“Orta məktəblərdə çalışan psixoloqların özünə psixoloq lazımdır”

19:58 - 10 Dekabr 2018 - Cəmiyyət

Kamran Əsədov: “Ümumilikdə orta məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxş deyil”
Lalə Mehralı: “Məktəb psixoloqu məktəbdə ştatı olub, amma özü olmayan bir vəzifədir” 


Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bir neçə gün əvvəl keçirilən iclasının gündəliyinə daxil edilən yeni “Ümumi təhsil haqqında” qanun layihəsinin  12.23-cü maddəsinə əsasən, ümumtəhsil müəssisələrində psixoloji xidmət təşkil olunur. Maraqlıdır, bu gün məktəblərimizdə psixoloqlar yetərincə doğru, düzgün fəaliyyət göstərə bilirlərmi? Məktəb psixologiyasında hansı çatışmazlıqlar var? 

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, orta məktəblərdə hər şeyi psixoloqdan gözləmək düzgün deyil. Ümumiyyətlə  təhsil sahəsində olan problemlərə nəzər salsaq, onlardan biri, bəlkə də ən aktual olanı orta məktəblərdə psixoloji xidmətin zəifliyidir: “Son illər bununla bağlı bir çox tədbirlər görülür. Görülən bu tədbirlər nəticəsində, artıq orta məktəblərdə bu sahənin adı var, bircə qalır doğru-dürüst fəaliyyəti. Təəssüf ki, orta məktəblərdə direktor və psixoloq bu sahəyə hələ də dırnaqarası yanaşır.  Araşdırmalarıma görə, orta məktəbdə psixoloji xidmətin zəif olması bir çox səbəblə bağlıdır. Birincisi, bu sahə yenidir. Yəni orta məktəbdə psixoloq ştatı hələ tam oturuşmayıb və cəmiyyət tam şəkildə maariflənməyib. Valideyn hələ tam fərqinə vara bilmir ki, psixoloqun orta məktəbdə işi nədən ibarətdir. Ona görə də, düşünürəm ki, maariflənmə işi daha da geniş formada aparılmalıdır”. 

K.Əsədovun sözlərinə görə, psixoloq ştatı var, ancaq psixoloqların psixoloji işi aparması üçün şəraitləri yoxdur: “Çünki heç kimə sirr deyil ki, bəzi orta məktəbdə psixoloqlar konkret əvəzçiliklə dərs deyir və belə desək, öz işləri ilə yanaşı başqa işləri də yerinə yetirirlər. Bir də psixoloqun ştat vahidinin müəyyən olunması məsələsi var. Düşünürəm ki, ştat vahidi qaldırılmalıdır. Orta məktəbdə çalışan psixoloqun aldığı əmək haqqı da, digər müəllimlərin aldığı məvacibə, müəyyən qədər bərabər tutulmalıdır. Fikrimcə, bu işlərin həll olunması və orta məktəbdə çalışan psixoloqların təlimləri, treninqləri mütəmadi olaraq keçirməsi vacibdir. Çünki orda, uşaqlarla yanaşı yeniyetmələr də var. Və onların da içərisində elə uşaqlar var ki, konkret olaraq psixoloji rahatsızlıqları ilə yanaşı, həm davranış, ünsiyyət problemləri var. Məktəblərdə çətin tərbiyə olunan uşaqların olduğunu unutmaq olmaz. Orta məktəb psixoloqları hansı formada işləmək lazım olduğunu bilməlidir və bu haqda bilgilənməlidirlər. Düşünürəm ki, bunların hamısı nəzərə alınmalıdır”.

Xoşagəlməz faktları qeyd edən ekspert onu da vurğuladı ki, son vaxtlar baş verən intiharların çoxunu orta məktəb şagirdləri təşkil edir.  “Orta məktəb psixoloqu işini düzgün qura bilmir. Amma ən çox məsuliyyət valideynlərin üzərinə düşür. Valideyn uşağı ilə ünsiyyət və tərbiyə prosesini düzgün qurmaqda çətinlik çəkir, ailədaxili münasibətlərdə konflikt var və yeniyetmənin özünün fərdi daxili psixoloji problemi mövcuddur ki, valideyn onu vaxtında təyin edə bilmir. Uşaq əgər gündə dörd saat məktəbdə olursa, digər vaxtları evdə olur. Bu sırf psixoloqla bağlı bir məqam deyil. Düşünürəm ki, burda valideynlərin məsuliyyətini bir az da qabartmaq lazımdır. Və hər şeyi də psixoloqdan gözləmək düzgün deyil. Yenə də qeyd edirəm ki, psixoloq sahəsi yenidir və orta məktəbdə çalışan psixoloqların bəziləri ixtisas dəyişəndən sonra bu sahədə fəaliyyət göstərir. Psixoloji xidməti yerinə yetirməsində biz onlara vaxt verməliyik. Onların təkmilləşdirilməsi istiqamətində əlimizdən gələni etməliyik”.

Həmsöhbətim deyir ki, son illərdə Təhsil Nazirliyi tərəfindən orta məktəb psixoloqlarına xüsusi  qayğı göstərilir: “Təlimlər keçirilir, indi də davam etdirilir. Məsələ burasındadır ki, ştat vahidinin verilməsi bir az zaman alan bir məsələdir. Düşünürəm ki, bunu tezliklə həyata keçirərcəklər. Çünki, eyni bir proses səhiyyədə də baş verir. Klinik psixoloqlar səhiyyə tibb müəssisələrində çalışırlar. İndi məsələ qoyulur ki, onlar da həkimlər qədər əmək haqqı alsınlar. Eləcə də orta məktəbdə, onların ştat vahidi, səhv etmirəmsə, həftəlik 12 saat götürürlər və düşünürəm ki, bunu artırmaq olar. Yenə də deyirəm, psixoloqlar üçün məktəbdə şərait yaratmaq lazımdır və bunun müqabilində o da işini yaxşı bilməlidir ki, uşaqlarla normal ünsiyyətdə ola bilsinlər. Konkret olaraq psixoloqun öz otağı olmalıdır ki, testlər edilə bilsin, fərdi söhbətlərlə yanaşı, yeri gəlsə ailələrlə ilə də söhbətlər edə bilsin”.

Ekspert təəssüf hissi ilə qeyd etdi ki,  bizim insanlarda hələ psixoloqa ödəniş etmək yanaşması tam formalaşmayıb: “İnsanlar bir saat konsert üçün biletə  50-100 manat verir, lakin psixoloqa bir saat üçün 23-30 manat vermək istəmirlər. Psixoloq istər uşağın, istər ailənin, istər də yeniyetmənin problemini həll edir. Amma onun xidmətinə görə ödənilən 25, maksimum 30 manata çoxdu deyirlər. Biz cəmiyyət olaraq məktəbdə psixoloqu qəbul etmirik və çox pis baxırıq. Övladlarımızın təkcə fiziki inkişafı üçün deyil, həmdə daha çox psixoloji cəhətdən inkişafı üçün işlər görməliyik.

Ümumilikdə orta məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxş deyil. Hesab edirəm ki, orta məktəblərdə çalışan psixoloqların özünə psixoloq lazımdır”. 

Sağlam cəmiyyət İB-nin sədri, jurnalist-sosioloq Lalə Mehralı qeyd etdi ki, məktəb psixoloqu kimi məktəbdə ştat var, amma özü olmayan bir vəzifədir: “Məktəb psixoloqu ilə tanış olmaq şərəfi hələ bizə müyəssər olmayıb. Övladlarımın əvvəl oxuduğu məktəbdə psixoloqun heç bir fəaliyyətini və fəaliyyətsizliyini görməmişik. Ümumiyyətlə, onun mövcudluğu barədə heç kimdə məlumat yoxdur. Bir dəfə övladımın sinfində bir uşaq sinif yoldaşları ilə yola getmirdi, onları incidirdi. Açıq-aşkar görünürdü ki, çətin tərbiyə olunan uşaqdır, psixoloji problemləri var. Biz də həmin məktəbin psixoloqunu çağırdıq ki, bu məsələ ilə bağlı şagirdlə söhbət etsin.Psixoloq gəlib uşaqdan yalnız adını və soyadını soruşdu. Şagirdlə qısa söhbətdən sonra valideynlərə və direktora dedi ki, uşağın heç bir psixoloji problemi yoxdur. Düzdür, biz psixoloq deyilik, amma sosial həyatın içindəyik. Hamımız bilirik ki, bir insanın psixoloji probleminin olduğunu öyrənmək üçün ad və soyad yetərli deyil. Uşağın psixoloji probleminin olub-olmadığını yoxlamaq üçün ona fərqli suallar verməli, xüsusi metodlardan istifadə edilməli, həmçinin psixoloqun özünün müşahidələri olmalıdır. Ruhi xəstəxanada yatan hər hansı bir insandan da ad-soyadını soruşsaq cavab verəcək. Mənim fikrimcə, bununla insanın psixoloji vəziyyətini müəyyən etmək doğru deyil”. 

Məktəblərdəki psixoloqların fəaliyyətinin demək olar ki, görünmədiyini vurğulayan L.Mehralı deyir ki, məktəb psixoloqları ən azı rübdə, yarım illikdə bir dəfə valideynlərlə görüşüb müzakirələr aparmalıdır.: “Uşaqların məktəb davranışı, valideyn tərbiyəsi və ümumiyyətlə uşaq-valideyn münasibətləri barədə söhbətlər aparılmalıdır. Məktəb psixoloqu məktəbdə bunun üçün var. Əgər bütün bunları yerinə yetirmirsə psixoloqun məktəbdə mövcudluğunun kimə nə xeyri var”. 

Könül Oruc 

Xəbər xətti