“Valideynlər bilərəkdən, yaxud bilməyərəkdən övladlarına yalan danışırlar”

20:16 - 12 Dekabr 2018 - Xəbər

Aydan Nəzərova: “Uşağın yalan danışmasının səbəbi aradan qaldırılmalıdır”

Əgər valideyn övladının yalan danışdığını görərsə, heç vaxt ona, “ sən yalan danışırsan, bunu yalan dedin, tez ol düzünü de” kimi ifadələr işlətməməlidir. Ümumiyyətlə, uşaqla söhbət zamanı yalan sözünü istifadə etməməliyik: “Uşaq görəcək ki, valideyni onun yalan danışdığını tutdu və bundan sonra daha da professional yalan danışmağa çalışacaq və mükəmməl yalanlar fikirləşəcək”. 

Bu sözləri bizimlə söhbətində “Üç nöqtə” qəzetinin qonağı, “Narınc” Uşaq Psixologiya Mərkəzinin baş məsləhətçisi və baş psixoloqu Aydan Nəzərova dedi.

- Uşaqların yalan danışmasına başlıca səbəb nələrdir? 
- İlk növbədə onu vurğulayım ki, ümumiyyətlə yalan danışmaq doğru sayılmır və xoşagəlməz bir haldır. Uşaqların yalan danışmasının bir neçə səbəbləri vardır. Bunlardan biri ata və ananın, hər hansı bir ailə üzvünün, yaxud uşağa baxan dayələrin davamlı şəkildə yalan danışması ola bilər. Valideynlər bilərəkdən, yaxud bilməyərəkdən övladlarına yalan danışırlar.

- Valideynlərin övladlarına yalan vədlər verməsi onları yalan danışmağa zövq etmirmi?
- Təbii ki, bu hal davamlı olaraq təkrarlanarsa uşaqları yalan danışmağa sövq edə bilər. Misal üçün, ailə hər hansı qohum-tanış evinə qonaq gedir. Uşaq orda özünü pis aparanda valideyn deyir ki, özünü yaxşı apar, burdan çıxanda səni parka aparacağam, yaxud sənə oyuncaq alacağam. Uşaq da bunu düşünərək valideynin dediyinə əməl edir və qonaqlıqdan çıxarkən parka gedəcəklərini, yaxud  ona hədiyyə alınacağını gözləyir. Amma təəssüf ki, valideyn verdiyi sözə əməl etmir. Bu da uşaqda inamsızlıq yaradır.

-  Belə çıxır ki, uşaqlarımıza yalan danışmağı elə valideynlər özləri öyrədir? 
- Nəinki valideynlərin, həmçinin dayələrin, yaxud digər şəxslərin uşağa yalan danışması ümumiyyətlə doğru sayılmır. Uşaq evin güzgüsüdür, evdə nəyi görürsə onu təkrarlamağa başlayır. Ona görə də çalışmaq lazımdır ki, uşaqlarımıza yalan danışmağı öyrətməyək. Çünki uşaqlar safdırlar, təmizdirlər. Onlar ağ bir kağız kimi pakdırlar. Təsəvvür edin ki, uşaqlar xəmir kimidirlər, onları necə yoğursaq elə də olacaqlar. Əgər onları yalanla yoğursaq yalançı olacaqlar. Yox, əgər doğruluq, düzgünlük, mərhəmət, qayğıkeşlik öyrətsək, onlar gələcəyin ən gözəl şəxsiyyətlərindən biri olacaqlar. Övladlarımızı bacardığımız qədər yalandan uzaq tutmağa çalışmalıyıq.

- Bildiyimiz kimi, hiperaktiv uşaqların fantaziyaları daha güclü olur.  Onlar daha “yaxşı” yalan danışırlar? 
- Yalan danışan hiperaktiv uşaqlarla da rastlaşırıq. Onların təxəyyülü, fantaziyaları güclü olduğu üçün hər hansı bir hadisəni, olayları çox gözəl şəkildə təhrif etməyi bacarırlar. Loru dildə desək, təhrif edərkən şişirdib böyüdürlər, birinin üstünə beşini qoyub yalanları artırırlar. Nəyisə şişirdib danışdıqca, ətrafdakıların onlara diqqətlə qulaq asdığını gördükcə, bu artıq onlarda vərdiş halını almağa başlayır. Amma çox təəssüf ki, bu 18 yaşından sonra patoloji yalançılığa çevrilir. Artıq bu onun xarakterinə çevrilir və cəmiyyətdə yalan danışan bir insan kimi tanınır.

- Əgər valideyn övladının yalan danışdığını görərsə, bunu onun üzünə vurmalıdırmı? 
- Elə uşaqlar var ki, yalanı ailədən kənarda, məktəbdə danışır. Və istər-istəməz ona meyllənir. Əgər valideyn övladının yalan danışdığını görərsə, heç vaxt ona “sən yalan danışırsan, bunu yalan dedin, tez ol düzünü de” kimi ifadələr işlətməməlidir. Ümumiyyətlə, uşaqla danışarkən yalan sözünü istifadə etməməliyik. Uşaq görəcək ki, valideyni onun yalan danışdığını tutdu və bundan sonra daha da professional yalan danışmağa çalışacaq və mükəmməl yalanlar fikirləşəcək.

- Bəzi insanlar sanki artıq yalan danışmağı vərdiş halına çeviriblər...
- Yalan danışmağı artıq patologiya hala çevrilən insanların yalan danışdığını tutmaq üçün ya onunla daimi yaşayan şəxs olasan, ya da mütəxəssis, psixoloq olasan. Çünki yalan danışan uşağın yanında yaşayan insanlar artıq onun nəyə qadir olduğunu və nəyi yalan dediyini bilirlər. Bu cür şəxslərin danışdıqları yalanlar reala çox yaxın olur və ayırd etmək çətin olur. Misal üçün, uşaq evə gəlir, üstü-başı toz torpaq içində, artıq kiminləsə dalaşdığını bilirsən və nə baş verdiyini soruşursan. Deyir ki, filankəs məni oyuna qoymadı, mənə filan sözü dedi, ona görə də vurdum. Əslində dalaşdıqları göz qabağındadır və bu realdır. Sadəcə olaraq uşağın özgüvəni aşağı olduğu üçün özünü müdafiə refleski işə düşür və özünün yoldaşını vurduğunu söyləyir. Amma məsələnin kökünə enərkən heç də belə olmadığı üzə çıxır. Məlum olur ki, uşaq özü günahkar olub, amma özünü müdafiə üçün yalan danışır. Bəli, bəzən uşaqlar özlərini yaxşı göstərmək üçün yalan danışırlar.

- Yalan danışmaq insanların həyatına necə təsir göstərir? 
- Nəinki uşaqlar, hətta böyüklərin özləri də bəzən yalan danışırlar. İş yerində, kollektivdə yalan danışan insanlar kifayət qədərdi. Müəyyən bir tapşırırsan,  deyir hə mən bacarıram, bu işi əvvəllər də görmüşəm. Əslində isə belə deyil, həmin insan bu işi heç vaxt görməyib və bu işlə ilk dəfədir tanış olur. Sadəcə olaraq özünü müdafiə etmək üçün yalan danışır. Düşünür ki, bacarmadığını desə, sabahı gün ona deyəcəklər ki, sən bunu bacarmırsan və s. Əslində bu çox acınacaqlı bir haldır. Bilmədiyimiz bir  işi yalandan bilirik deyib özümüzü daha da uçuruma aparırıq. Getdikcə kollektivdə hər kəs onu yalançı biri  kimi tanıyır və insanlar yavaş-yavaş ondan uzaqlaşmağa doğru gedir. Həmin adamda psixoloji problemlər ortaya çıxmağa başlayır. Bunların hamısı uşaqlıq dövründən, özgüvən əskikliyindən, stressə davamsızlıqdan irəli gəlir.

- Əgər bu problemlər müşahidə olunarsa, valideynlər nə etməlidir, problemin həlli yolları nələrdir? 
- Əgər valideynlər uşaq vaxtı bu kimi halları övladlarında müşahidə edirsə müəyyən tədbirlər görməlidir. Onlar bilməlidirlər ki, uşağın özgüvəni aşağıdırsa,  stressə davamsızdırsa, hər xırda hadisə üstündə ağlamağa başlayırsa, istədiyi bir əşyanı qışqırıb-ağlayaraq əldə edirsə, artıq onlar gələcəkdə yalançılığa yönələ bilir. Ona görə də biz istəyirik ki, valideynlər, bağçadakı təlimçilər, dayələr, məktəbdəki müəllimlər, pedaqoqlar daha çox bu sahədə təbliğat işləri aparsınlar. Bunun nəticəsində uşaqlarda yalançılıq nisbətdə aşağı düşər. Biz psixoloqlar işimizin peşəkarı olduğumuz üçün bu kimi neqativ halların öhdəsindən gəlirik. Amma bütün problemləri vaxtında həll etmək daha səmərəlidir.

Könül Oruc 

Xəbər xətti