“İntihar bəzən bir anlıq boşluq və lazımsızlıq hissidir”

21:25 - 30 Noyabr 2018 - Cəmiyyət

Əhməd Qəşəmoğlu: “Ailədə qadın və kişi arasında problem yarandıqca sosial, iqtisadi faktorlar daha kəskin şəkildə təsir etməyə başlayır” 
Könül Telmanqızı: “Xanım artıq istəklərini həyata keçirə bilmir və serialda, internetdə gördüyü “VİP” həyat istəyir”
Sevinc Fədai: “Nə qədər insan, qadın var ki, öldürülməyib, özünü öldürməyib, amma elə evinin içində mənəvi ölüm yaşayır” 


Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov məlumat verib ki, 9 ayda ailə məişət zəminində məişət zorakılığı ilə bağlı 678 cinayət faktı qeydə alınıb. Belə ki, qadınlara qarşı zorakılıqla törədilmiş cinayətlərdə özünü öldürən, öldürmə həddinə çatdırmaqla bağlı 135 fakt olub ki, onlardan ölən qadınların sayı 112 nəfər olub. Ölən qadınlardan 11-i azyaşlı qızlardır.

Bu rəqəmlər heç də az deyil. Görəsən bu gün cəmiyyətimizdə, qadına münasibətdə nələr düzgün deyil? Qadınlarımız niyə intiharı çıxış yolu kimi görürlər?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, cəmiyyətimizdə böyük gərginliklər var və bu rəqəm də o gərginliyin göstəricisidir: “Gərginliyi təkcə iqtisadi amillər yaratmır. Bu məsələ gündəmə gələn kimi bir çoxları bunu kasıbçılıqla, əhalinin güzəranının ağır olması ilə əlaqələndirir. Düzdür, iqtisadi amillər və güzəran mühüm faktordur. Bu məsələnin bir tərəfidir. O biri tərəfi isə, mənəvi dəyərlərə olan münasibət məsələsidir. Əgər belə problemlər kasıbçılıqla bağlı olsaydı ölkəmizdə 50-60  il bundan əvvəl də bu kimi hadisələr çox olardı. İkinci dünya müharibəsindən sonra ölkədə çox ağır vəziyyət var idi, insanlar yeməyə çörək tapmırdı. O vaxtı özünə qəsd etmək kimi hallar yox idi. Deməli, məsələ sırf güzəranda, kasıbçılıqda deyil, dəyişən dəyərlərdir.
Sosioloq əhalinin davranışına təsir edən üç amilin olduğunu vurğuladı, bunlar mühit, insanın aldığı informasiyalar və üstünlük verdiyi dəyərlərdir: “

Bu istiqamətlərin hamısında böyük problemlər yaranır. Mühitdə elə bir gərginlik yaranır ki, insanların bir-birinə yalan danışır, mehribançılıq azalır, sanki mühit ögeyləşib, soyuqlaşıb. Doğma insanlar azalıb, hətta qohumlar arasında o qədər kəskin ziddiyyətlər olur ki, adam dəhşətə gəlir”.
Ə.Qəşəmoğlu qeyd etdi ki, digər bir məsələ isə insanların üstünlük verdikləri dəyərlərdir: “Misal üçün, bu gün azadlıqdan danışırıq. Amma insanlar azadlığın mahiyyətini dərketmədən elə bilir ki, hər cür sərbəstlik azadlıqdır. Amma heç də belə deyil. Kişilərimiz adət-ənənələrimizə uyğun olaraq keçmişdə ailələrdə olan əxlaqi-mənəvi amillərin dəyişməsini istəmirlər. Qadınlarımız isə elə hesab edir ki, demokratik cəmiyyətdə sərbəstdirlər. Bir çox şeylər var ki, 30-50 il bundan qabaq onu etmək olmurdusa, indi... Ona görə də kişilərimiz bir qədər  mühafizakar olub, adət ənənəmizi davam etdirmək baxımından öz mövqelərini qorumaq istəyirlər. Qadınlar isə aldadıcı azadlıq dəyərləri altında daha çox sərbəst olmaq istəyirlər. Belə olan halda isə ortada kəskin bir gərginlik yaranır. Eyni zamanda belə yaralı bir vəziyyət, problem olanda mühit də insana daha öldürücü təsir edir. Təsəvvür edin, insan sağlam olanda soyuq hava ona təsir etmir, lakin bir az qrip olan kimi soyuq hava daha pis təsir edir. Deməli, ailədə qadın və kişi arasında problem yarandıqca sosial, iqtisadi faktorlar daha kəskin şəkildə təsir etməyə başlayır”. 

İnformasiyaların da bu məsələdə mühüm rolu olduğunu vurğulayan sosioloqun sözlərinə görə, televiziyalarda teleseriallar məqsədyönlü şəkildə həyata keçirilir: “Ölkəmizdə çəkilən seriallar bu sahədə olan problemləri daha da gücləndirir. Sosial şəbəkələr isə ayrıca olaraq təsir edir. Qadınlar sosial şəbəkələrdə bir ayrı macəranın qurbanı olur, kişilər başqa macəranın iştirakçısı olurlar”.
Ə.Qəşəmoğlu qeyd etdi ki, sadaladığı hər üç amillə bağlı çox böyük və arzuolunmayan proseslər gedir və yekunda da nəticə belə alınır: “Niyə hər zaman qadına qarşı zorakılıqdan danışırıq? Çünki fiziki olaraq kişi daha güclüdür. Qadın və kişi arasında problem yarandıqda isə fiziki olaraq güclü olan daha aktiv olur.
Kişilərlə qadınlar arasında gərginliyi yaradan səbəblərdən danışmaq lazımdır. Yəni, əsas diqqəti gərginliyi yaradan səbəblərə verməliyik. Misal üçün, hər hansı bir xəstəliyin necə simptomları olursa, misal üçün üzdən baxanda görürsən ki, qızartı, temperatur, tərləmə var. O zaman xəstəliyin kökünü tapmaq lazımdır. Ona görə də bu statistikaya bir simptom, göstərici kimi baxmalı, xəstəliyin özü ilə məşğul olmalıyıq”.

Psixoloq Könül Telmanqızı bildirdi ki, psixoloji durumunda problem qadınlar ətrafdan gələn siqnalları qəbul edə bilmir və beynində yüklənmə baş verir: “Beyində olan yüklənməni qəbul edə bilmədikləri üçün isə son nöqtəni intiharla tamamlayır, yəni intiharı çıxış yolu kimi görür. Bütün bu yüklənmələr üst-üstə gəldikdə və səbəbləri aradan qalxmadıqda qadınlar get-gedə depressiyaya düşür və bu da bir sıra hallarda isə intiharla nəticələnir”.
Psixoloq onu da qeyd etdi ki, ümumilikdə televiziya kanallarında gedən seriallar, sosial şəbəkələrdə yayılan informasiyalar qadın və uşaqların psixologiyasına mənfi təsir göstərir: “Çünki bir çox xanımlarımız seriallarda yaxud sosial şəbəkələrdə gördükləri həyatla öz həyatlarını müqayisə edirlər. Amma hər şey göründüyü kimi deyil. Yetkinlik yaşında olan uşaqlar özlərini sanki serialda hiss edirlər. Bu hətta uşaqların da psixologiyasına pis təsir edir. Evdə də əgər valideyn-övlad münasibətində problem yaşanırsa, uşaq artıq çıxış yolunu bunda görür. Valideyn də uşağında dəyişikliyi görəndə düzgün yanaşma göstərməlidir”. 

K.Telmanqızının sözlərinə görə, əgər evdə ər-arvad arasında problem yaşanırsa, xanım artıq istəklərini həyata keçirə bilmir və serialda, internetdə gördüyü “VİP” həyat istəyir: “Realda hər şey elə olmur və qadın psixoloji cəhətdən özünü lazımsız sorğu-suallarla yükləməyə başlayır. Artıq yüklənmə həddi də evdə söz-söhbətə səbəb olur. Xanım istəklərinin həyata keçmədiyini  dilə gətirməyə başlayır. Bu isə kişi ilə qadının həm münasibətinə təsirsiz ötüşmür. Əgər qadını psixoloji sarsıntı keçirirsə, bunu aradan qaldırmırsa, uğursuzluğa düçar olursa bütün bunları əsas götürərək heç bir işim alınmır deyib intihara əl atır”.
Psixoloqun sözlərinə görə, xanımlar həssas olduqları üçün əsasən qarşı cinsdən əzizlənməyi, nəvazişi, sevgini, hörməti tam şəkildə gözləyirlər: “Bəzən ətrafımızdakı xanımlardan qaçıb uzaqlara getmək istəyirəm kimi fikirlər eşidirik. Demək ki, artıq belə xanımlarda psixoloji cəhətdən yüklənmələr başlayıb. Və ümid işığı olaraq uzaqlara gedib hansısa uzaq yerdə dincəlmək, rahat olmaq istəyirlər. Bəzi xanımlar var ki, ev şəraitindədirlər, onları məişətdə olan problemlər yorur. Özünə qapanmalar yaranır, ancaq yatıb dincəlmək istəyirlərsə, artıq həmin insanlarda təbil siqnalı deməkdir. Ona görə də bu cür hallar müşahidə olunanda onlara dəstək göstərmək lazımdır”.

Qadın və Uşaq Akademiyası İctimai Birliyinin sədri, jurnalist Sevinc Fədai isə deyir ki, qadın intiharlarının təfərrüatlarına baxanda görürük ki, onların arasında övladı olmadığından tənə eşidən, sevdiyi insandan ayrılan, sevmədiyi insana məcburən ərə verilən, erkən yaşda ərə verilən, ali təhsil almağa icazə verilməyən, ər, hətta qayınana, baldız, qayınata şiddəti görən qadınlar var: “Bütün bunların olmaması üçün isə düşüncə dəyişməlidir, cəmiyyət üçün, ailə üçün təhlükə yaradan mental qanunlar yıxılmalıdır. Dərk olunmalıdır ki, insanın hissləri, arzusu bütün qanunlardan öndə gəlir və onu boğmaq olmaz. Nə qədər insan, qadın var ki, öldürülməyib, özünü öldürməyib, amma elə evinin içində mənəvi ölüm yaşayır. Bunun fərqinə varmaq lazımdır”.   

S.Fədainin sözlərinə görə, ilk növbədə cəmiyyətimizdə qadının özünə münasibəti, yanaşması dəyişməlidir. Bundan sonra nələrsə düzələ, qaydasına düşə bilər: “İnsan özünə dəyər vermirsə, sayğı duymursa, ona qarşısındakı heç vaxt dəyər verməyəcək, sayğı duymayacaq, istəklərini, arzularını dinləməyəcək, nəzərə almayacaq. Çoxdan bu qənaətə gəlmişəm ki, insanın, eləcə də qadını həyata bağlayan böyük dəyərlər, arzular olmalıdır ki, yorulanda, bezəndə, çarəsiz vəziyyətə düşəndə intiharı çarə bilməsin. Bizdə isə əksər qadının ailə-məişət həyatından başqa həyatı, işi-gücü, məşğuliyyəti, arzuları olmur. Ona görə ailəsindən bir zərbə alan kimi də mənəvi-psixoloji çöküş yaşayır, özünü lazımsız, faydasız hiss edir. Eyni zamanda, həyatını bütün cəhətlərdən, eləcə də maddi cəhətdən o qədər ailənin, ərin imkanlarından asılı vəziyyətə salır ki, onsuz çıxılmaz vəziyyətə düşür”.

Birlik sədri deyir ki, təsəvvür edin, qızlarımız o qədər müti böyüdülür ki, istər ata-anasına, istərsə də ailə qurandan sonra həyat yoldaşına öz hisslərini, istəklərini ifadə edə bilməyən qadınlar olurlar: “Onlar inandırılıb ki, qadının müəyyən arzularını dilə gətirməsi ayıbdır, ancaq ona təqdim olunan həyata boyun əyib, onu yaşamalıdır. O, ancaq yaxşı ana ola bilər, yaxşı yemək bişirə bilər, paltar yuya bilər. Ailədə geyimini belə özü seçə bilməyən, kinoya, teatra, rəfiqəsiylə görüşə getmək icazəsi olmayan qadınlar var. Hətta bizim iş yoldaşlarımızın, qohumlarımızın arasında ən adi şeylərin üstündə döyülən, təhqir olunan, ittiham edilən qadınlar var. Bir gün onlar intihar edəndə isə hər kəsdə sual yaranır ki, görəsən, nə dərdi var idi? Dərd dediyimiz bəzən ən adi şeylər olur. Məsələn, anlayış görməmək, evinin içində başa düşülməmək, dinlənilməmək, sevgi, qayğı görməmək, buna layiq bilinməmək. Qadınlar var ki, illərdi əri onunla cinsi münasibətdə olmur və bu insanlar bir-birinə ər-arvad deyib bir damın altında yaşayırlar. Üstəlik, hansı qadın bunu problem kimi dilinə gətirsə, ona əxlaqsız kimi yanaşarlar. Halbuki elə problemlərin çoxu məhz burdan gəlir. Qadın qulluqçu deyil ki, onunla evlənib ev işlərini gördürəsən, qanunauyğunluq xatirinə uşaq doğdurasan, sonra da onun varlığını unudasan. Qadının sevgi-qayğı, cinsi ehtiyacı ödənilməlidir, o, özünü insan kimi hiss etməlidir. Qadının istər evdə, istər cəmiyyətdə özünüifadəsinə şərait yaratmalıdır. Şərait yaradılmırsa belə, haqq etdiyimiz dəyər və şəraiti və özümüz qazanmalıyıq. Bunun üçün isə qadınlarımızın özünü inkişaf etdirməsi, sağlam dünyagörüşü, sağlam mühit formalaşdırması, hədəflərinin, məqsədlərinin olması lazımdır. Özünü yararlı hiss edən qadın intihar etmək istəməz”.

S.Fədai deyir ki, Qadın və Uşaq Akademiyası İB olaraq planlarında var ki, özünü faydasız hiss edən, işsiz-gücsüz, çevrəsi, sosial həyatı, heç bir məşğuliyyəti olmayan xanımları bir araya gətirib, onların beynini məşğul edəcək, məşğuliyyət, həyat eşqi qazandıracaq işlər ortaya qoysunlar: “Onları düşdükləri boşluqdan xilas edək. İntihar bəzən məhz elə bir anlıq boşluq və lazımsızlıq hissidir. Həyatınızı o qədər doldurun, görəcəyiniz işlər o qədər böyük və çox olsun ki, intihar yadınıza düşməsin. Öz dəyərinizi məhz özünüz biçin, nəyə layiq olduğunuzu özünüz müəyyən edin və onu yaşayın”. 

Könül Oruc 

Xəbər xətti