“İrəli”nin “Azərbaycanın İntellektual Birİncisi” layihəsininin icrası başa çatıb

14:44 - 10 Dekabr 2018 - Xəbər

“İrəli” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin 3-cü mövsümünə dekabrın 8-də yekun vurulub. 

Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan final mərhələsi keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov tədbirdə çıxış edərək belə layihələrin həyata keçirilməsinin gənclərin inkişafında əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, gənclərin intellektual oyunlarda iştirakı onların zehni inkişafına, bilik və bacarıqlarının artırılmasına böyük töhfə verir.

“İrəli” İctimai Birliyiin sədri MirHəsən Seyidov çıxış edərək bildirib: “Bu kimi intellektual yarışların keçirilməsi gənclərin bilik və bacarıqlarını sərgiləməsinə böyük töhfə və təkan verir. Məhz Azərbaycanda yeni nəslin elmə olan inkişafını vurğulamaq istəyirəm. Ötən illərlə müqayisədə gənclər təhsil almağa daha çox meyl göstərır. Bu da ölkə başçısının elm işçilərinə , təhsilə, sağlam və intellektual gənclərin olması üçün apardığı uğurlu siyasətin nəticəsidir. Doğma diyarımızın hər bir bölgəsindən olan gənclər öz biliklərini yoxlamaq üçün bizim yarışmaya qatıldılar. Mən bütün layihə iştirakçılarını təbrik edirəm. İnanıram ki, bu gənclər ölkəmizi xaricdə təmsil edəcək insanlar olmaqla yanaşı, bütün Azərbaycan gəncliyinə bir stimul olacaqlar. Biz də bir təşkilat olaraq Azərbaycan gənclərinə və gəncliyinə hər zaman dəstək olmuşuq və olacağıq.”

Sədr onu da qeyd edib ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi öz əksini tapır. “Azərbaycan İntellektual Birİncisi” layihəsi Dövlət Proqramının alt sənədinə uyğun olaraq həyata keçirilib. Bildirilib ki, Azərbaycanın bütün regionlarını əhatə edən layihənin məqsədi ölkə gənclərinin maarifləndirilməsi və intellektual potensiallarının qiymətləndirilməsi olub. Sədr çıxışının sonunda qeyd edib ki, növbəti il layihələrimizi işğal altında olan torpaqlarımızda həyata keçirəcəyimizə ümid edirik.

Daha sonra "Azərbaycanın intellektual birİncisi" layihəsi haqqında məlumat verilib. Bildirilib ki, gənclərin maarifləndirilməsinə istiqamətlənən və ölkəmizin 11 regionunda 4 intellektual oyun üzrə baş tutan layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkəmizin 70-dən çox rayonundan 1500 gənc iştirak edib. Layihə 2 mərhələdən ibarət olub. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilib. Birinci mərhələdə regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanıb."

Layihənin yekununda “Vətəni tanı” oyunu üzrə Xətai rayonunun, “Axtar tap” oyununun nəticələrinə görə Naxçıvan MR, “Nə, harada, nə zaman?”, “Xəmsə” oyunu üzrə isə Abşeron komandasının gənc intellektualları qalib adını qazanaraq, birincilik əldə ediblər.

Qalib gələn komandalar medallar, şəhadətnamələr və hədiyyələrlə təltif olunublar.


Xəbər xətti