Parisdə etiraz aksiyaları zamanı 1500-dən çox saxlanılan var

12:44 - 9 Dekabr 2018 - DÜNYA

Fransanın paytaxtı Parisdə etiraz aksiyaları zamanı saxlanılanların sayı 1550-ni keçib. Trend-in məlumatına görə, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib. Nazir deyib: "Saxlanılanların sayı Paris üçün bir rekord oldu və 1550-ni keçdi. Hələ heç vaxt Parisdə bu qədər insan hüquq-mühafizəorqanları tərəfindən saxlanılmayıb". Xatırladaq ki, ötən gün Fransada yanacaq vergisinin artırılmasına qarşı ölkə üzrə keçirilən etiraz aksiyalarında ümumilikdə 125 min nəfərin iştirak edib. Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb. Fransa DİN-in məlumatına əsasən, dekabrın 1-i etiraz aksiyalarında 287 min insan iştirak edib. İzer departamentində aksiyalar zamanı 1 nəfər ölüb. Ölkə ərazisində aksiyalar zamanı 500-dən artıq insan xəsarət alıb. Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır. "Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb.

Xəbər xətti