Qanunvericilik hakimiyyətini Milli Məclisi həyata keçirir

18:14 - 12 Dekabr 2018 - KİVDF

Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir. Milli Məclisinin deputatlarının səlahiyyət müddəti Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır.

Azərbaycan Respublikasının Konstitusiyasında Milli Məclisin səlahiyyətinə aid edilən məsələlər 94 və 95-ci maddələrdə öz əksini tapıb.  94-cü maddədə əks olunan müxtəlif fəaliyyət sferalarına dair Milli Məclis qanunlar qəbul edir. Bu maddənin hakimiyyətin bölgüsü sistemi ilə özünəməxsus bir bilavasitə əlaqəsi mövcuddur. Əslində burada qanunverici orqanın ən əsas səlahiyyətinin - qanun qəbul etmək səlahiyyətinin məzmunundan söhbət gedir. Qanunverici orqanın konkret hansı məsələlər üzrə öz qanunvericilik fəaliyyətini həyata keçirə bilməsi müəyyənləşdirilir. 94-cü maddədə təsbit olunan səlahiyyətlər nə məhkəmə, nə də icra hakimiyyətinin fəaliyyətinə hər hansı şəkildə müdaxilə etməyə imkan vermir. Bundan fərqli olaraq 95-ci maddə bilavasitə hakimiyyət bölgüsü mexanizminə aiddir və elə onun üçün də nəzərdə tutulub. 95-ci maddə Milli Məclisin həll etdiyi məsələlər adlanır və burada bu və ya digər şəkildə icra hakimiyyətinin fəaliyyətinə müdaxilə etməyə imkan verən məsələlər əks olunub. Bu maddənin ilk 5 bəndində bildirilir ki,  Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir: Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili, Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi, inzibati ərazi bölgüsü, dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi və Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət.

Milli Məclisin həll etdiyi məsələlər içərisində 1-5-ci bəndlər istisna olmaqla yerdə qalan bütün məsələlərin həlli üçün qərar qəbul edilir. Bunlar Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının hərbi doktrinasının təsdiqi, bu Konstitusiyada nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Prezidentinin fərmanlarının təsdiqi, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verilməsi, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi, Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi,  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin impiçment qaydasında vəzifədən kənarlaşdırılması, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən hakimlərin vəzifədən kənarlaşdırılması, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi,Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsi,  referendum təyin edilməsi, amnistiya. Burada söhbət  95-ci maddədə əsasən prezidentin vəzifəyə təyin etdiyi ayrı-ayrı şəxslərin və irəli sürdüyü müxtəlif proqramların, təkliflərin təsdiqlənməsindən söhbət gedir. Bu maddədə əks olunan məsələlərin bir qismi investitura institutu ilə əlaqədardır. İnvestitura - konkret şəxslərin vəzifəyə təyin olunması ilə bağlı səlahiyyətlər məcmusudur. İnvestitura icra hakimiyyətinə müəyyən üstünlüklər verən institutdur. Belə ki, vəzifəyə təyin edilən şəxslərin şəxsi keyfiyyətləri nəzərə alındığından, bir çox hallarda icra hakimiyyətinin bundan sui-istifadə ehtimalı mövcud olur. Yəni icra hakimiyyəti başçısı təyin edilən şəxslərin peşəkarlıq, təcrübəlilik meyarları ilə yanaşı, onların sədaqətlilik, partiya mənsubiyyəti və sair keyfiyyətləri də nəzərə alınır.
95-ci maddədə nəzərdə tutulmuş prezidentin vəzifəyə təyin etdiyi şəxslərin, təklif etdiyi proqramların təsdiqlənməsi bir növ icra hakimiyyətinin fəaliyyətinə təsiretmə vasitəsi kimi nəzərdə tutulub. 95-ci maddəyə görə Milli Məclis prezidentin təqdim etdiyi hərbi doktrinanı, dövlət büdcəsini təsdiq edir, Baş nazirin təyin olunmasına razılıq verir, yuxarı instansiya məhkəmələrinin - Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, apelyasiya məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir, Baş prokurorun təyin olunmasına və vəzifədən kənarlaşdırılmasına razılıq verir, beynəlxalq müqavilələri, Milli Bankın İdarə Heyətinin üzvlərini təsdiq edir. Bundan başqa qanunverici orqan Nazirlər kabinetinə etimad, prezidentin impiçment qaydasında vəzifədən kənarlaşdırılması, prezidentin müraciətinə əsasən müharibə və sülhə razılıq verilməsi, ordunun təyinatı ilə bağlı olmayan işlərə cəlb edilməsi məsələlərinə razılıq verir. Bunların da içərisində ən təsirlisi dövlət büdcəsinin təsdiqi və onun icrasına nəzarətdir. Dövlət büdcəsini təsdiq etməklə qanunverici orqan bütövlükdə icra hakimiyyətinə təsir edə bilir və çox vacib faktor olan maliyyə sferasında bu hakimiyyət budağının fəaliyyətinə müdaxilə edir. Lakin bu səlahiyyətdən ildə, ancaq bir dəfə istifadə edilməsi dövlət büdcəsinin icrası zamanı baş verən dəyişikliklərə Milli Məclisin əsaslı və adekvat cavab vermək imkanını məhdudlaşdırır.

95-ci maddənin 1-5-ci bəndlərində nəzərdə tutulan məsələlər üzrə 63 səs çoxluğu ilə qanunlar, qalan məsələlərə dair isə, bu Konstitusiyada başqa qayda nəzərdə tutulmayıbsa, eyni qaydada qərarlar qəbul edilir.

 Bu Konstitusiyada Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid edilən digər məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili ilə əlaqədar məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin münasibətinin bildirilməsi zəruri olan məsələlərə dair də qərarlar qəbul edilir.
 95-ci maddənin 8-ci bəndində göstərilir ki, Milli Məclis konstitusiya ilə nəzərdə tutulan hallarda prezident fərmanlarını təsdiq edir. 111 və 112-ci maddələrə görə hərbi və fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanlar Milli Məclisin təsdiqinə verilir. 111-ci madəyə görə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir. 112-ci maddədə isə bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.

(ardı var)

Xəbər xətti