Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

09:59 - 12 Dekabr 2018 - Xəbər

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar mərasimə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də bu gün saat 08:00-dan tədbir tam başa çatanadək Parlament prospektində Fəxri xiyaban istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Anım mərasimi başa çatanadək Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospekti və Ələsgər Ələkbərov küçəsinin kəsişməsində, Hüseyn Cavid prospekti və Mikayıl Müşfiq küçəsi ilə kəsişməsindən, eləcə də İzzət Nəbiyev, Abbasqulu Abbaszadə, Şövqiyar Abdullayev küçələri istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər, ictimai nəqliyyata üstünlük versinlər.

Parlament prospekti Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Xəbər xətti