Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır

18:12 - 3 Dekabr 2018 - KİVDF

Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir

Azərbaycanda demokratik dəyərlərə əsaslanan hüquq sistemi formalaşdırılıb. İnsanların hüquq və azadlıqlarını müdafiə etməyə, azad, müstəqil ədalət mühakiməsinin bərqərar olmasına yönəlmiş məhkəmə-hüquq islahatları həyata keçirilib. Azərbaycan Konstitusiyası referendumda xalq tərəfindən qəbul edilib. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunub. İnsan hüquq və azadlıqlarına, habelə onların təminatlarına xüsusi yer ayrılıb, onların təmin edilməsi isə dövlət siyasətinin həlledici istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilib. Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarına önəm verən ən demokratik konstitusiyalardan biridir. Sənədin 2-ci bölməsinin "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən maddələri özündə əks etdirir. 24-cü maddədə insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi tənzimlənir bə bildirilir ki,  İnsan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.

Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində qeyd olunur:  İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
Sözsüz ki, bu prinsiplər və ölkəmizdə aparılan sosial, iqtisadi, siyasi islahatlar bir ali məqsədə xidmət edir – Azərbaycan vətəndaşının konstitusion hüquqları qorunmalıdır, onun hüquq və azadlıqları təmin edilməlidir. Artıq bu sahədəki mövcud mexanizmlərin daha da təkmilləşdirilməsi və sivil dünyaya inteqrasiya edən dövlətimizin həmin standartlara cavab verən milli qanunvericiliyinin yaranması bir gerçəklikdir.  İnsan hüquq və azadlıqlarının universallığı, toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı bir prinsip kimi Azərbaycan Respublikası Konstitusiyanın 24-cü maddəsində təsbit olunur. Eyni prinsiplər Konstitusiyanın 155-ci maddəsinin belə bir müddəası ilə də təmin olunur ki, Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.

Konstitusiyanın 1-ci maddəsilə Xalq hakimiyyəti (Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir), 2-ci maddəsilə Xalqın suverenliyi ( Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsi ilə həyata keçirir), 6-ci maddəsilə Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi ( Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir) tənzimlənir.

Konstitusiyanın 7-ci maddəsindəbildirilir ki,  Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir; icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur; məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fәaliyyәt göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. 8-ci maddədə isə bilkdirilir ki, Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır. O. məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.

Ölkəmiz ölüm hökmünün ləğvinə münasibətdə də dünyanın inkişaf etmiş ölkələrinə nisbətən mütərəqqi mövqedədir. Azərbaycan Respublikasında 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulub, 1998-ci ilin fevral ayının 10-da isə tamamilə ləğv edilib. Müqayisə üçün qeyd edək ki, ABŞ-ın 38 ştatının qanunvericiliyində ölüm hökmü ləğv edilmədiyindən bu ölkə Uşaq Hüquqlarına dair Beynəlxalq Konvensiyanı hələ də imzalamayıb. 
Respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması olub.  Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra, ölkədə bu sahədə demokratik, hüquqi islahatların həyata keçirilməsi və insan hüquqlarının səmərəli təmini məqsədilə institusional mexanizmlər sistemi yenidən qurulub. İnsanların elan edilmiş hüquqlarının müdafiəsinin daha da təkmilləşdirilməsi, beynəlxalq norma və standartlara uyğun təşkili məqsədilə Ombudsman vəzifəsinin təsis olunması bizim gerçəkliyimizin mühüm tələbatı idi. Bu təsisatın yaradılması hüquq-müdafiə strukturları sistemini tamamlamaqla, həm də mövcud boşluqları aradan götürərək, insanların hüquq və azadlıqlarının müdafiəsi mexanizmində qüsurları aradan qaldırmaq üçün yeni imkanlar yaratmış oldu.

Azərbaycan Respublikasında insan hüquqlarının təmin edilməsini ümumdövlət vəzifəsi hesab edərək, ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanda nəzərdə tutulub. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “İnsan Hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılması nəzərdə tutulub. 28 dekabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edildi, 5 mart 2002-ci ildə isə ölkə başçısı tərəfindən bu Qanunun tətbiq edilməsi haqqında Fərman imzalandı və beləliklə də təsisatın yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi baza yaradıldı. Qanunda bildirilir ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkili vəzifəsi (bundan sonra "Müvəkkil" adlandırılacaq) Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis ediliAzərbaycan Respublikasının ilk Ombudsmanı 2002-ci il iyulun 2-də Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi üç namizəd arasından 111 səslə (112 səsdən) seçildi. Müvəkkilin seçilməsindən üç ay sonra, 2002-ci il oktyabrın 28-də artıq Ombudsman Aparatında ərizəçilərin qəbuluna və şikayətlərin araşdırılmasına başlanıldı.

Xəbər xətti