Sədr: "ATƏT məkanındakı uzadılan münaqişələrin həlli tapılmalıdır"

15:18 - 6 Dekabr 2018 - SİYASƏT

"ATƏT məkanında mövcud olan istər hazırkı böhran vəziyyətlərin, istərsə də çoxdandır uzadılan münaqişələrin həlli tapılmalıdır".

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının Milanda başlayan 25-ci iclasının açılışında ATƏT-in fəaliyyətdəki sədri, İtaliya xarici işlər naziri Enzo Moaveri-Milanezi bildirib.
O, İtaliyanın builki sədrliyi dövründə Aralıq dənizi regionundakı vəziyyət və təhlükəsizlik məsələləri kimi bəzi prioritetləri rəhbər tutduğunu diqqətə çatdırıb.

“ATƏT-in hələ də üzləşdiyi çətinliklər, böhran vəziyyətləri aradan qaldırılmalıdır. ATƏT məkanında mövcud olan istər bu yaxınlardakı Azov dənizindəki böhran kimi hazırkı münaqişələrin və böhran vəziyyətlərin, istərsə də çoxdandır uzadılan münaqişələrin, - məsələn qarşımızda hələ də duran Dağlıq Qarabağ münaqişəsinin, Gürcüstandakı Abxaziya və Cənubi Osetiya münaqişələrinin,- həlli tapılmalıdır. Həmçinin Trans Nistru münaqişəsinə də əvvəlki kimi diqqət ayırırıq”, – ATƏT sədri vurğulayıb.

Xəbər xətti