Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək

10:00 - 1 Dekabr 2018 - İDMAN

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək.

Üç günü əhatə edəcək turun açılış matçında çempionatın debütantı "Sabah" doğma meydanda "Neftçi" ilə üz-üzə gələcək. Komandalar arasındakı ilk dövrədəki oyunda flaqman qələbə qazanıb - 2:0. "Sabah" turnir cədvəlində 17 xalla dördüncü, "Neftçi" isə 29 xalla birinci pillədə qərarlaşıb. Günün digər matçında "Sumqayıt" "Səbail"i qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi mövsümdə ilk dəfə "Kapital Bank Arena"da oyuna çıxacaq. Arena bu vaxta qədər təmirdə olduğu üçün "Sumqayıt" ev oyunlarını paytaxtda keçirib. Komandalar indiyədək çempionatda 5 dəfə qarşılaşıblar və eyni sayda - 2 dəfə qələbəyə seviniblər. Bir görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqi də bərabərdir - 4:4 Son iki oyunun hərəsində 2 qol vuran “Səbail” qalib gəlib. "Gənclik şəhəri" təmsilçisi isə öz meydanında rəqibini məğlub edə bilməyib. "Səbail" 20 xalla üçüncü, "Sumqayıt" isə 11 xalla 6-cı yerdədir.

Azərbaycan Premyer Liqasında,
XIII tur 1 dekabr (şənbə) 16:30.
“Sabah” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Cavanşir Yusifov, Ramil Əhmədov
Hakim-inspektor: Murad Məmmədov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Əlincə Arena”
İlk dövrə - 0:2

​19:00. “Sumqayıt” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Fizuli Nəcəfov
AFFA nümayəndəsi: Eldar Qasımov
“Kapital Bank Arena”
İlk dövrə - 0:2

Qeyd edək ki, turun digər matçı sabah keçiriləcək. "Qəbələ" doğma meydanda "Zirə" ilə münasibətlərə aydınlıq gətirəcək. Tura dekabrın 3-ü keçiriləcək "Qarabağ" - "Keşlə" görüşü ilə yekun vurulacaq.

Xəbər xətti