“Məndə olan güc heç bir kişidə yoxdur”

22:03 - 6 Dekabr 2018 - Müsahibə

Natavan Gümet: ““Təhminə və Zaur” serialına dəvət alanda həyat yoldaşım pis qarşılamadı” 

İlk dəfə “Dəfnə ağacı” serialında Dəniz obrazını canlandırmışdı, elə bu obrazla tamaşaçılarının qəlbinə yol tapdı, insanların sevimlisinə çevrildi. Lakin “Təhminə və Zaur” serialı böyük səs-küyə səbəb oldu. Deyir ki, insanların bu cür reaksiya verməsinə səbəb isə serialda açıq-saçıq səhnələrin olması ilə bağlı idi: “Xarici filmlərdə, seriallarda açıq səhnələr də olur, öpüşmə səhnələri də. Amma izləyicilərimiz xaricilərin çəkdiyi o səhnələrə, onların film və seriallarına rahat şəkildə baxır və normal qarşılayırlar. Bizim serial və filmlərimizdə isə qətiyyən müsbət qarşılamırlar, xoşagəlməyən sözlər deyirlər. Səbəb isə yenə də üzdə olan mentalitetdir. Niyə üzdə olan mentalitet deyirəm, çünki xaricilərdə həmin şeyi qəbul edirlər, bizdə yox”.

Müsahibim “Üç nöqtə” qəzetinin qonağı “Təhminə və Zaur” serialında Təhminə obrazını canlandıran aktrisa Natavan Gümetdir.   

- İlk öncə “Təhminə və Zaur”  serialından başlayaq. Serial böyük səs-küyə səbəb oldu. Sizcə insanların bu cür reaksiya verməsinə səbəb nə idi?
- Bəli, mənim fikrimcə, filmdəki açıq-saçıq səhnələrə görə insanlar bu reaksiyanı verdi. Çünki hər kəs o səhnələrin olub-olmayacağı ilə maraqlanırdı və gözləyirdi.

- Xarici seriallarda da bu cür səhnələr olur, baxırlar. Amma deyəsən özümüzdə qəbul etmirlər. Bu barədə nə deyə bilərsiniz?
- Bəli olur. Xarici filmlərdə, seriallarda açıq səhnələr də olur, öpüşmə səhnələri də. Amma bizim izləyicilərimiz xaricilərin çəkdiyi o səhnələrə, onların film və seriallarına rahat şəkildə baxır və normal qarşılayırlar. Bizim serial və filmlərimizdə isə qətiyyən müsbət qarşılamırlar, xoşagəlməyən sözlər deyirlər. Səbəb isə yenə də üzdə olan mentalitetdir. Niyə üzdə olan mentalitet deyirəm, çünki xaricilərdə həmin şeyi qəbul edirlər, bizdə yox.

- Bəs “Təhminə və Zaur” serialına dəvət almağınız necə oldu?
- Seriala İstanbulda olarkən dəvət aldım, mənə ilk olaraq başqa obraz təklif edilmişdi. Dəvət alandan sonra Azərbaycana gəldim, görüşmələr oldu. Rejissorla görüşəndən sonra dedi ki, Təhminə rolunda Natavan xanım çəkiləcək. Heç tərəddüd etmədən, sevə-sevə qəbul elədim. Açıq-saçıq səhnələr məni qorxutmadı. Düzdür, ailəliyəm, ona görə sərhədlərim var. Ailəli olmasam, sərhəd olmazdı.

- Zaur obrazını canlandıran Cövdət Şükürovla bundan əvvəl “Dəfnə ağacı” serialında da birlikdə çəkilmişdiniz. İndi isə “Təhminə və Zaur”da. Sizcə hansı cütlük daha çox sevilir? 
- Bəli, elədir.  “Dəfnə ağacı” serialı çox sevilən serial idi. Amma Cövdətlə ordakı sevgi xəttimiz təəssüflər olsun ki, yarımçıq qaldı deyə sevgini tam qazana bilmədik. Onu da deyim ki, o serialda tamaşaçılar tərəfindən daha çox sevilirdik. Amma “Təhminə və Zaur”da da az sevilmirik.

- “Təhminə və Zaur”da həmin  sevgini tam qazandınız?
- “Təhminə və Zaur” serialında və Zaurda sevgi xettimiz yarımçıq qalmadığı üçün o sevgini qazandıq deyə düşünürəm.

- Əvvəlki Təhminə ilə müasir dövrün Təhminəsi arasında hansı fərqlər var?
- Əvvəlki dövrün Təhminəsi ilə müasir dövrün Təhminəsi arasında olduqca çox böyük fərqlər var. İstər səhnələrdə, istərsə də hadisələrdə hadisələrin gedişatı fərqlidir. Misal üçün, müasir “Təhminə və Zaur”da açıq-saçıq səhnələr yoxdur.

- Bəs, Təhminə obrazını ilə Natavanın hansı oxşar və fərqli cəhətləri var? 
- Deyərdim ki, bir çoxu. Təhminənin ürəyi yumşaqdır, amma mən elə deyiləm, bəlkə ailə həyatı qurduqdan sonra gördüyüm haqsızlıqlara görə belə qəddarlaşmışam. Hər günün üzərinə gün gəldikdən sonra daha da əmin oluram ki, mən güclü qadınam, məndə olan güc heç bir kişidə yoxdur. Yaşadığım problemləri onlar yaşasaydı tab gətirə bilməzdilər. Təhminən yaşadığı həyatla mənim həyatım üst-üstə düşür. Ondan fərqli olaraq övladım var. Oğlum mənim ən böyük mükafatımdır.

- Bu gün cəmiyyətimizdə içki içən, siqaret çəkən qadına pis baxırlar. Bəs Təhminə da o qadınlardan biridir.
- Elədir ki, var. Təhminəyə pis gözlə baxırlar. Amma içki içən, siqaret çəkən də öz sağlamlığına ziyan vurur. Lakin mən pis baxmıram, hər kəsin öz həyatı, öz sağlamlığı, öz seçimi var. Heç kimin şəxsi həyatına, qərarlarına qarışmağa haqqımız yoxdur.

- Həyat yoldaşınız Hasan Gömet Türkiyədə həm rejissor, həm aktyordur. İlk dəfə Təhminə obrazında oynayacağınızı həyat yoldaşınız eşidəndə necə qarşıladı?
- Bizim serial və filmlərimiz onlarınkından fərqlidir, bizdə açıq səhnələr olmur, lakin onlarda olur. Ona görə də həyat yoldaşım pis qarşılamadı. Bu mənim sənətimdir. O ailə həyatı quranda bilirdi ki, aktrisa ilə ailə qurur. Və sənətimə davam edəcəyimlə bağlı da razılaşmışdıq.

- Meral Konratla görüşmək barədə heç düşünmüsünüzmü?
- Əslində görüşsək pis olmazdı, amma təəssüf ki, hələ elə bir şey yoxdur.

- Bəs görüşsəniz, ona nələri demək istəyərdiniz? 
- Deyərdim ki, bir zamanlar Azərbaycanda bu obraza çəkilməyə heç kim risk etməmişdi. Artıq yeni bir gənc Təhminə var. Bəlkə onun qədər sevilməyəcəyəm. Ancaq onun qədər sevilsəm, mən Natavan olmaram. Mən Natavan olmağa və onun simasında yeni bir Təhminə canlandırmağa çalışıram. Obrazıma yeni nəfəs verərək yeni Təhminəni sevdirməyə cəhd göstərirəm. Biz tamaşaçıdan mənfi də, müsbət də fikirlər alırıq.

- İlk dəfə tanınmağınız nə zaman oldu?
- Əsas “Dəfnə ağacı” serialından sonra tanındım, tamaşaçılar məni sevdilər.

- “Dəfnə ağacı” serialındakı Dəniz obrazı çox sevilirdi…
- Bəli, hətta o zaman demək olar ki, hər kəs, hətta dostlarım da mənə Dəniz deyə müraciət edirdilər.

- İnsanların Təhminə obrazından sonra haqqınızda yazdıqları fikirləri necə qarşılayırsınız?
- Haqlı olan halda tənqidləri qəbul etməyi bilirəm və çox gözəl şəkildə də qarşılayıram. Amma haqsız tənqid və təhqirləri isə aqressiv şəkildə qarşılayıb cavab yazıram, bəzən blok edirəm. Və savadsızlıqlarına gülüb keçirəm.

- Sizin fikrinizcə, tamaşaçılarımız tənqidlə, təhqiri ayırd edə bilirlərmi?
- Əslində ayırd edə bilənlər də var, bilməyənlər də...

- Türkiyədə yaşayanda serial, yaxud filmə dəvət almısınızmı?
- Filmə çəkilmə şansım var idi, amma həmin vaxtı ana olmağa hazırlaşdığım üçün razı olmadım. Heç razı olsam da çəkməzdilər (gülür).

- Ana olduqdan sonra həyatınızda nələr dəyişdi?
- Həyatımda demək olar ki, bir çox şeylər dəyişdi. Nə qədər gözəl bir həyat yaşasam da, övladımı qucağıma alanda anladım ki, həmin günə qədər yaşamamışam. Övladını qucağına almaq, ona toxunmaq, qoxusunu içinə çəkmək tamam başqa bir hissdir. Bunu ana olmayan anlamaz. Ana olduqdan sonra məsuliyyət hissim daha da artdı. Belə ki, yolu keçərkən, maşın sürərkən özümü qorumağa çalışıram ki, mən övladıma lazımam.

- Aktrisalığa marağınız nə vaxtdan yaranıb?
- Qabiliyyət imtahanına hazırlaşırdım, rejissor olmaq istəyirdim. İmtahana 15 gün qalmış dedim ki, yox, aktrisa olacağam. Ondan sonra universitetə daxil oldum. Aktrisalığı sevsəm də, şəxsi həyatıma görə fasilə verməli oldum. İndi yenidən qayıtmışam. Zamanında fasilə verdiyim üçün peşmanam. Fasilə verməsəydim, indi daha yüksək zirvələrdə olardım.

- Çəkiliş zamanı xoşagəlməz hallarla rastlaşırsınızmı?
- Təbii ki olur. Çünki 10 aylıq bir iş prosesidir. Film olsaydı, 1-2 aylıq bəlkə problemlər olmazdır. Arada söz-söhbət də olur, problemlər də. Amma 10 aylıq bir ailə kimi olacağıq deyə bu problemlər bir müddət sonra unudulur.

Könül Oruc 


Xəbər xətti