Konstitusiya Məhkəməsinin qərarları qətidir, ləğv edilə, dəyişdirilə bilməz

18:10 - 7 Dekabr 2018 - KİVDF

Konstitusiya Məhkəməsi kifayət qədər geniş səlahiyyətlər dairəsinə malik müasir konstitusiya nəzarəti orqanıdır

Hüquqi islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirləri özündə ehtiva edir. "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında" qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaradır, konstitusiya nəzarəti ideyası qəbul edilir. Konstitusiyada bəyan edilmiş məhkəmə hakimiyyətinin müstəqilliyi "Məhkəmələr və hakimlər haqqında" 1997-ci il Qanununda inkişaf etdirilərək öz real təminatını tapır və məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsinə hüquqi zəmin yaradır.
Qanun yeni məhkəmə sistemini, onun təşkilati əsaslarını müəyyən edərək, məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın verilməsinə, məhkəmələrin fəaliyyətinin və hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlir, köhnə hüquq sistemindən miras qalmış korporativ münasibətləri aradan qaldırır.

Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr-Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqandır. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil.
Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Məhkəmə Konstitusiyanın və qanunların ona verdiyi səlahiyyətlər çərçivəsində qəbul etdiyi qərarlarla bu məqsədləri həyata keçirir və ölkəmizin milli hüquq sisteminin inkişafına öz töhfəsini verir. Fəaliyyətə başladığı dövrdən Konstitusiya Məhkəməsi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıb, insan hüquqlarının və azadlıqlarının daha səmərəli həyata keçirilməsinə imkan verən qərarları ilə qısa müddətdə ictimaiyyətin etimadını qazanıb. 

Qeyd edək ki, Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. Onun fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (ümumxalq referendumu nəticəsində dəyişikliklər edilib), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü ildə qəbul olunmuş Azərbaycan Respublikasının “Konstitusiya Məhkəməsi haqqında” Qanun, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir.
Bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hər bir hüquqi dövlətdə olduğu kimi, kifayət qədər geniş səlahiyyətlər dairəsinə malik müasir konstitusiya nəzarəti orqanıdır. Konstitusiyanin 130-cu maddəsinə görə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu, Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, bələdiyyə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına), Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Azərbaycan Respublikasının hökumətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının və Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Naxçıvan Muxtar Respublikası qanunlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası qanunlarına uyğunluğu; Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğunluğu məsələsini həll edir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi tərəfindən həyata keçirilən konstitusiya nəzarətinin yurisdiksiyasına normativ hüquqi aktların geniş spektri daxildir. Bu isə bütün qanunvericilik sisteminə konstitusiya nəzarətinin həyata keçirilməsi, Konstitusiya və qanunların normalarının şərhi vasitəsilə hüququn inkişafı və hüquq tətbiqetmə təcrübəsinin istiqamətləndirilməsi baxımından olduqca əhəmiyyətli funksiyaların reallaşdırılması deməkdir. 

Fəaliyyət göstərdiyi illər ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlarda Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılıb. Qüvvədə olan qanunvericilik aktı, icra orqanlarının normativ aktları, bələdiyyə və ya məhkəmə qərarları insan hüquq və azadlıqlarını pozduqda İnsan Hüquqları üzrə Müvəkkil qanunvericilikdə nəzərdə tutulmuş proseduraya müvafiq olaraq Konstitusiya Məhkəməsinə sorğu verə bilər. Konstitusiya Məhkəməsi işlərə Plenumun iclaslarında baxır. Konstitusiya Məhkəməsinin qərarları qətidir, ləğv edilə, dəyişdirilə və rəsmi təfsir oluna bilməz.

Konstitusiya Məhkəməsinin Plenumu bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icrasına nəzarət etmək vəzifəsini müəyyənləşdirir. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyət yaradır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq, icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpasında xüsusi önəm daşıyır. 

 

Xəbər xətti