Ana səhifə
12 Dekabr 2018

Bakıda Rəsul Həmzətovun 95 illiyinə həsr olunmuş musiqili ədəbi gecə keçirilib

Bakıda Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram teatrında Dağıstanın Xalq şairi, tərcüməçi, publisist, siyasi xadim Rəsul Həmzətovun anadan olmasının 95 illiyi münasibətilə  musiqili ədəbi gecə keçirilib

Ucnoqta.az xəbər verir ki, tədbirdə Dağıstanın Azərbaycan Nümayəndəliyinin əməkdaşları, ziyalılar, KİV nümayəndələri həmçinin tədbir iştirak etmək üçün Rusiyadan yazıçının yaxınları Rəsul Həmzətov adına Beynəlxalq İctimai Fondun, Dağıstan hökumətinin, Dağıstan Yazıçılar İttifaqının nümayəndələri, Federasiya Şurasının üzvləri gəliblər.
Dəvət olunanlar arasında Azərbaycanın Mədəniyyət Nazirliyinin, Bakıdakı ali məktəblərin müəllimləri, həmvətənlər təşkilatlarının nümayəndələri, Azərbaycanın Yazıçılar Birliyinin və digər ədəbi birliklərinin üzvləri olublar. Tədbir iştirakçıları arasında Xalq yazıçısı Anar da olub.

Qeyd olunub ki, 2003-cü ildə dünyasını dəyişmiş Rəsul Həmzətovun poeziyası bütöv bir mədəni dövrü əhatə edir. Bu poeziya vaxtilə eyni bir ölkədə yaşamış müxtəlif xalqları birləşdirirdi. Onun şeirləri dünyanın bir çox dillərinə tərcümə edilib, o, sağlığında dünya poeziyasının klassiki olub. Şairin avar və rus dillərində, Dağıstan, Qafqaz və bütün dünya xalqlarının bir çox dillərinə tərcümə edilmiş onlarca poeziya, nəsr və publisistik kitabı nəşr edilib. Onun poeziyasının işıqlı lirikası və müdrikliyi bu gün də şairin sənəti ilə tanış olan hər bir kəsi valeh edir.

R.Həmzətovun bir çox şeirləri mahnılara çevrilib. Onun sözlərinə yazılmış “Durnalar” mahnısı müharibələrdə həlak olmuş qəhrəmanlara ucaldılan bir növ abidə-rekviyemdir. Dünyada 160 ağ durna abidəsi vardır.
Bir çox bəstəkarlar, o cümlədən Dmitri Kabalevski, Yan Frenkel, Raymond Pauls, Yuri Antonov, Aleksandra Paxmutova R.Həmzətovla birgə işləmişlər. Anna German, Qalina Vişnevskaya, Müslüm Maqomayev, İosif Kobzon, Valeri Leontyev, Sofiya Rotaru, Vaxtanq Kikabidze, Mark Bernes və Dmitri Xvorostovski onun şeirlərinə yazılmış mahnıların ifaçıları sırasındadır.

Rəsul Həmzətovun şeir və poemalarını İlya Selvinski və Sergey Qorodetski, Semyon Lipkin və Yuliya Neyman kimi qələm ustaları rus dilinə tərcümə etmişlər. R.Həmzətovun şair dostları Naum Qrebnev, Yakov Kozlovski, Yakov Xelemski, Vladimir Solouxin, Yelena Nikolayevskaya, Robert Rojdestvenski, Andrey Voznesenski, Yunna Morits onunla daha səmərli işləmişlər. Rəsul Həmzətoviç özü isə Puşkinin, Lermontovun, Nekrasovun, Şevçenkonun, Blokun, Mayakovskinin, Yeseninin şeir və poemalarını, Puşkin dövrü şairlərinin, ərəb şairi Əbdüləziz Xocanın və başqalarının şeirlərini avar dilinə tərcümə etmişdir.

Poeziya haqqında nəsrlə danışmaq çətindir. Gecədə onun şeirləri, şairin sözlərinə yazılmış rus, Azərbaycan və avar dilində mahnılar səsləndirilmişdir.
Çıxış edənlər qeyd ediblər  ki, Rəsul Həmzətovun yaradıcılığı müdriklik və igidlik, məhəbbət və ağrı, dua və lənət, həqiqət və inam, alicənablıq və xeyirxahlıq, anlar və əbədiyyət elmidir. Şair həmişə böyük humanist olub. Onun yaradıcılığı həyata, insanlara, Yer kürəsinə, dünyaya məhəbbətlə yoğrulmuşdur. Rəsul Həmzətov yer üzündə şərə, miskinliyə və acizliyə qarşı amansız olmuşdur.
Rəsul Həmzətovun yaradıcılığı qəhrəman Dağıstan obrazını yüksək mənəviyyat və özünəməxsus mədəniyyət nuru ilə şəfəqləndirmişdir. Bununla yanaşı o, milli ədəbiyyatın janr palitrasını xeyli genişləndirmişdir. Həmzətov yaradıcılığı ilə Dağıstan ədəbiyyatı çox böyük bir yol keçmiş və dünya mədəniyyətində layiqli yer tutmuşdur.

Ədəbiyyat sahəsində görkəmli nailiyyətlərinə görə Rəsul Həmzətov bir çox fəxri adlar və mükafatlar ilə təltif edilib

Rəsul Həmzətoviç dörd Lenin ordeni, bir Oktyabr İnqilabı ordeni, üç Qırmızı Əmək Bayrağı ordeni, Xalqlar Dostluğu, “Vətən qarşısında xidmətlərinə görə”, Böyük Pyotr ordenləri, Bolqarıstanın Kiril və Mefodiya ordeni, Gürcüstanın “Zolotoye runo” ordeni ilə və bir çox medallarla təltif edilib.

Tanınmış ədəbiyyatşünaslardan K.Sultanov, V.Oqnev, V.Dementyev şairin həyat və yaradıcılığı haqqında kitablar yazıb nəşr etdirmişlər. Onun haqqında “Ürəyim dağlardadır”, “Ağ durnalar”, “Rəsul Həmzətov və Gürcüstan” kimi sənədli filmlər və televiziya filmləri çəkilmişdir.
Rəsul Həmzətov “Novıy mir”, “Drujba narodov” jurnallarının, “Literaturnaya qazeta”, “Literaturnaya Rossiya” qəzetlərinin, başqa qəzet və jurnalların redaksiya heyətlərinin üzvü olmuşdur. 1951-ci ildən ömrünün sonunadək Dağıstanın Yazıçılar Təşkilatına rəhbərlik etmişdir.

Tədbirin proqramında yubilyara həsr olunmuş sərginin açılışı, R.Həmzətov haqqında sənədli qısa filmin nümayişi də olub.

Tarix
28 Noyabr 2018 [14:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin