“Teatr heç vaxt mənim ailəm ola bilməz”

21:19 - 28 Noyabr 2018 - Müsahibə

Aynur Əhmədova: “Paxıllıq olmasa bütün qadınlar gənc qalar”

“Universiteti bitirən kimi atam mənə qəti tapşırıq verdi ki, rayona qayıdacaqsan, məktəbə səni müəllim düzəldəcəyik. Universiteti bitirib rayona qayıdandan sonra 5 ay işsiz qaldım, teatrda işləməyə icazə vermədilər. Bu müddət ərzində atam da rəhmətə getdi. Mən atamın arzusunu yerinə yetirmədiyimə görə diplomuma halallıq vermədi. Mənim böyük bir arxivim var idi, 10 yaşımdan ədəbiyyat qəzetlərini, teatr haqqında məqalələri yığmışdım. Bakıda olan zaman həmin arxivimi həyətin ortasına töküb yandırmışdılar ki, aktyorluq arzumdan əl çəkim”. Bu sözləri bizimlə söhbətində “Üç nöqtə” qəzetinin qonağı Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət  Dram Teatrının aktrisası Aynur Əhmədova dedi.

- Lənkəran teatrından əvvəl Akademik Milli Dram Teatrında fəaliyyət göstərmisiniz... 
- Biz universitetdə Azərbaycanın teatr tarixi adlı fənn keçirdik. Çox gözəl və istedadlı uşaqlarımız var idi. Professor İlham Rəhimli Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri idi, bu fənnə olan marağımızı gördü və bizə dedi ki, bu gündən sonra mənim dərsim olanda teatra gəlirsiniz, dərsi orada keçəcəm. Canlı-canlı bizi aktyorlarla görüşdürürdü, hər dərsdə qonaq kimi bir aktyor çağırırdı. Sual cavab edirdik, danışırdıq, ürəyimizi boşaldırdıq, rayon uşaqları idik. İllər sonra Rasim Balayevi, Hacı İsmayılovu görmək bizə çox maraqlı idi. 1997-ci ildə Elçinin “Ah Paris, Paris” tamaşasına üç qız və iki oğlan tələbə seçdilər. O qızlardan biri də mən idim. Tamaşaya Azərpaşa Nemətov quruluş verirdi. Burda həm şəhər sakinlərini, həm jurnalistləri oynadıq. Bundan sonra yolum Azdramaya açıldı. Ştatda olmasam da qonorar alırdım.

- Bəs burdan ayrılmağınıza nə səbəb oldu?
-  Qalmaq şansım çox böyük olsa da, valideynlərim mənə imkan vermədilər. Ümumiyyətlə mənim beşinci kursum çox əzablı keçib. Dərsə və Azdramaya gedirdim, bununla yanaşı gecələr xəstəxanada qalırdım. Çünki həmin vaxtı atam xəstə idi, müalicə alırdı. O, xəstə ola-ola hiss edirdi ki, mən teatra gedirəm, qıcıqlanırdı. Universiteti bitirən kimi atam mənə qəti tapşırıq verdi ki, rayona qayıdacaqsan, məktəbə səni müəllim düzəldəcəyik. Universiteti bitirib rayona qayıdandan sonra 5 ay işsiz qaldım, teatrda işləməyə icazə vermədilər. Bu müddət ərzində atam da rəhmətə getdi. Mən atamın arzusunu yerinə yetirmədiyimə görə diplomuma halallıq vermədi, mübarək olsun demədi. Nə qədər yerə iş üçün müraciət etsəm də götürmədilər. Mənim böyük bir arxivim var idi, 10 yaşımdan ədəbiyyat qəzetlərini, teatr haqqında məqalələri yığmışdım. Mən Bakıda olan zaman həmin arxivimi həyətin ortasına töküb yandırmışdılar ki, bu peşədən əl çəkim.

- Lənkəran teatrına gəlmək üçün çox çətinliklərdən keçmisiniz deyəsən...
- Bəli, nəhayət ki, sonunda dayım məni teatra aparıb işə düzəltdi. 1998-ci ilin aprelindən etibarən işləməyə başladım. Bu il artıq teatrda olan fəaliyyətimin 20 ili tamam olacaq. 43 yaşım var, amma özümü bu yaşda hiss etmirəm. Arada sinif yoldaşlarım övladlarının toyuna dəvət edəndə yadıma düşür ki, mənim 43 yaşım var (Gülür).

- Yaşınızı hiss etmək olmur, gənc qalmısınız. Sənətinizmi sizi gənc saxlayıb, yoxsa bunun başqa sirri var ?
- Qadını gənc saxlayan onun təmiz ürəyidir. Əgər qadının paxıllığı yoxdursa gənc qalacaq. Paxıllıq olmasa bütün qadınlar gənc qalar. Ümumiyyətlə paxıllıq insanın daxili dünyasını param-parça edir, çürüdür. Mən deyərdim ki, xərçəng xəstəliyi paxıllığın yanında yaxşıdır. Ən azından bilirsən ki, bir müddət çəkir, amma paxıllığı insan ömür boyu çəkir. Nə sənətimdə, nə də həyatımda heç zaman heç kimə paxıllıq etməmişəm. Həyatda nə baş verirsə insanlar onu eləcə də qəbul etməlidir. Mən hər zaman qida rasionuma fikir vermişəm, sağlam qidalar qəbul etmişəm. Spirtli və qazlı içkilərdən uzaq durmuşam. İdman salonlarına getməsəm də, hər zaman evdə idmanla məşğul oluram.

- Lənkərandan getmək barədə heç düşünmüsünüzmü? 
- Xeyr, mən heç vaxt Lənkərandan getmərəm. Çünki mənim burda hörmətim var. 20 illik zəhmətin içində 9 illik fəaliyyətim eyni zamanda yerli televiziya ilə bağlıdır. Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvüyəm, qurultayların nümayəndəsiyəm. 20 ildir, rayonun dövlət tədbirlərini idarə edirəm. Tədbiri aparıram, bütün xərci də özüm çəkirəm. Mən milyoner deyiləm, amma özümə hörmət edirəm. Hər dəfə təzə libas geyinirəm ki, insanlar mənim yaşa dolduğumu, özümə fikir vermədiyimi və s. düşünməsinlər. Məni saxlayan qürurumdur.

- Teatr sizin üçün nədir?
- Bəzi insanlar deyir ki, teatr mənim ailəmdir. Yox, teatr heç vaxt mənim ailəm ola bilməz. Çünki ailəm var - anam, üç bacım, bir qardaşım və onların balaları mənim ailəmdir. Teatr sadəcə olaraq mənim iş yerimdir, ordan maaş alıram, öhdəmə düşən işləri yerinə yetirirəm. Nə teatr mənim ailəmdir, nə də teatrda dost yoxdur.

- Bildiyimiz qədəri ilə son illərdə xına mərasimlərinə də gedirsiniz...
- Televiziyadan çıxandan sonra televiziya adamıyam deyib məclislərə getməyə utanırdım. Lənkəranda qızlardan ən gec xınaya mən qoşuldum. Amma bu gün hamıdan öndəyəm. Xınaya gəlməyimi teatrda olan bir xanıma borcluyam. Çünki o xanım yaşda məndə kiçik olsa da mənə cəsarət verdi. Dedi, get səndə yaxşı alınacaq. Ümumiyyətlə bir işə başlayanda gərək insana dəstək və cəsarət verən olsun. Mən çox xına evlərinə getmişəm, görürəm ki, qızın anası yoxdur, imkanları aşağıdır, pul almıram. Xına məclisindən evə qayıdıb qazancımı qarşıma qoyub haqq-hesab edəndə birinci Allahıma, ikinci o xanıma dua edirəm. Düzdür, o qazandığım pula ev, maşın ala bilmərəm. Amma ən azında ehtiyaclarımı ödəyə bilirəm.

- Aynur xanım cəmiyyətimizdə olan nələrdən narazıdır?
- İnsanlarımızda sevmədiyim bir xüsusiyyət var. Ailə həyatı qurmayan insana tənə edirlər, yazıqları gəlir. Yazıq elə həmin adamların özləridir. Bircə bu məqamda mən qırılıram, yoxsa məni heç kəs qıra bilməz. “Hamı ərə getdi, mən də gedim” düşüncəsi heç vaxt məndə olmayıb. Təhsil almayan, dünya görüşü olmayan, burnundan uzağı görməyən insan sabahı gün gəlib ailə qur deyəndə adam yanıb tökülür. Bir dəfə sinif yoldaşımla rastlaşdım, bəlkə də sinfimizin ən axırıncı şagirdi idi. Onunla yolda qarşılaşdıq, hal-əhval tutduq. Başladı dindən danışmağa ki, ailə qurmayanlar o dünyada cavab verəcəklər, düzgün deyil filan... Bu hadisənin üstündən iki gün keçəndən sonra bütün qəzetlər yazdı, televiziyalar göstərdi ki, həmin sinif yoldaşım özünü çaya ataraq intihar edib, səbəbi isə ərinin onu incitməsi imiş. Bu xəbərdən sonra bilmədim ki, gülüm yoxsa ağlayım. Bizim qızların bəzilərində belə xüsusiyyət var ki, ailə qurmayanda qəmgin və pessimist olurlar.

- Yerli seriallarımıza və filmlərimizə necə, baxırsınızmı? 
- Çox adam deyir ki, mən Azərbaycan kanallarına, yerli seriallara baxmıram. Ancaq mən açığını deyim ki, baxıram. Çünki bugünkü seriallarda tələbə yoldaşlarım, iş yoldaşlarım çəkilir. Onları ekran vasitəsi ilə izlədikdən sonra zəng vurub təbrik edirəm. Onların inkişaf etdiyini görəndə sevinirəm. Nə üçün başqasının sevincinə şərik olmayım?

- Seriallara çəkilmək barədə düşünmüsünüzmü heç?
- Seriala çəkilmişəm, ancaq haqqımı verməyiblər. Mən də bunu heç kimə deməmişəm. Aldadıldığım üçün daha seriallara çəkilmirəm. Senriallara çəkilmək üçün aktyorlara deyirlər ki, kastinqə gəlin. Mənim qürurum yol vermir ki, hansısa rejissorun, prodüserin ayağına gedim. Rejissor özü gəlib teatrdan aktyorları, aktrisaları seçməli, tamaşaları izləməlidir. 2003-cü ildə Elçin Musaoğlu teatra gəlmişdi. O, özü bizim tamaşaları izlədi, davranışımızı müşahidə etdi və məni Hüseynbala Mirələmovun “Durnalar qayıdanda” filminə çəkilməyə dəvət etdi. İndiki seriallara gedib kifayət qədər qonorar alaram, o qonorarı bir günə xərcləyərəm. Ancaq hər dəfə o filmə baxanda mən xəcalət çəkə bilərəm. İndi çox zaman seriala çəkilən aktyor və aktrisa haqqında deyirlər ki, filankəsin vəziyyəti pisdir, onu seriala çəkin. Həmin filankəsin vəziyyəti sabah düzələ bilər, ancaq film elə bir aləmdir ki, o ömür boyu yaddaşlarda qalır.

- Teatrda hazırda hansı tamaşada rol alırsınız?
- Gənc rejissor Emil Əsgərovun “Korlar” tamaşasında  gənc kor qadın rolunu oynayıram. Tamaşa bu il festivala təqdim olunub. Amma etiraf edim ki, son iki ildə teatrla az məşğul oluram. Amma yeni ilin yanvar ayından sonra rollar veriləcək, rejissorlardan rollar gözləyirəm (Gülür).

Könül Oruc 


Xəbər xətti