Nazirlər Kabinetinin Aparatı ali kateqoriyalı dövlət orqanıdır

18:15 - 13 Dekabr 2018 - KİVDF

Nazirlər Kabinetinin Aparatı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə, habelə Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqəli surətdə fəaliyyət göstərir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı ali kateqoriyalı dövlət orqanıdır. O öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnaməni rəhbər tutur. Nazirlər Kabinetinin Aparatı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə, habelə Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqəli surətdə fəaliyyət göstərir. Nazirlər Kabineti Aparatının müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

Nazirlər Kabineti Aparatı geniş vəzifələri var. Bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamədə göstərilib. Əsasnamənin 3-cü maddəsində bildirilir ki, Aparat  Nazirlər Kabinetinin səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün bilavasitə, yaxud Nazirlər Kabinetinin tərkibinə daxil olan mərkəzi icra hakimiyyəti orqanlarını, yerli icra hakimiyyəti orqanlarını, həmçinin Azərbaycan Respublikasının Prezidenti və ya Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxsləri və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsləri cəlb etməklə tədbirlər görür, Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Baş nazirinin və onun müavinlərinin fəaliyyətinin hüquqi, analitik-informasiya və təşkilati-texniki təminatını həyata keçirir,  Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabatların hazırlanmasını təmin edir. Nazirlər Kabinetinin statusu isə Konstitusiyanın 114-cü maddəsilə tənzimlənir və bildirilir ki,  Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır. O Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir.Nazirlər Kabinetinin iş qaydasını Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirir. Kobnstitusiyanın 115-ci maddəsinə görə, Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər. Onuniclaslarına, bir qayda olaraq, Azərbaycan Respublikasının Baş naziri sədrlik edir.

 Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktlarının, habelə Azərbaycan Respublikası Prezidentinin, Baş nazirin və onun müavinlərinin tapşırıq və göstərişlərinin icrası ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktlarının layihələrini hazırlamaq və Baş nazirə təqdim etmək də  Nazirlər Kabineti Aparatının vəzifələrinə daxildir. Bundan başqa, Nazirlər Kabineti Aparatının rəhbərinin tapşırığı ilə onun əmr və sərəmcamlarının layihələrini, Baş nazirin və onun müavinlərinin tapşırıqlarını hazırlayır. Bu maddəyə görə, Nazirlər Kabinetinin Aparatı Azərbaycan Respublikası Prezidentinin, habelə Baş nazirin və onun müavinlərinin tapşırıqlarının icrasını təşkil edir, Nazirlər Kabinetinin aktlarını, Nazirlər Kabinetinin iclasının, Baş nazirin və onun müavinlərinin sədrlik etdikləri əlaqələndirici və məşvərətçi orqanların (bundan sonra – əlaqələndirici və məşvərətçi orqanlar) iclaslarının, Baş nazirin və onun müavinlərinin yanında keçirilən müşavirələrin protokollarını, habelə Baş nazirin və onun müavinlərinin dərkənarlarını və ya onların imzaladığı digər sənədləri rəsmiləşdirir.

Qeyd edək ki,  Nazirlər Kabinetində baxılmış məsələlər haqqında məlumatları Nazirlər Kabinetinin aktlarına, Baş nazirin və ya onun müavinlərinin göstərişlərinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına, dövlətin hüquqi şəxslərinə, habelə müraciət (sorğu) etmiş şəxslərə göndərmək, Nazirlər Kabinetinin növbəti il üçün iş planına dair Baş nazirə təqdim olunan təkliflərə baxaraq, onları ümumiləşdirmək və Baş nazirə təqdim etmək,Nazirlər Kabinetinin növbəti il üçün iş planına dair Nazirlər Kabinetində normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı təkliflərə baxılarkən Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Prezidentinin qanun layihələrinin hazırlanmasının qarşılıqlı razılaşdırılmış illik planını nəzərə almaq, Nazirlər Kabineti iclasının Baş nazir tərəfindən bəyənilmiş gündəliyinin layihəsini və müvafiq materialları iclasın keçiriləcəyi tarixdən azı 5 iş günü əvvəldən Nazirlər Kabinetinin üzvlərinə, habelə Nazirlər Kabinetinin iclasında iştirak edəcək digər şəxslərə göndərmək, Nazirlər Kabinetinin iclaslarında iştirak edən şəxslərin qeydiyyatının aparılmasını təmin etmək də Aparatin vəzifələrinə  daxildir.

Bu maddənin digər bəndlərində qeyd olunub ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarından Baş nazirin və ya onun müavinlərinin ünvanına daxil olmuş sorğulara cavabların layihələrini, Baş nazirin və ya onun müavinlərinin tapşırığı ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğuları hazırlayır,

Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktlarının, Azərbaycan Respublikası Prezidentinin, Baş nazirin və onun müavinlərinin, habelə Nazirlər Kabineti Aparatı rəhbərinin tapşırıqlarının mərkəzi icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanları və dövlətin hüquqi şəxsləri tərəfindən icrasına nəzarəti təşkil və təmin etmək də Aparatın vəzifələridir.
Nazirlər Kabineti Aparatı Nazirlər Kabineti qərarlarının layihələrinə dair “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda nəzərdə tutulmuş məcburi ekspertizaların keçirilməsini və müvafiq rəylərin hazırlanmasını təmin, qanunvericilik təşəbbüsü hüququna malik subyektlərdən daxil olan qanun layihələrinə baxmaq və onlara dair rəy (maliyyə, iqtisadi, ekoloji və s.) hazırlanmasını təmin edir.

Qeyd edək ki, “Normativ hüquqi aktlar haqqında”  Konstitusiya Qanunu normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edir.
 Nazirlər Kabineti Aparatı həmçinin  Baş nazirin sədrlik etdiyi Nazirlər Kabineti iclaslarının, Baş nazir və onun müavinlərinin rəhbərliyi ilə keçirilən tədbirlərin, habelə Nazirlər Kabinetinin Aparatında təşkil edilən digər görüş və müşavirələrin hazırlanmasını və maddi-texniki təchizatını təmin etmək, həmçinin belə iclas, görüş, müşavirə və digər tədbirlərdə müzakirə ediləcək məsələlərlə bağlı sənədləri, Baş nazirin, onun müavinlərinin, habelə Nazirlər Kabineti Aparatının rəhbərinin çıxışlarını və məruzələrini hazırlayır, Baş nazirin və onun müavinlərinin səfərlərini, habelə onların iştirakı ilə keçirilən tədbirlərin protokol təminatını təşkil edir.

Bu maddənin 3.0.22 bəndinə görə,  Baş nazirin və onun müavinlərinin, habelə Nazirlər Kabineti Aparatının rəhbərinin tapşırığı ilə Nazirlər Kabineti Aparatının müvafiq struktur bölmələrinin, mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının, habelə dövlətin hüquqi şəxslərinin nümayəndələrinin iştirakı ilə müzakirə və məsləhətləşmələr keçirir.
Eyni zamanda “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının qərarlarına, digər hərəkətlərinə (hərəkətsizliyinə) münasibətdə yuxarı inzibati orqanın səlahiyyətlərinin həyata keçirilməsini təmin edir.

“İnzibati icraat haqqında” qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. O inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

(davamı var)

 

Xəbər xətti