Elmar Məmmədyarov BMT-nin Avropa üzrə İqtisadi Komissiyanın icraçı katibini qəbul edib

17:17 - 29 Noyabr 2018 - SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Avropa üzrə İqtisadi Komissiyanın icraçı katibi Olqa Alqayerovanı qəbul edib

XİN-dən Ucnoqta.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olqa Alqayerova ilə görüşüb. Həmsöhbətlər Azərbaycanla UNECE arasında təşəkkül tapmış ənənəvi əlaqələri məmnuniyyətlə qeyd ediblər. O.Alqayerova səfər çərçivəsində təmsil etdiyi qurum ilə Azərbaycan Respublikasının Hökuməti arasında BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi üzrə Birgə Bəyanatın imzalanmasını təqdirəlayiq hal kimi göstərərək, Azərbaycanın ümumiyyətlə BMT orqanları sistemində, o cümlədən UNECE-də təşəbbüskar mövqeyi ilə seçildiyini, qurumun fəaliyyətinə mühüm töhfə verdiyini yüksək dəyərləndirib. O, ölkəmizə hazırkı səfəri çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsinə cavabdeh olan dövlət qurumlarının nümayəndələri ilə görüşün təşkilini bu istiqamətdə atılan səmərəli praktiki addım kimi səciyyəndirib.

Nazir Elmar Məmmədyarov Avropada iqtisadi inkişaf meyllərinin izlənilməsi və onun təmin edilməsi məqsədilə UNECE çərçivəsində intensiv siyasi dialoq və səmərəli təcrübə mübadiləsi mexanizmlərinin vacib rol oynadığını qeyd etdi. Bu xüsusda o, ölkəmizdə aparılan islahatların və həyata keçirilən inkişaf proqramlarının nəticəsində sabit və dayanıqlı inkişafın təmin edildiyini vurğulayıb.

Xalqımızın rifahı naminə Azərbaycanın zəngin potensialından daha da səmərəli istifadə edilməsi məqsədilə, regional əməkdaşlıq layihələrinə böyük diqqət yetirildiyini deyən nazir Elmar Məmmədyarov neft-qaz sektorunda həyata keçirilən strateji layihələrlə yanaşı, Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin ümdə əhəmiyyətindən bəhs etdi.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğunun, o cümlədən Sərsənq su anbarının işğal altında saxlanılmasının regional sülh və təhlükəsizlik, habelə ekoloji vəziyyət üçün ciddi təhdid olmaqla bərabər, Cənubi Qafqaz bölgəsi və daha geniş Avropa məkanında hərtərəfli əməkdaşlığa əngəl törətdiyini qeyd edib.

Həmsöhbətlər Azərbaycanla UNECE arasında ənənəvi əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyindən əminlik ifadə edərək, ölkəmizin qlobal iqtisadiyyat sistemində tutduğu yeri, habelə qarşılıqlı maraq doğuran digər məqamlar üzrə fikir mübadiləsi aparıblar.  

Xəbər xətti