“Orta məktəbi Qızıl medalla başa vuranların birbaşa ali məktəblərə qəbul olunması doğru deyil”

22:17 - 10 Dekabr 2018 - Xəbər

Kamran Əsədov: “140 bal toplayan medallı abituriyentin sinifdə qalmalı, attestat almamalı olduğu halda qızıl medala layiq görülməsi sırf cinayətdir” 

Milli Məclisin (MM) Elm və təhsil komitəsinin dekabrın 4-də keçirilən iclasının gündəliyinə “Ümumi təhsil haqqında” yeni qanun layihəsi daxil edilib. Qanun layihəsi beş fəsil və 33 maddədən ibarətdir. Qanun layihəsinin 13.19-cu maddəsinə əsasən “Təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunurlar. Maraqlıdır, ekspertlər bu qanun layihəsini necə qiymətləndirir?

Mövzu ilə bağlı “Üç nöqtə” qəzetinə açıqlama verən təhsil eksperti Kamran Əsədov ilk növbədə onu qeyd etdi ki, orta təhsilin ən ali mükafatlarını almaq üçün şagird respublika fənn olimpiadalarının yekun mərhələsində, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülməli, eyni zamanda ümumi orta təhsil səviyyəsini 75% əla qiymətlərlə bitirməlidir: “Onun tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75% “əla” olmalı, fənlərdən illik qiymətləri “əla” almalıdır. Şagirdin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar verilir. Pedaqoji Şuranın qərarı ilə həmin şagirdlərin fərdi siyahısı hər il mayın 20-dən gec olmayaraq yerli təhsil idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim edilir. Qızıl medala attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar, attestata yazılan yekun qiymətlərdən ən çox ikisi – “Tədris dili” və “Riyaziyyat” istisna edilməklə, yaxşı olanlar isə gümüş medala layiq görülürlər”. 

K.Əsədov deyir ki, bu prosedurların keçilməsi bir çox hallarda şəffaf olmur. Belə ki, məktəb direktorunun bu məsələyə yaxından müdaxiləsi, şəxsi marağı qaçılmaz olur: “Direktora bu və ya digər formada yaxın olan şəxslər bu adı almaq üçün təqdim olunur, amma istedadlı, bacarıqlı, lakin direktora yaxın olmayan şagirdlər isə bu mükafatlardan kənarda qalır. Hesab edirəm ki, “Ümumi təhsil haqqında” qanun layihəsində danışılıb. Belə ki, qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) qeyd edilib ki, orta təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunma hüququnun verilməsi təhsil şöbələrinə, məktəb direktorlarına yeni rüşvət alma yolu açmış olacaq. Burda şəffaflığın təmin olunması çətin olacaq. Çünki hal hazırda 4500 orta məktəbdə baş verən hadisələrə müvafiq təhsil idarə edən qurumun müdaxiləsi, təsiri yox səviyyəsindədir”.

Təhsil eksperti onu da vurğuladı ki, hal-hazırda ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinə bir neçə qanuni yolla qəbul olub tələbə adını qazanmaq olar: “Birincisi, DİM-in keçirdiyi I-II-III-IV-V ixtisas qruplarından iştirak edib keçid balı toplamaqla, ikincisi, beynəlxalq imtahan – İELTS, SAT, GMAT nəticələri ilə, üçüncüsü, respublika fənn və beynəlxalq olimpiadaların qalibi olmaqla, dördüncüsü, beynəlxalq turnirlərin, yarışların, müsabiqələrin, çempionatların qalibi olmaqla. Siyahıya baxanda qəbulun əlçatanlılığının şahidi oluruq. Yəni ali məktəb qəbul olmaq üçün kifayət qədər yol, üsul var. Nəzərə alsaq ki, qeyd olunanlar kifayət qədər çətin müsabiqələrdir, o zaman buna müsbət baxa bilərik. Amma orta məktəbi Qızıl medalla başa vuranların birbaşa ali məktəblərə qəbul olunması doğru deyil. Bunu qızıl medal alanların ali məktəblərə keçirilən imtahanlarındakı nəticələri də təsdiq edir. Əgər respublika və beynəlxalq olimpiadaların qaliblərinin nəticələrinə baxsaq, daha fərqli mənzərə görərik. Onların qəbul imtahanlarında nəticələri daha yüksəkdir. Amma qızıl medal alanların isə yox. Misal üçün 2012-2013-cü tədris ilində 248 medalçıdan 3 nəfəri (1%) 700 bal, 145 nəfəri (58%) 600-699 bal, 49 nəfəri (20%) 500-599 bal, 22 nəfəri (9%) 400-499 bal, 12 nəfəri (5%) 200-399 bal, 1 nəfəri 140 bal toplayıb. 16 nəfər (6,5%) isə xarici ölkələrin (ABŞ, Türkiyə və Niderland) nüfuzlu ali məktəblərinin tələbəsi adına layiq görülüb. Göründüyü kimi, 248 medalçıdan yalnız 3 nəfəri - 700 bal toplayanlar qızıl medala tam layiqdir. 685-700 arası bal yığanları da qızıl medala layiq saymaq olar, çünki ola bilər, 1 və ya 2 suala mexaniki səhv üzündən dürüst cavab verməyiblər. Ancaq 600-dən aşağı bal toplayanlara heç vəchlə qızıl medal vermək olmazdı. Onlara heç gümüş medal da düşmür. 650-700 bal toplayan yüzlərlə abituriyent var ki, onların attestatında aşağı qiymətlər də var. 200-300 bal toplayan “qızıl medal”lılar isə açıq-aşkar həmin medalı korrupsiya yolu ilə əldə ediblər. 140 bal toplayan medallı abituriyentin sinifdə qalmalı, attestat almamalı olduğu halda qızıl medala layiq görülməsi sırf cinayətdir.

K.Əsədov onu da nəzərə çatdırdı ki, 2012-2016-cı illərdə qızıl və gümüş medal alan şagirdlərin sayına diqqət etsək, azalma olduğunu müşahidə edərik: “Belə ki, 2014-2015-ci tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlərdən 131 nəfəri qızıl, 21 nəfəri gümüş medalla, 2013-2014-cü dərs ilinin yekununda 176 nəfər qızıl, 25 nəfər gümüş medalla təltif olunub. Qızıl və gümüş medalla təltif olunmağa görə rekord göstərici 2012-2013-cü tədris ilində olub. Belə ki, həmin dərs ilində orta məktəbin 11-ci sinfini 238 şagird qızıl, 10 şagird isə gümüş medala bitirib. Ondan əvvəlki il isə medal alanların sayı az olub. 2011-2012-ci tədris ilində 138 nəfər orta məktəbi xüsusi nailiyyətlərlə başa vurub. Onların 118-i qızıl, 20-si gümüş medal alıb. Ən az rəqəm isə 2011-ci ildə olub. Həmin il Azərbaycanda şagirdlərdən 37-si qızıl, 16-sı gümüş medala layiq görülüb. Beləliklə, indiyə kimi ümumilikdə 960 şagird orta məktəbi medalla başa vurub. Onlardan 839-u qızıl, 121-i isə gümüş medal alıb. 2018-ci ildə, 185 məzun qızıl, 38 məzun isə gümüş medala layiq görülüb. Təəssüf ki, bu qədər qızıl medal alanlar arasında kifayət qədər aşağı bal toplayanlar var. Bu onu göstərir ki, qızıl medalların verilməsi zamanı ciddi qanun pozuntuları, neqativ hallar var”.

Təhsil ekspertinin sözlərinə görə, əlbəttə ki, 2013-cü ildə qəbul edilmiş Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına görə təhsilin əhatə dairəsi genişlənməlidir, əlçatanlılıq təmin olunmalıdır: “Həqiqətən də Azərbaycanda ali təhsilli əhalinin sayının az olduğuna görə bu vacibdir. Hal-hazırda ölkə vətəndaşlarımızın yalnız 17 faizi ali təhsillidir. Amma bu o demək deyil ki, biz bütün üsulları tətbiq etməklə insanları ali təhsilə cəlb etməliyik. Bu zaman keyfiyyət ciddi şəkildə aşağı düşəcək”. 

K.Əsədov deyir ki, amma təklif olunan bu yenilik “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na və Təhsil haqqında Azərbaycan respublikasının qanununun 26-cı maddəsinə - ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydalarına ziddir: “Nəzərə alsaq ki, bu dəyişiklik qısa müddət əvvəl edilib, deməli qanuna yenidən dəyişiklik etməyə ehtiyac yoxdur”.
Ekspert hesab edir ki, bu dəyişikliklər bir neçə ildən sonra ali məktəblərə qəbul imtahanlarının ləğv edilməsinə, abituriyentlərin ali məktəblərə qəbulunun universitetlərə verilməsinə gətirib çıxaracaq. 

Son 2 ildə həyata keçirilən islahatlar, qəbul edilmiş qanun layihələri əslində Dövlət İmtahan Mərkəzinin (TQDK) fəaliyyətini dayandırmağa yönəlib: “DİM 26 ildir ki, ölkədə ədalətli, şəffaf imtahan təşkil edir. Düşünürəm ki, bu şəffaflıq və obyektivlik yavaş-yavaş aradan qaldırılacaq”. 
Qızıl medallı məzunlarla bağlı güzəşt ləğv olundu - Onlar da qəbul imtahanları verəcəklər 

Bu arada məlum olub ki, Azərbaycanda məktəbi qızıl medalla bitirən şagirdlərin universitetə yalnız bir imtahan verərək qəbul olunması ilə bağlı təklif yeni hazırlanan "Ümumi təhsil haqqında" qanun layihəsindən çıxarılıb. Buna səbəb müzakirələr zamanı ekspertlərin təklifə müsbət rəy verməməsi olub. Qanun layihəsinin 13-cü (ümumi təhsilin təşkili) maddəsinin 18-ci bəndinə əsasən, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qızıl və ya gümüş medalla təltif olunurlar. Bu, "Təhsil haqqında" qanunda da əksini tapıb.Yenilik 9-cu bəndlə bağlı idi: "Təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunurlar". Bu bənd (güzəşt) qanun layihəsindən çıxarılıb.

Könül Oruc 

Xəbər xətti