“Əgər ər-arvad arasında münasibət normal olarsa, kimsə evdən uzaqlaşmaq fikrinə düşməz”

22:10 - 4 Dekabr 2018 - Cəmiyyət

Əhməd Qəşəmoğlu: “Yüksək savadı olmayan bəzi qadınlar sosial şəbəkələrdə hiyləgər, fırıldaqçı insanların toruna düşürlər”
Elnur Rüstəmov: “Komforta can atmaq sonunda ailədaxili münasibətlərə mənfi təsir göstərir”
Mehriban Zeynalova: “Gəlinlərin baş götürüb evdən getməsində hər iki tərəf günahkardır”  


“Bakıda gəlin evdən qaçıb. “Trend”-in məlumatına görə hadisə Xətai rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Səbzəliyeva Səbinə Yunis qızı polisə müraciət edərək bildirib ki, onunla birlikdə Xətai rayonu, A.Qurban küçəsi, ev 25/37-də yaşayan gəlini, 1979-cu il təvəllüdlü Əzməmmədova Nərmin Xeyribəy qızı noyabrın 28-də gecə saat 01 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır”.

Digər bir xəbər: “Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişində gərgin anlar yaşanıb. Belə ki, İmişlidə yaşayan Rövşanə adlı qadın 4 uşağını ataraq evdən qaçıb. Uşaqlarını qonşuya verən qadın evdən çıxıb və geri qayıtmayıb. Rövşanə bildirib ki, bu addımı atmağa həyat yoldaşı səbəb olub. Onun sözlərinə görə, əri tərəfindən döyüldüyü üçün evdən qaçmaq məcburiyyətində qalıb”. 
Son zamanlar bu tipli xəbərlərə mətbuatda çox rastlaşırıq. İnsanların münasibəti isə həmişəki kimi iki tərəfli olur. Bəziləri qadınları qınayır, bəziləri isə ailədəkiləri günahlandırır. Maraqlıdır, görəsən, əslində bu problemin kökündə nə dayanır? Ailə dəyərlərində hansı problemlər var? 

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu yalnız qadın hüquqlarından, qadınlara qarşı zorakılıqdan danışmağın düzgün olmadığını vurğuladı: “Bu barədə aparılan kompaniyalar tamamilə bir tərəflidir və ziyanlıdır. Müzakirələrin bu şəkildə getməsi məsələyə yarımçıq şəkildə baxmaq deməkdir. Beynəlxalq aləmdə Azərbaycan kişisinin qəddar obrazı yaradılır. Ölkəmizdə indi arzu olunmaz dərəcədə gərgin ailə problemləri var. Kişiləri unudub qadınların, qadınları unudub kişilərin problemlərindən danışmaq bu problemi daha da gərginləşdirir.  Bu bir dağıdıcı texnologiyadır. Bəziləri bilərəkdən, ya bilməyərəkdən tonqala yağ atılar. Diqqəti ilk növbədə ailə problemlərinə yönəltməyə böyük ehtiyac var”. 

Sosioloqun sözlərinə görə, bu gün ailələrdə o qədər gərgin vəziyyət yaranıb ki, tarixdə heç vaxt Azərbaycan ailəsində belə gərginlik olmayıb: “Gəlinin evdən qaçması, xoşagəlməz hərəkətlər etməsi, başqaları ilə yazışması, ailə zəminində qətl, qadına qarşı zorakılıq və s. bunlar hamısı böyük ailə problemlərinin müxtəlif göstəriciləridir. Bu gün ailə problemlərini yaddan çıxarıb, qadın problemlərini qabartmağa başlamışıq. Bu metodoloji cəhətdən düzgün deyil. Çünki ailə bir institutdur, bir tərəfi unudaraq o biri tərəfin problemlərini qabartmaq fayda vermir, əksinə problemi daha da gərginləşdirir. Biz ailələrdə yaranan gərginliklərin səbəblərini araşdırmalıyıq, bu gərginliyin hesabına gəlin evdən qaçır, mənəviyyatsız yollara düşür, kişilər bu qədər qəddarlaşır və s. Bunların hamısının kökündə ailə məsələsinə ciddi baxış dayanır. Təəssüf ki, uyğun qurumlar, strukturlar bu məsələyə arzuolunan şəkildə diqqət yetirmir”.  

Ə.Qəşəmoğlu qeyd etdi ki, yer üzündə çox sürətli dəyişikliklər, qloballaşma gedir. Bununla da cəmiyyətdə mürəkkəb proseslər gedir, əhalinin təsəvvürü dəyişir: “Sosial şəbəkələr, televiziyalar, turizm əlaqələri ona təsir edir ki, insanların sürətlə dünyagörüşü, həyata baxışı dəyişir. Belə bir zamanda kişiləri tamamilə unudub qadın azadlığından danışanda və qadınların da azadlıq haqqında təsəvvürləri aydın olmayanda ortaya belə xoşagəlməz hallar çıxır. Kişilərimiz adət-ənənələrimizə uyğun olaraq ailələrdə olan əxlaqi-mənəvi amillərin dəyişməsini istəmirlər. Qadınlarımız isə elə hesab edirlər ki, demokratik cəmiyyətdə tamamilə sərbəstdirlər, Qadınlar düşünür ki, bir çox şeylər var ki, ötən əsrdə onu etmək olmazdı, indi etmək olar. Və kişilərimiz bir qədər konservator olub, adət ənənəmizi davam etdirmək baxımından öz mövqelərini qorumaq istəyirlər. Qadınlar isə aldadıcı azadlıq dəyərləri altında daha çox sərbəst olmaq istəyirlər. Belə olan halda isə ortada kəskin bir gərginlik yaranır”. 

Həmsöhbətim deyir ki, sanki kişiləri sərbəst buraxmışıq, onların fikri soruşan yoxdur: “O biri tərəfdən qanunvericiliyimiz elə şəkildə təkmilləşmir ki, ailədə ahəngdar münasibətin yaranmasına kömək etsin. Digər bir tərəfdən isə qadınlara azadlıq haqqında səhv məlumat verilir, elə bilirik ki, qadının hər istədiyini etməsi azadlıqdır, demokratiyadır. Təsəvvür edin ki, bir tərəfdən yüksək savadı olmayan bir qadına tez-tez azadlıqdan, hüquqlarından danışırsan, digər tərəfdən isə onlar ziyanlı teleseriallara baxırlar, sosial şəbəkələrdə hiyləgər, fırıldaqçı insanların toruna düşürlər. Həmin insanlar qadınların beyinlərinə, mənəviyyatlarına təsir edirlər. Bunun nəticəsində ortaya eybəcər bir hal çıxır və ailədə toqquşma baş verir, bu zaman isə fiziki cəhətdən güclü olan daha çox təsir edir. Bu zaman qadın yeganə çıxış yolunu evdən qaçmaqda görür. Sonradan məlum olur ki, onu aldadıb qaçıran adam verdiyi vədlərə əməl etmir”.

Sosioloq sonda vurğuladı ki, axı bütün bunlar bizim mənəviyyatımızı korlayır: “Ölkədə ağlamalı bir vəziyyət yaranıb. Ailələrə ciddi, elmi əsasla diqqət yetirmək vaxtıdır”.  

Psixoloq Elnur Rüstəmov isə heç kimin kefindən evdən qaçmadığını vurğulayır: “Əgər ailədə ərlə arvad, valideynlə uşaq arasında münasibət normal olarsa, kimsə evdən uzaqlaşmaq fikrinə düşməyəcək. Son zamanlar biz övladı olan anaların, yaxud həddi buluğa çatmamış qız uşaqlarının evdən qaçmasına şahid oluruq. Bu yeni dövrə uyğunlaşa bilməyən insanların problemidir. Digər tərəfdən isə internet resursları, mobil telefonlar ailədaxili münasibətlərə təsir edir. Bu gün əksəriyyət qadınlar komfort həyat yaşamaq istəyir. Bu hər kəsin haqqı ola bilər, amma bunun üçün zaman lazımdır. Hər şey seriallarda olduğu kimi gözəl deyil. Seriallara baxanda görürük ki, səhərdən axşama kimi qeybət edirlər, öz gözəl həyatlarını göstərirlər. Orada iş görmək söhbəti yoxdur. Azərbaycanın insanın bir qismi məsələni tam şəkildə həzm edə bilmir. Komforta can atmaq sonunda ailədaxili münasibətlərə mənfi təsir göstərir”. 

Son zamanlar boşanma proseslərinin də artdığına diqqət çəkən E. Rüstəmov bunun bir səbəbini də psevdo-psixoloqların çoxalmasında görür: “Ərlə arvad arasında yaranan problemə başqa biri müdaxilə edir. Buna ruh qardaşım, dərdimi, problemimi bölüşdüyüm adam deyirlər. Sonda yanlış yönləndirmə böyük problemlərə gətirib çıxarır. Ona görə də bu prosesdə diqqətli olmaq lazımdır. Bu zaman peşəkarlara müraciət edilməlidir. Belə olan halda ailədaxili zorakılıq, evdən qaçma kimi hallar baş verməyəcək. Zamanında müdaxilə edilməzsə, illərcə bu prosesin ağırlığının şahidi ola bilərik”.

“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə problemin müxtəlif səbəblərdən qaynaqlandığını bildirib: Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova gəlinlərin evi tərk etməsində günahı kişilərdə görür. Birlik sədrinin sözlərinə görə, kişilərin öz ailələrinə kifayət qədər biganəliyi, diqqətsizliyi sonda qadının evi tərk etməsi ilə nəticələnir: “Qadın ona lazım olan diqqəti ərindən görməyəndə həmin qayğını başqa kişidə axtarır. Kişilər qadınları ilə oturub söhbət etmək, onların ehtiyaclarını bilmək istəmirlər. Ailə başçısının evə kənar şəxslər gətirməsi təbii ki, müəyyən hadisələrlə nəticələnir. Bir sözlə, ənənəvi Azərbaycan ailəsində kişi öz həyat yoldaşına kifayət qədər xoş söz demək, onunla vaxt keçirməyi həmişə ikinci plana saxlayır. Hamıya, hər şeyə vaxt tapır, başqaları ilə vaxt keçirməyi daha rəngarəng hesab edirlər, nəinki öz həyat yoldaşları ilə. Kim ki iradəlidir dayanır, kimin ki iradəsi zəifdir, qarmağa düşür”.

Gəlinlərin baş götürüb evdən getməsində hər iki tərəfin gühankar olduğunu deyən M.Zeynalova hesab edir ki, bu cür ailələr sonda dağılır: “Əvvəllər ailə quranlar hamısı əmin idi ki, onlar ömürlərinin sonuna kimi birlikdə yaşayacaqlar. Amma indi gənclər sığortalanmamış ailə qururlar, hər dəqiqə boşanmağa hazırdırlar. Mən demirəm ki, yalnız kişilər günahkardır. Qadınlar da təmkinli olmalıdır. Hamı rahatlığını istəyir. Əvvəllər ana deyirdi ki, mən həyatı boyu evi övladsız tərk etmərəm. Amma indi bunu edirlər. Bir sözlə indiki ailələrdə nə yoldaşına, nə övladına qarşı sevgi yoxdur”. 

Evdən qaçan gəlinlər arasında Təmiz Dünya İctimai Birliyinə üz tutanların da olduğunu deyən M.Zeynalovanın sözlərinə görə, onlardan birini ailəsi ilə barışdırmaq mümkün olsa da digərləri bu addımı atımır: “Bizə müraciət edən gəlinlər rayonlarda yaşayanlar olub. Onlar da yoldaşından qaçıblar. Səbəb kimi isə kişinin xəyanəti göstərilib. Çox vaxt isə cavan gəlinlərin evi, ailəsini tərk edərək başqasına qoşulub qaçması, evə yad adamın gətirilməsi, həmin dostun fürsətdən istifadə edərək qadını yoldan çıxartması göstərilib. Həyat yoldaşlarından həmin qayğı və diqqəti görməyən qadın yad kişinin toruna düşür. Bütün bunlar gəlinlərin evi tərk etməsinə səbəb olur”.  

Könül Oruc

Xəbər xətti