Hadı Rəcəbli:"Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri əvəzsizdir"

10:46 - 12 Dekabr 2018 - Xəbər

Ulu öndər Heydər Əliyev Azərbaycanın çətin dönəmində sosial müdafiə sahəsində çox uğurlu addımlar atdı 

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri əvəzsizdir. Ümummilli lider Azərbaycanın ən çətin vaxtlarında dövlətçiliyimiz üçün ən uğurlu addımlar atıb. Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, həssas bölgədə yerləşən Azərbaycanda dövlətçiliyin bütün bəşəriyyətə örnək olan inkişaf modelinin qurulması istiqamətində Heydər Əliyevin tarixi xidmətləri dünyanın qəbul etdiyi və öyrəndiyi zəngin bir irsdir.

Komitə sədri qeyd edib ki, Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında tarixi quruculuq və inkişaf missiyası 1969-cu ildən başlayır: “Həmin il Heydər Əliyevin respublikamızda rəhbərliyə gəlməsi sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açdı. Heydər Əliyev ölkəyə rəhbərlik etməyə başlayandan sonra qısa zaman kəsiyində Azərbaycan SSRİ-nin tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi. Heydər Əliyevin rəhbərliyi altında başlayan genişmiqyaslı işlərin nəticəsində Azərbaycan ittifaq respublikaları arasında öz layiqli yerini tutdu”.

H.Rəcəbli vurğulayıb ki, sovet illərində Heydər Əliyevin təşəbbüsü ilə xalqımızın milli mənlik şüurunun, mədəniyyətinin və dilinin inkişafına da güclü təkan verən tədbirlər həyata keçirildi: “Bu mənada o illərdə təkcə sosial-iqtisadi yüksəliş deyil, milli-mənəvi dəyərlərə qayıdış da Heydər Əliyevin adı ilə bağlı idi. Sovet ideologiyasının hakim olduğu dövrdə Heydər Əliyev xalqımızın mənəvi dəyərlərinin əriyib itməməsi üçün əlindən gələni etdi. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində həyata keçirilən məqsədyönlü siyasət Azərbaycan xalqının milli-mənəvi dəyərlərini xalqın şüurundan silə bilmədi”.

Millət vəkili xatırladıb ki, SSRİ-nin süqutundan sonra bütün ittifaq respublikaları müstəqilliyə qovuşdu: “Amma Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətə yiyələnən qüvvələrin səriştəsizliyi ölkəmizi parçalanmaq, dövlətçiliyimizi itirmək təhlükəsi qarşısında qoymuşdu. Hakimiyyət uğrunda çəkişmə Ermənistanla aparılan müharibəni də arxa plana keçirmişdi. Belə bir çətin və mürəkkəb dövrdə Azərbaycan xalqı çox düzgün addım ataraq ölkəni düşdüyü ağır böhrandan qurtarmaq üçün Heydər Əliyevi Bakıya dəvət etdi. Xalqın təkidli tələbi ilə böyük siyasi təcrübəyə malik Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu”.

O bildirib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycan dövlətçiliyini qurdu, yaşatdı: “Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxaran Heydər Əliyev əməlləri ilə, xalqa əvəzsiz xidmətləri ilə tariximizdə əbədiyaşarlıq qazandı. Ulu öndərin gərgin və yorulmaz əməyi sahəsində Azərbaycanda bütün sahələrdə dərin islahatlar aparıldı, ölkəmiz böhran vəziyyətindən çıxaraq inkişaf yoluna qədəm qoydu, əhalinin sosial vəziyyəti yaxşılaşmağa başladı”.

H.Rəcəbli vurğulayıb ki, Heydər Əliyevin sosial müdafiə sahəsində xidmətlərini 3 aspektdən yanaşaraq qiymətləndirmək olar: "Birincisi, Heydər Əliyev qaçqın və məcburi köçkün probleminin yarandığı, ölkə iqtisadiyyatının iflic vəziyyətə düşdüyü, hakimiyyətsizlik dövründə hakimiyyətə gəldi. İkincisi, populist, bazar iqtisadiyyatından uzaq sosial siyasət var idi. Üçüncüsü, müstəqil dövlətin yeni sosial siyasəti qurulmalı idi, təşəbbüslər göstərilməli, islahatlar aparılmalı idi. Ulu öndər hər 3 istiqamətdə çox uğurlu addımlar atdı. Bu, Azərbaycanın çətin dönəmində, dövlətçiliyi tarixində atılan ən uğurlu addımlar idi. Birincisi, qaçqın və məcburi köçkünlər yerbəyer edildi, neft yataqlarından gələn bonuslar həmin şəxslərə yönəldildi, beynəlxalq humanitar təşkilatlar Azərbaycana cəlb olundu. İkincisi, ulu öndərimiz konkret addımlarla populist şüarların qarşısını aldı, məsələləri tənzimlədi, qanunlar yaradıldı, Konstitusiyanın böyük hissəsində sosial hüquqlar təsbit olundu, dövlət proqramları müəyyənləşdirildi. Üçüncüsü, islahatlara yol açıldı, pensiya və digər islahatlar aparıldı. Beləliklə, Azərbaycanda müasir sosial müdafiə sistemi yarandı".

Komitə sədri qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin gələcək inkişafını müəyyənləşdirdi: “Ölkəmizin inkişafı, insanların rifahının yaxşılaşması ulu öndərin uzaqgörənlik və müdrikliklə düşünülmüş siyasətinin bəhrəsidir. Bu gün Azərbaycan Heydər Əliyevin əsasını qoyduğu yolla gələcəyə doğru inamla addımlayır. Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi olan Prezident İlham Əliyevin dərindən düşünülmüş, xalqının və dövlətinin maraqlarına xidmət edən siyasəti nəticəsində Azərbaycanın dinamik inkişafı davamlı xarakter alıb, respublikamızın beynəlxalq aləmdə yeri və nüfuzu daha da möhkəmlənib”.

Xəbər xətti