Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur

18:06 - 11 Dekabr 2018 - KİVDF

Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir

Son dövrlər mülkiyyət hüququ ilə bağlı yerli qanunvericilik aktlarında bir sıra proqressiv dəyişikliklər olunub. Mülkiyyət hüququ sahəsində artıq bu cür dəyişikliklərin Konstitusiyada da edilməsinə ehtiyac yaranmışdır. Xüsusilə də mülkiyyət hüququnun sosial ədalət prinsiplərinə uyğunluğu məsələsi Konstitusiya dəyişikliklərində öz əksini tapdı. Bu dəyişikliklər Konstitusiyanın 29-cu maddəsinə əlavə olundu. Əlavədə bildirilir ki, xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Ümumiyyətlə, bu maddə ilə  mülkiyyət hüququ tənzimlənir. 29-cu maddəyə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

 Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları  üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir.

 Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasına əlavə olunan 1 saylı Protokolun 1-ci maddəsinə görə «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Lakin bu heç də o demək deyil ki mülkiyyət hüququ absolyut qüvvəyə malikdir. Avropa Konvensiyasının həmin madəsinin 2-ci bəndində mülkiyyət hüququnun məhdudlaşdırılması şərtləri qeyd olunur:“Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır”. Göründüyü kimi Konstitusiyaya təklif olunan Mülkiyyət hüququ ilə bağlı dəyişiklik məhdudlaşdırıcı xarakter daşısa da Avropa İnsan Hüquqları Konvensiyasına tam uyğundur. Heç şübhəsiz, bu əlavələrin Konstitusiyada əks olunması Azərbaycan üçün strateji xarakterli aqrar sahənin (taxılçılıq, üzümçülük, pambıqçılıq, tütünçülük, baramaçılıq, heyvandarlıq və s), daha da inkişafı və möhkəmləndirilməsi mənafeyinə xidmət göstərir. 

Konstitusiyanın 36-cı maddəsinə edilən dəyişiklik isə əmək hüququ əsasında işləyənlərin hüquqlarının müdafiəsini özündə ehtiva edir və elə bu səbəbdən də kifayət qədər böyük ictimai maraq doğurur. Bu məqsədlə müvafiq maddəyə edilən dəyişikliyə lokaut anlayışı əlavə edilib və bildirilir ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır. Qeyd edək ki, bu maddə ilə tətil hüququ tənzimlənir. Maddəyə görə, hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ var.  Əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində  xidmət edən hərbi qulluqçular və mülki şəxslər tətil edə bilməzlər. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir.
Konstitusiya edilmiş dəyişikliklərdən biri  böyük itimai maraq və rezonansa səbəb olan dəyişiklikdir.  85-ci maddənin I hissəsi ("yaşı 25-dən aşağı olmayan" sözləri " seçkilərdə iştirak etmək hüququna  malik olan" sözləri ilə əvəz edilib. Maddənin I hissəsində bildirilir ki, Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. Dəyişiklik olmayan II hissəyə görə, ikili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.

100-cü maddəyə dəyişikliyə bağlı bildirək ki, 18 yaşlı gəncin Milli Məclisin üzvü seçilməsinə hüquqi əsas yarandı. Bundan savayı, prezident seçkilərində tətbiq olunan yaş senzi (35 yaş) ilə bağlı məhdudiyyətin aradan qaldırılması nəzərdə tutulur. Bu maddəyə görə, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.  Göründüyü kimi “yaşı otuz beşdən aşağı olmayan” ifadəsi çıxarılıb.  Konstitusiyanın 101-ci maddəsinin I hissəsində edilən dəyişiklik nəticəsində isə Azərbaycanda prezidentlik müddətinin 5 ildən 7 ilə yüksəldilməsi nəzərdə tutulub.  Bu maddənin I hissəsində bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər. Bu təklif də təsadüfi xarakter daşımır. Belə ki, anoloji praktika bir çox ölkələrdə uğurla tətbiq olunur.

 Konstitusiya dəyişiklikləri ilə insanların sərbəst toplaşmaq azadlıqları ilə bağlı digərlərinin hüquqlarının pozulmasının və onlara qarşı hər hansı bir kin, nifrət aşılanmasının, ləyaqətdən kənar hərəkətlərin edilməsinin qarşısı alınır. Tutaq ki, sərbəst toplaşmaq haqqında qanuna uyğun olaraq hər hansı bir sərbəst toplaşmaq hərəkəti həyata keçirilir və həmin tədbirdə də kiminsə şərəf və ləyaqəti aşağılanır , yaxud da onun şərəf və ləyaqətinə qarşı hər hansı bir hörmətsizlik edilir. Bu da şəxsin toxunulmazlığının pozulmasına gətirib çıxarır. Məhz bu kimi məsələlər də əlavə və dəyişikliklərdə öz əksini tapıb. Bir sözlə, nəzərdə tutulan dəyişikliklər əsasən insan hüquq və azadlıqlarının daha da genişləndirilməsini özündə ehtiva edir, vətəndaşlara yeni hüquqlar verilir, hüququn realizə olunması ilə bağlı müəyyən məhdudiyyətlər aradan qaldırılır, eyni zamanda, hüquqdan sui-istifadə etmək imkanları məhdudlaşdırılır. Bu nöqteyi-nəzərdən Konstitusiyanın 24-cü maddəsinə "İnsan ləyaqəti qorunur və ona hörmət edilir" məzmunlu I hissənin, habelə III hissəyə "Hüquqlardan sui-istifadəyə yol verilmir" məzmunlu cümlənin əlavə edilməsi olduqca vacib addım sayılmalıdır. 25-ci maddənin III hisəsinə isə “etnik mənsubiyyətindən” cümləsi əlavə olunur və bildirilir ki, dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. VI hissənin əlavə olunması da günün tələbi idi:. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar

Eyni zamanda, 32-ci maddəsinə edilən VI, VII və VIII hissələr fərdi məlumatların dairəsi, onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtlərini müəyyən edir, insanların informasiya təhlükəsizliyi ilə bağlı hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən neqativ halların aradan qaldırılmasına xidmət göstərir. 

Xəbər xətti