“Eksternat qaydada verilən imtahanlar hər bir məktəb şagirdinə aid edilməməli və əsaslandırılmalıdır”

20:58 - 11 Dekabr 2018 - Cəmiyyət

Kamran Əsədov: “Əgər bir şəxs hər hansı bir səbəbdən 9-cu sinifdən məktəbdən ayrılıbsa, bu o demək deyil ki, həmin şəxs elə o məhdudiyyətdə qalmalıdır”
Məlahət Mürşüdlü: “Bütün proseslər ciddi qaydada həyata keçirilməlidir”
 

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şəxslər üçün eksternat qaydasında imtahanlar keçiriləcək. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə buraxılış imtahanı verərək həmin səviyyə üzrə müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. BŞTİ-nin əmrinə əsasən, eksternat imtahanları 7-8 yanvar 2019-cu il tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq. Qeydiyyat və sənəd qəbulu 10-21 dekabr 2018-ci il tarixlərində (yalnız iş günləri saat 14:00-dan 17:30-dək) BŞTİ-də aparılacaq. Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 27-28 dekabr 2018-ci il tarixlərində saat 10:00-dan 16:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər. Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Maraqlıdır, ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şəxslər üçün eksternat qaydada imtahanların keçirilməsinin nə kimi müsbət tərəfləri olacaq? Bu proseslər hansı qaydalara əsasən aparılacaq? 
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən  şəxslərr üçün eksternat qaydasında imtahanlar keçirilir: “Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır”.

Təhsil eksperti xatırlatdı ki, bu qayda hələ sovetlər dönəmində bir qədər fərqli formada mövcud olub: “Məsələn, əvvəllər də 5-ci sinifdə təhsil alan şagirdin əgər fitri istedadı var idisə, eksternat imtahanı keçirməklə onu bir pillə yuxarı sinfə, yəni 5-dən 6-ya yox, birbaşa 7-ci sinfə keçirirdilər. Amma indi eksternat sistemi bir az xarakterini dəyişib. Belə ki, müəyyən səbəblərdən orta məktəbi bitirmək imkanı olmayan şagirdlərə bu imtahandan keçməklə gələcəkləri üçün şərait yaradılır. Nəzərə alsaq ki, biz beynəlxalq təhsil sisteminə inteqrasiya edirik, boloniya sisteminə qoşulmuşuq, dünyanın müxtəlif təhsil təcrübələrini öyrənirik və s. ona görə də belə bir imtahanın keçirilməsi vacibdir”.

K.Əsədov deyir ki, digər bir məqamı da diqqətdən qaçırmaq olmaz. Təhsilin əsas prinsiplərindən biri də fasiləsizlik prinsipidir: “Məsələn, ali məktəblərdə də tələbələrə müəyyən güzəştlər edilir. Kimsə ali məktəbin hansısa pilləsində müəyyən obyektiv-subyektiv səbəblərdən təhsilini yarımçıq qoyubsa, onlara öz təhsillərini davam etdirmələri üçün şans yaradılır. Bizim təhsil strategiyasında bu, ömürlük təhsil kimi öz ifadəsini tapıb. Deyək ki, əvvəllər ali təhsil almaq üçün müəyyən yaş məhdudiyyəti var idisə, indi o problem də aradan qaldırılıb. İnsanlara 40-50 yaşında da ali məktəbə, ikinci dəfə digər bir ali məktəbə və yaxud ikinci ixtisas seçmək üçün xüsusi imkanlar verilir”.

Mütəxəssisin sözlərinə görə, əgər bir şəxs hər hansı bir səbəbdən 9-cu sinifdən məktəbdən ayrılıbsa, bu o demək deyil ki, o insan elə o məhdudiyyətdə qalmalıdır. Ona görə də həmin şagirdlər mövcud proqrama müvafiq olaraq imtahan verirlər: “Və əgər müəyyən olunursa ki, həmin kurs həcmində materialı mənimsəyibsə, yenidən ikinci dəfə imtahan verməklə öz biliklərini doğrultmağa şans yaradılır”.

Həmsöhbətim düşünür ki, təhsilin hamı üçün əlçatan olması, təhsildə fasiləsizlik prinsipinin həyata keçirilməsi baxımından çox müsbət addımdır: “Burada həm də insan hüquqlarının təminatı var. Nə qədər imkan var, o imkanlardan bəhrələnmək üçün hər bir insana şərait yaradılmasını ancaq yüksək qiymətləndirmək olar”. 

“Azad Müəllimlər” İctimai Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü bildirdi ki, tam orta təhsilini müəyyən səbəblərə görə bitirə bilməyən şəxslər üçün eksternat qaydada imtahanların keçirilməsi onlara təhsillərinin sənədlərlə təsdiq edilməsi imkanını verir: “Bu imtahanlar hər bir məktəb şagirdinə aid edilməməli və əsaslandırılmalıdır.  Müəyyən vacib səbəblər olmalıdır, səhhəti, ölkəni tərk etməsi, yaxud da orduda xidmət etməsi ilə bağlı səbəblər ola bilər. Təhsilini yarımçıq saxlamaq səbəbləri əsaslandırıldıqdan sonra onlara bu imtahanlarda iştirak etmək hüququ verilir. Yaranmış problemin həlli üçün şərait yaradır, yəni orta təhsili yarımçıq buraxmamasına və sənədlərlə rəsmiləşdirməsinə imkan verir. Bütün bu proseslər ciddi bir təlimati qaydada həyata keçirilməlidir”.

Mütəxəssis deyir ki, əgər 9-cu sinifdə olan şagird 11-ci sinifdə olan eksternat imtahana girmək istəyirsə, bunun üçün onun intellektual potensialı o imkanı verməlidir: “Həmçinin Nazirlik nəzdində mütəxəssislərdən və peşəkarlardan ibarət müəyyən xüsusi komissiyalar yaradılmalıdır. Onlar tərəfindən qiymətləndirmə aparıldıqdan sonra müəyyən etmək olar. Sovet dönəmində də belə hallar var idi, lakin bu cür hadisələr çox nadir hallarda baş verirdi”.

Könül Oruc

Xəbər xətti