Konstitusiya Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır

18:09 - 28 Noyabr 2018 - KİVDF

Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır  

Prosessual qanunvericiliyə daxil edilmiş, konstitusiya işinə mahiyyəti üzrə baxaraq onu həll edən Konstitusiya Məhkəməsinin qərarının icrası ilə bağlı Ali Məhkəmənin Plenumunun yenidən hüquqi məsələlərə baxması barədə müddəalar Konstitusiya Məhkəməsinin qərarlarının yüksək hüquqi qüvvəsini şübhə altına ala bilməz. Bu müddəalar qanunvericilik sisteminə daxil  olan aktların hüquqi qüvvəsinə görə iyerarxiyası üzrə Konstitusiya Məhkəməsinin qərarının məcburiliyi barədə konstitusiya normasından  daha aşağıda duran normalardır. Konstitusiyanın 147 və 149-cu maddələrinin müddəalarına əsasən Konstitusiya ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır.

Azərbaycan Respublikasının ərazisində məcburidir və hər hansı qanun ona zidd olmamalıdır. Belə olan halda isə qanunun norması da yalnız konstitusiya normasına uyğun şəkildə tətbiq edilə bilər. Konstitusiyanın 149-cu maddəsində bildirilir ki, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.

Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

 Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilib.

Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat zamanı Ali Məhkəmənin Plenumunun hüquqi məsələlər üzrə işə baxması Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin mənimsənilməsinə və ya qərarlarının təhrifinə (təftişinə, genişləndirilməsinə, məhdudlaşdırılmasına və ya digər formada təfsir olunmasına) səbəb olmamalı, konstitusiya ədalət mühakiməsinin səmərəliliyinə xələl gətirməməli və kassasiya instansiyası məhkəməsinin konstitusiya statusuna uyğun olaraq həyata keçirilməlidir. Bu zaman Ali Məhkəmə və digər məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir.  Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir.

Bu mövqe prosessual qanunvericiliyə edilmiş dəyişikliklərlə və hal-hazırda MPM-də təsbit olunmuş digər müddəalarla da təsdiqlənir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 431-4.2-ci maddəsinə əsasən, hüquq və azadlıqların pozulmasına dair Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu həmin maddədə nəzərdə tutulmuş müvafiq qərarı qəbul edir. Göründüyü kimi Ali Məhkəmənin Plenumunun qərarı Konstitusiya Məhkəməsinin insan hüquq və azadlıqlarının pozulması ilə bağlı yeni hallar üzrə icraat üçün əsas olmuş qərarına uyğun olmalıdır.

Bütün bunlarla yanaşı, Ali Məhkəmənin ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən iqtisadi mübahisələrə dair), cinayət işləri, inzibati xətalara dair və digər işlər üzrə ali məhkəmə orqanı olduğunu nəzərə alaraq, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat zamanı Ali Məhkəmə tərəfindən onun prosessual statusu çərçivəsində hüquqi məsələrə baxılması yolverilən hesab edilə bilər. Lakin Ali Məhkəmənin Plenumunda (eləcə də bundan sonra müvafiq işə yenidən baxılması zamanı digər məhkəmələrdə) bu məsələlər həll olunarkən Konstitusiya Məhkəməsinin qərarının icrasına və qəbul olunan qərarın ona uyğun olması barədə qanunvericiliyin müddəalarına daim diqqət yetirilməlidir.  Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi (Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır  (1.1) Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları və Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi təşkil edir.

Qeyd olunan işlər üzrə Ali Məhkəmənin Plenumunun iclasında əsas etibarı ilə Konstitusiya Məhkəməsi qərarına görə Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilərək qüvvədən düşmüş məhkəmə aktlarının tam və ya qismən ləğv edilməsi, bundan başqa hansı məhkəmə aktının qüvvədə saxlanılması və işin yenidən baxılması üçün müvafiq məhkəməyə  göndərilməsi kimi məsələlər həll edilməlidir.

Bununla əlaqədar olaraq nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin qərarının icrası ilə bağlı Ali Məhkəmənin Plenumunun iclasının keçirilməsi məhz onunla şərtlənilir ki, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraatın həyata keçirilməsi prosessual qanunvericiliklə  Ali Məhkəmənin Plenumuna həvalə olunub.

Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktları Konstitusiyaya və ya qanunlara uyğun olmayan hesab edildikdə və bu aktlarla hüquq və azadlıqların pozulduğu müəyyənləşdirildikdə sonrakı məhkəmə baxışı prosesi məhz yol verilmiş qanun pozuntularının aradan qaldırılmasına və pozulmuş hüquqların bərpasına yönəlməlidir. Hüquq və azadlıqlarının pozulduğu müəyyən edilmiş şəxslərin hüquqi vəziyyətini pisləşdirmək, onları süründürməçiliyə cəlb etmək üçün müvafiq məhkəmə instansiyalarında işə yenidən baxılmasını təşkil etmək yolverilməzdir. Belə halların baş verməsi konstitusiya prinsiplərinin pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda konstitusiya işinin əsasını təşkil edən məsələ üzrə digər tərəfin hüquq və azadlıqlarının müdafiəsi, işin tam araşdırılmamış hallarının aydınlaşdırılması, məhkəməyə müraciət (məhkəmə müyəssərliyi) hüququnun pozulduğu halların xüsusiyyətləri nəzərə alınmalıdır.

Ali Məhkəmənin Plenumu Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq məhz hüquq və azadlıqları pozmaqla qəbul edilmiş və ali konstitusiya ədalət mühakiməsi orqanı tərəfindən qüvvədən düşmüş hesab olunmuş məhkəmə aktını ləğv edərək  iş üzrə daha əvvəl və eyni zamanda hüquq və azadlıqları pozmadan qəbul edilmiş məhkəmə aktlarını dəyişdirilmədən saxlamalıdır. Birinci instansiya məhkəmələrində işə yenidən baxılması zərurəti isə yalnız hər hansı bir şəxsin məhkəməyə müraciət (məhkəmə müyəssərliyi) hüququnun pozulması ilə əlaqədar ola bilər.

Xəbər xətti