Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti olub

10:49 - 27 Noyabr 2018 - Mədəniyyət

Vyana Ştraus Festival Orkestri Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib. 

Mərkəzdən "Report"a verilən məlumata görə, konsert orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qutun dirijorluğu ilə keçib. Peter Qut bu gözəl şəhərdə - Bakıda, Zaha Hadidin layihə müəllifi olduğu möhtəşəm memarlıq abidəsində artıq üçüncü dəfə çıxış etdiklərini və bundan çox məmnun olduqlarını bildirib.
“Vyana musiqisini çoxları sevir. Bu qədər insanın bizi dinləməyə gəlməsindən çox xoşbəxtik”, - Peter Qut vurğulayıb.

Vyana Ştraus Festival Orkestri 2014 və 2016-cı illərdə də Heydər Əliyev Mərkəzində çıxış edib. Orkestrin budəfəki konserti də anşlaqla keçib.

Bayram ovqatlı konsertdə dünya şöhrətli avstriyalı bəstəkar, “valsın kralı” İohan Ştrausun, həmçinin digər klassiklərin – ata İohann Ştraus, Yulius Fuçik, Yozef Ştraus, Eduard Ştraus və Karl Mixael Tsirerin əsərləri təqdim olunub. Peter Qut proqram boyu ifa etdikləri əsərlər və onların müəllifləri barədə məlumat verib. Tamaşaçılarla canlı ünsiyyət quran dirijor maraqlı improvizasiyalar edib, izləyiciləri konsertin fəal iştirakçısına çevirib. Peter Qut dirijorluqla yanaşı, həm də skripkada ifa edib. Orkestrin hər çıxışı alqışlarla qarşılanıb.

1978-ci ildən fəaliyyət göstərən orkestr Vyana musiqi ənənələrinin qoruyucusu kimi klassik əsərlərdən, o cümlədən Ştrauslar sülaləsinin bəstələrindən ibarət geniş repertuarı ilə dünyada nüfuz qazanıb.

Peter Qut Vyana Musiqi Akademiyasında təhsil alıb, daha sonra üç il Moskva konservatoriyasında tanınmış skripkaçı və dirijor David Oystraxın sinfində məşğul olub. О, mütəmadi olaraq tanınmış simfonik və kamera orkestrləri ilə qastrollara çıxır və böyük opera teatrlarının səhnəsində təqdim olunan operrettalarda dirijorluq edir. Peter Qut dirijor və skripkaçı kimi hazırda bütün dünyada məşhurdur.

Xəbər xətti