“Kitabdan qazandığım pulu yenə kitaba xərcləyirdim”

22:43 - 7 Dekabr 2018 - Müsahibə

Nəsiman Yaqublu: “ Kitabxanaya səhər girib axşam çıxırdıq”

“Kəndimizin çox gözəl adətləri var idi. O vaxtı kəndimizdə televizor yox idi, amma insanların çox maraqlı yaşam tərzi var idi. Kənd camaatı hər gecə birinin evinə yığışırdılar, gecə saat ikiyə, üçə qədər söhbət edirdilər, nağıl danışırdılar. Ortalığa qoz, fındıq, meyvə qoyurdular, yeyə-yeyə danışırdılar. Qoca nənəm məni də özü ilə aparırdı, o söhbətləri eşidirdim. İndi baxıram ki, artıq insanlar arasında o səmimiyyət, o ünsiyyət, o mehribanlıq yoxdur. İnsanlar arasındakı o səmimiyyət sanki bir nağıla çevrildi”. Müsahibimiz çox gözəl, mehriban və səmimi bir mühitdə böyüdüyünü deyir. Bildirir ki, belə bir mühitdə böyüməsi onun həyatında çox böyük rola malik olub.

Müsahibimiz “Üç nöqtə” qəzetinin qonağı tarixçi-alim, tanınmış araşdırmaçı Nəsiman Yaqubludur.

“Doqquzuncu sinifdə oxuyandan rayonumuzun tarixini araşdırmağa başladım”

Müsahibimizin sözlərinə görə, onun doğulub boya-başa çatdığı kənd çox gözəl təbiətə malik olub, Zəngilan rayonunun Zəngilan kəndi: “Kəndimizin qarşı tərəfində İrandakı Savalan dağı silsiləsindən olan Binə dağları, arxa tərəfdə isə Zəngəzurun Qafan rayonun ərazisində yerləşən Xustup dağı görünürdü. Yayın istisində də həmin dağın zirvəsində qar olurdu. Rayonumuz balaca olsa da, ərazisindən dörd çay, Həkəri, Bəsit, Oxçu və Araz çayı axırdı. Araz çayı kəndimizin qarşısından axırdı, Oxçu çayı isə yuxarı tərəfdən mənbəyini götürürdü. Bir tərəfi Aran, digər tərəfi isə dağ bölgəsi idi. Deyilənə görə, ərazisində Avropada birinci, dünyada isə ikinci olan böyük Çinar meşəsi var idi. 80 kilometrə qədər uzunluğu 3 kilometrə qədər təxminən eni olan meşə olub. Uşaqlıq illərimiz belə maraqlı bir yerdə keçib. Doqquzuncu sinifdə oxuyandan rayonumuzun tarixini araşdırmağa başladım. Bölgəmizin hardan qaynaqlandığı mənim üçün maraqlı idi. Maraqlı sənədlər əldə etdim. Daha sonra bir neçə maddi-mədəniyyət abidələri aşkar etdim. Məlum oldu ki, Babək hərəkatı bu bölgələrdə olub. Çünki bizim kənddən baxanda uzaqdan dumanların içindən qala görünürdü. Daha sonralar bildik ki, bu əslində Bəzz qalası imiş, əvvəllər bunu bilmirdik. Yavaş-yavaş maraqlandıqca gördüm ki, burada Babək hərəkatının izləri var.  Xurama adlı kənd var idi, daha sonra öyrəndim ki, bu Xürrəmilər kəndi olub. O hərəkatdan qalma kənddir. Ağ Oyuq deyilən yerdə böyük bir daş vardı. Yerli əhali buna Koroğlu daşı deyirdi. Amma sonradan öyrəndik ki, bu daş Koroğlu daşı deyil, Babək hərəkatından qalma daşdır. Daşın içində şamdan yeri var idi. Şamı yandırırdılar, Arazın o tayında olan qoşun hissələrinə xəbərdarlıq edilirdi. Eyni zamanda həmin daşdan Araz çayının o tərəfində də var idi. Çox maraqlı yerlər var idi”.

“Bir dəfə Qaçaq Nəbi Həcəri qohumumuzun evində gizlədibmiş”

N.Yaqublu deyir ki, ailədə iki uşaq olublar, amma onu qoca nənəsi saxlayıb. Nənəsindən qədimdə olan nağılları, rəvayətləri eşidib: “Qaçaq Nəbi ilə bağlı söhbətlər eşitmişəm. Qaçaq Nəbi bizim rayondan bir qədər uzaqda olan Qubadlı rayonunun Mollu kəndində doğulub böyüyüb. Mən uşaq olanda Qaçaq Nəbi ilə bağlı camaat arasında çoxlu söz-söhbət yayılırdı. Deyilənə görə, Qaçaq Nəbi uzaq bir qohumumuza çox inanırmış, Həcəri onların evlərində qoyub gedirmiş. Həcəri jandarmalar axtaranda onların evində gizlədibmiş, bundan sonra Qaçaq Nəbi həmin adama qızıl samovar bağışlayıb. Mən o samovarı görməmişdim, amma qohumlarımız deyirdi ki, həmin samovarı görüblər. Bəylər adlı başqa qohumumuz isə deyirdi ki, Qaçaq Nəbini görüb, hətta gəlib onlarda yemək də yeyib.

Cəlil Məmmədquluzadə haqqında eşitmişəm, o da bizim kəndimizə gəlirmiş. Mənim üçün Babək, Qaçaq Nəbi, Cəlil Məmmədquluzadə haqqında eşitmək çox maraqlı idi, həmişə bu barədə eşitdiyim bütün söhbətləri toplayırdım. Lakin kəndimizdə din zəif olub, sonradan bir az gücləndi. Mənim fikrimcə, bu bəlkə də orda Babək hərəkatının güclü olması ilə bağlı olub. Orta məktəbi qurtarandan sonra Qubadlıya getdik, Qaçaq Nəbinin olduğu yerlərdən çoxlu şəkillər çəkdim. Onun anasının yun əyirən cəhrəsini, boz atının bağlandığı yerin fotosunu çəkdim. Daha sonra Həcərin qəbrini ziyarət etdim”. 

“Kənd camaatı hər gecə birinin evinə yığışır, gecə yarısına qədər söhbət edirdilər”

Çox mehriban, səmimi münasibəti olan insanların içində, bir mühitdə böyüdüyünü nəzərə çatdıran həmsöhbətimiz deyir ki, o, uşaq olanda kəndlərində yaşlı kişilər çox imiş, 110, 120 yaşlı qocalar var idi: “Amma tədricən o insanlar getdilər. O yaşda insanların sonuncu nəslini gördüm. Kəndimizin çox gözəl adətləri var idi. O vaxtı televizor yox idi, hardasa 1973-1974-cü ildə gəlib çıxdı. Amma insanların çox maraqlı yaşam tərzi, həyatı var idi. Kənd camaatı hər gecə birinin evinə yığışırdılar, gecə saat ikiyə, üçə qədər söhbət edirdilər, nağıl danışırdılar. Ortalığa qoz, fındıq, meyvə qoyurdular, yeyə-yeyə danışırdılar. Qoca nənəm məni də özü ilə aparırdı, o söhbətləri eşidirdim. İndi baxıram ki, artıq insanlar arasında o səmimiyyət, o ünsiyyət, o mehribanlıq yoxdur. İnsanlar arasındakı o səmimiyyət sanki bir nağıla çevrildi. Televizor çıxandan sonra insanlar arasında münasibətlər yoxa çıxdı. Kəndimizdə yaşlı bir kişi vardı, o qədər maraqlı nağıl danışırdı ki, onun yanından ayrılmaq istəmirdik. Nağılın gözəlliyi öz yerində, o da çox gözəl danışırdı. İmprovizasiya edirdi, aktyor kimi gülürdü, qışqırırdı, ağlayırdı. Onun danışdığı nağılları mən başqa heç yerdə oxumamışam. Saatlarla onu dinləyirdik, yorulmurduq. Amma indi bir adama 10 dəqiqə qulaq asıb yoruluruq, çünki pis və savadsız, maraqsız danışır. Sonra həmin nağılların bəzilərini yazdım, yığıb folklorşünaslara verdim”.

“Kitabxanaya səhər girib axşam çıxırdıq” 

N.Yaqublu orta məktəbi bitirəndən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində üç il oxuyub, daha sonra isə təhsilini Sankt-Peterburq universitetində davam etdirib və üç ildə orda təhsil alıb: “O vaxtı Rusiyada oxumağa hamımız maraq göstərirdik, çünki inkişaf etmiş ölkə idi. İkinci tərəfdən də rus dilini öyrənmək istəyirdik, çünki rus dilini bilməyəndə insanları irəli çəkmirdilər, perspektivli olmurdu. Buna görə də ora gedib oxumaq istəyirdik. Hər il bizim tələbələrdən Moskvada 3 nəfərə yer verirdilər. Biz gedən il Moskva etiraz etdi, lakin Sankt-Peterburq razılıq verdi və dostumla birlikdə oxumağa getdik. Mənim həyatımda çox böyük və inqilabi bir mühit oldu. Sankt-Peterburq şəhərinin özü inqilabçı olub, bu da şəhər əhalisində hiss olunurdu. Tələbəlik zamanı yataqxanadakı qaydaya görə, bir otaqda üç nəfər qalırdı, onlardan biri sovet, iki nəfəri isə xarici tələbə olmalı idi. Hamımız bir yerdə çörək yeyirdik, kitabxanaya  gedirdik.  Oxumağa ciddi yanaşırdıq, kitabxanaya səhər girib axşam çıxırdıq. Bizim qrupda dünyanın 30-a yaxın ölkəsindən tələbə oxuyub. Yataqxanada hər kəs öz mədəniyyətini yaşadırdı, hər millət öz bayramını qeyd edirdi. Bu məni çox inkişaf etdirdi, dünyagörüşümü artırdı. Bakıya nisbətən orda təhsildə azadlıq idi. Ordakı müəllimlər daha azad düşüncəli idilər, lakin bizdə mühafizəkarlıq, aqressiya elementləri çox idi”.

“Birinci kursda 60-100 manat pul qazanırdım”

Birinci kursdan pul qazanmağa başladığını vurğulayan N.Yaqublu deyir ki, kəndlərindəki adamlarda maraqlı bayatılar, rəvayətlər, söhbətlər vardı: “Keçmiş ANS televiziyasının direktoru Mirşahinlə birlikdə gedib onları toplayırdıq. O, öz kəndlərindən, mən də öz kəndimizdən hazırlayırdım. O vaxtı radioda “Bulaq” verilişi vardı, həmin verilişlə əməkdaşlıq edirdim, həmin bayatıları səsləndirib qonorar alırdım. Həmin vaxtı 60-100 manat pul qazanırdım. Yaşlı nəslin savadı çox olmasa da, yaddaşlı, dünyagörüşlü idilər. Xeyirdə-şərdə hamı bir-birinin yanında olurdu. Yadımdadır, mən uşaq olanda kəndimizdə bir nəfər ev tikdirirdi. Hamı gedib o tikintiyə kömək etməyi özünə borc bilirdi. Növbə ilə kənd camaatı gedib kömək edirdi. Yaxud yemək bişirib ustanın günorta yeməyini göndərirdi. İnsanlarda qəribə bir mehribançılıq, sevgi var idi”.

“İnsanın göz görə-görə ölümə getməsi axmaqlıqdır”

Həmsöhbətimiz qeyd etdi ki, o vaxtı universiteti bitirənlər hərbi xidmətə getmirdi: “Oxuyanda hərbi dərslər keçmişik, mənə leytenant rütbəsi verdilər. Müharibə başlayan vaxtı namizədlik məsələm müzakirə olunurdu. Əbülfəz Elçibəy demişdi ki, mənim Məmməd Əmin Rəsulzadə haqqında kitabıma “Fəxri doktor” adı verilsin. Bu məsələlər müzakirə olunan zaman hər şeyi atıb könüllü şəkildə orduya getdim, 6 ay orda oldum. Ona görə də müdafiəm qaldı. Bundan düz 10 il sonra, 2001-ci ildə müdafiə etdim. Könüllü şəkildə orduya gedəndən sonra orda “Azərbaycan ordusu” qəzetini yaratdım, baş redaktoru oldum, döyüş yerlərindən reportajlar yazırdıq, əsgərləri ruhlandırırdıq. Bundan sonra Gəncə hadisələri baş verdi. Rəhim Qazıyev, Sürət Hüseynovun çirkin əməlləri haqqında qəzetdə xeyli yazılar yazmışdım. Hadisələr vaxtı mənə xəbər çatdırdılar ki, ehtiyatlı ol, səni öldürə bilərlər. Hətta bir neçə dəfə redaksiyaya gəlib məni soruşmuşdular. Bütün işçilər Gəncəyə getdi, lakin mən getmədim. İnsanın göz görə-görə ölümə getməsi axmaqlıqdır axı. İki həftədən sonra əmr verib işdən çıxardılar. BDU-da Beynəlxalq əlaqələr və Beynəlxalq hüquq fakültəsi açılmışdı və onun da tərkibində beynəlxalq jurnalistika bölməsi yaradılmışdı. Dostum orda dekan müavini idi, məni universitetə dəvət etdi. 1993-cü ildən burda işləyirəm”.

“Kitabdan qazandığım pulu yenə kitaba xərcləyirdim”

Stalinizmin azərbaycanlı qurbanları haqqında “Ağrılı ömürlər” adlı ilk kitabı yazdığını bildirən müsahibimiz deyir ki, bu haqda kitabı ondan sonra Ziya Bünyadov yazıb: “Bu kitabdan sonra Məmməd Əmin Rəsulzadə haqqında da ilk kitabı mən yazdım. Rəhmətlik Z.Bünyadov həmişə mənə deyirdi ki, sən həmişə bizdən qabağa düşürsən. Dedim ona görə ki, Rusiyada oxuyub gələndə mən inqilabçı fikirlə gəlmişdim. Cəsarətli gəlmişdim, burda alimlərimizin çoxu yazmağa qorxurdular. Xocalı hadisələri baş verəndə də bu haqda ilk kitabı mən yazmışdım. Bu kitabı Quranın ayələrindən istifadə edərək yazmışam. Onu da deyim ki, yazdığım kitablardan yaxşı pul qazanırdım. Kitabdan qazandığım pulu yenə kitaba xərcləyirdim. İşlərimin yaxşı getdiyi vaxtda sovet hökuməti dağıldı, kitaba pul vermədilər (gülür)”.

Könül Oruc 


Xəbər xətti