Dekabrın 11-də Bakı şəhər prokurorluğunda Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Baş Prokurorluğun Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhər prokurorluğunun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoymuş, unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov diqqətə çatdırıb ki, görkəmli şəxsiyyət, əvəzolunmaz insan, müstəqil Azərbaycanın qurucusu, Ümummilli liderimiz Heydər Əliyev sayəsində müstəqilliyimiz əbədi və dönməz xarakter almış, Azərbaycan inamla beynəlxalq arenaya çıxmış, beynəlxalq aləmdə söz və nüfuz sahibi olub. Müstəqil Azərbaycan Respublikasının hüquqi, dünyəvi və demokratik dövlət imicinin formalaşmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri əvəzsizdir.
Diqqətə çatdırılıb ki, ölkəmizdə hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə əsası Ulu Öndər tərəfindən qoyulmuş hüquqi islahatlar daha da genişləndirilməkdədir. Demokratik və hüquqi dövlət quruculuğu prosesi hazırda ulu öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mərasimin sonunda ümummilli liderin xatirəsinə həsr olunmuş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Əbədiyyət” filmi nümayiş etdirilib.