Ana səhifə
18 Dekabr 2018

AMEA prezidenti Kiyevdə səfərdədir

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti Kiyevə səfər edib.

AMEA-dan Ucnoqta.az-a verilən məlumata görə, səfərdə məqsəd Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) yaranmasının və bu qurumun rəhbəri, AMEA-nın fəxri üzvü, akademik Boris Patonun 100 illik yubileyləri ilə bağlı keçiriləcək beynəlxalq konfransda iştirak etməkdir.
Təntənəli yubiley tədbirindən öncə akademik Akif Əlizadə Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

Azərbaycanın Ukraynadakı səfirliyinin binasında keçirilən görüş tələbələrin problemlərini və təkliflərini dinləmək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görüləcək işləri müzakirə etmək məqsədi daşıyıb.

AMEA rəhbəri tələbələrə təhsil aldıqları sahə üzrə yüksəkixtisaslı kadr, müasir dövrün tələblərinə cavab verən mütəxəssis kimi yetişməyi arzulayıb, onlara Ukraynanın aparıcı elm və təhsil qurumlarının təcrübəsinin öyrənilməsi və Azərbaycanda tətbiqi ilə bağlı tövsiyələr verib.

Ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev isə çıxışında azərbaycanlı tələbələri daha aktiv olmağa çağırıb. O, səfirliyin gənclərin kreativ layihələrini dəyərləndirməyə hazır olduğunu bildirib.

Müzakirələrdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov və digərləri iştirak ediblər. Alimlər elmin inkişafı ilə bağlı həyata keçirilən islahatlarda elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə olunmasının, ölkənin intellektual resurslarının innovativ əsaslarla səfərbər edilməsinin, qabaqcıl texnologiyaların tətbiqinin, elmlərarası əlaqələrin daha da inkişafının xüsusi aktuallıq kəsb etdiyini vurğulayıblar.
Daha sonra tələbələr müxtəlif təkliflərlə çıxış ediblər.

AMEA nümayəndə heyətinin üzvləri, həmçinin UMEA-nın baş elmi katibin birinci müavini, müxbir üzv Vladimir Emelyanovla və tanınmış geoloq-alim, Ukraynanın Əməkdar elm və texnologiya üzrə xadimi, Beynəlxalq Avrasiya Elmlər Akademiyasının həqiqi üzvü Yevgeniy Şnyukovla görüşüblər.

Görüşlərdə müvafiq elm sahələrində birgə tədqiqatların həyata keçirilməsi və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Tarix
6 Dekabr 2018 [13:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin