə daxil olmuşdu. Düşünürdüm ki, yəqin ki, artistlik elə canımda, qanımda var. Beləcə artistliyə köklənə-köklənə gəlib səkkizinci sinfə qədər çıxdım”. 

“Dedim yox, nə ərə getmək, mən o məktəbə getmək istəyirəm”   

Müsahibimizin atası yazıçı imiş, altı kitabı çapdan çıxıb və bir neçə əl yazması indinin özündə də qalır. Bundan əlavə sandıq ədəbiyyatı, hekayələri var. Deyir ki, atasının bəzi əsərləri çap olundu, bəziləri isə atası rəhmətə getdiyi üçün yarımçıq qaldı: “Buna görə də atam tez-tez Bakıya gəlirdi. O vaxtı atamın partiya məktəbindən Sofiya İsakovna Yakubova adında bir tanışı vardı, bir yerdə oxuyublar, işləyiblər. Həmin qadın Montin qəsəbəsində “uçiliş”in (indiki peşə məktəbi) direktoru idi. Atam kitabının çapı ilə bağlı Bakıya gələndə, Sofiya İsakova atama deyib ki, Cahandar müəllim, sizin kənddə səkkizinci sinfi bitirən oğlan, qız uşaqları varsa, gəlib bizim sənət məktəbində oxusunlar, yemək də, paltar da veririk. Bu hadisədən sonra atam kitabla bağlı işlərini bitirib evə qayıtmışdı. Rəhmətlik anam (Allah bütün ölənlərə rəhmət eləsin) samovar çayı qoymuşdu, qəşəng də süfrə açmışdı. Hamımız ailəlikcə samovarın başına yığışmışdıq. Atam gəldi, samovarın ətrafında çay içə-içə bu hadisəni anama danışanda eşitdim. Bu hadisələr avqust ayının əvvəlində olmuşdu. Həmin vaxtı səkkizinci sinfi  bitirmişdim. Atamın anama dediklərini eşitdim, Bakıya gəlib peşə məktəbində oxumaq istədim. Anamdan xahiş etdim ki, məni həmin sənət məktəbinə göndərsinlər. Anam razı olmadı, dedi ki, sənin valideynlərin, ailən var, kimsəsiz deyilsən, böyük qızsan, ərə getmək vaxtındır. Dedim yox, nə ərə getmək, mən o məktəbə getmək istəyirəm.

“Valideynlərim axırda razılıq verdilər” 

Müsahibimizin atası qızının Bakıda peşə məktəbində oxumaq istəməsini eşidəndə təbii ki razılıq verməyib. Deyib ki, mənim qızım uzaq başı onuncu sinfə qədər orta məktəbi oxuyacaq, buranı bitirib ya tibb bacısı olacaq, ya da APİ-də (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) müəllim olacaq, bu barədə başqa söhbət ola bilməz: “Amma mən Bakıya gəlmək istəyirdim, valideynlərimi o qədər dəng etdim ki, axırda razılıq verdilər. Onların razılıq verməsində qardaşımın da rolu az olmadı. Belə ki, həmin vaxtı qardaşım Xarici Dillər Universitetinin rus dili fakültəsinə daxil olmuşdu. Anam atama dedi ki, onsuz qardaşı da Bakıda olacaq, ona həyan olar. Alınarsa qalıb oxuyar, alınmaz da geri qayıdar. Atamla Bakıya yola düşdük, gəlib peşə məktəbinə gəldik. Vəziyyət elə gətirdi ki, qalmalı oldum. Qardaşım dedi ki, qoy qalsın, gözüm üstündə olacaq. Mətbəələrdə operator (mətn yazan) olacaq. Atam da böyük qardaşımın xətrini çox istəyirdi, razılaşdı”. 

“Qardaşım rəhmətə gedəndə hörüklərimi qardaşım oturan skamyaya bağlamışdım ki...” 

Aktrisa peşə məktəbini bitirdikdən sonra atası ilə birlikdə sənədlərini aparıb APİ-yə veriblər. Lakin atası gedəndən sonra sənədlərini götürüb Teatr İnstitutunda dram-kino aktyorluğu şöbəsinə verib və ora daxil olub: “Bir kənd qızının bura daxil olması sadəcə bir möcüzə idi. Müəllimlərim, böyük aktyorlar Müxlis Cənizadə, Rza Təhmasib idi. İşləyənlərin hamısı axşam şöbəsinə daxil olurdu, mən də onlardan biri idim. İşləməyə məcbur idim, qardaşım da oxuyurdu, mən də, vəziyyət maddi çəhətdən çətin idi. Bir az keçəndən sonra qardaşım qəflətən rəhmətə getdi, çox gənc idi, cəmi 23 yaşı vardı. Bundan çox böyük stress keçirdim. Uzun saçlarım, hörüklərim var idi. Qardaşım rəhmətə gedəndə hörüklərimi qardaşım oturan skamyaya bağlamışdım ki, məni ondan ayırmasınlar. Polislər məni ordan güclə çıxardılar, həmin vaxtı çox  böyük travma keçirdim, beynim pozulmuşdu. Bir neçə ay yatdım, sanki heçə nə anlamırdım”. 

“Ömrümün 52 ilini bu teatra həsr etmişəm” 

Müəyyən dövrdən sonra teatr sahəsində işləməli olduğunu bildirən L.Əliyeva deyir ki, işdən çıxıb Gənc Tamaşaçılar Teatrına gəlib: “Ömrümün 52 ilini bu teatra həsr etmişəm. Cürbəcür rollar oynamışam, kinolarda çəkilmişəm, televiziya həyatım oldu. Televiziyada ilk dəfə 1966-cı ildə Alberto Moravianın “Tufan” dramatik əsərində çıxış etdim. Respublikanın əməkdar artisti Vidadi Əliyev də mənim sevgilimi oynayırdı. Həmin tamaşa çox gözəl alındı. Beləliklə, taleyimi teatra bağladım. Bəzi aktyorlar olur ki, nazlanırlar. Amma məndə elə şey yoxdur. Bir neçə gün əvvəl möhtərəm prezidentimiz tərəfindən mənə xalq artisti fəxri adı verildi. Prezidentimizə, teatrımızın müdiriyyətinə, Mədəniyyət Nazirliyinə və uca Rəbbimə minnətdaram. Birinci xanımımız hamımızın mənəvi anasıdır, hər birimizin qayğısını çəkir. Mənə bu fəxri adı verdikləri üçün öz təşəkkürümü bildirirəm”. 

“Onlar mənim hər şeyimdir”

Xalq artisti 1963-cü ildə ailə həyatı qurub və iki oğul övladı dünyaya gəlib: “Hazırda yoldaşım dünyasını dəyişib, Allah rəhmət eləsin. Oğlumun biri hüquq-mühafizə orqanında işləyir, o biri isə  müharibə veteranıdır, Qarabağ uğrunda gedən döyüşlərdə ayağından yüngül xəsarət alıb. Həmin hadisənin həyəcanı və qorxusu məndə psixoloji travmalar yaratmışdı. 5-6 nəvələrim var, onlar mənim hər şeyimdir”.

Könül Oruc  

Xəbər xətti