“Konservatoriyadan diplomumu alanda artıq iki uşaq atası idim”

21:26 - 22 Noyabr 2018 - Müsahibə

Möhlət Müslümov: “Sevinclə qaça-qaça tarımı anama göstərməyə gəlirdim, yıxıldım və tarım düşüb sındı”

“Sovet vaxtında mənə gündə 20 qəpik pul verirdilər. O pulun 10 qəpiyini avtobuslara verirdim, yerdə qalan 10 qəpiklə isə bütün günü dolanırdım. Geyinməyə paltar olmurdu, dekabr ayında pencəyimə o qədər yağış yağmışdı ki, pencəyimin qolları qısalmışdı. Durğunluq dövründə pul tapmırdıq ki, maşına benzin töküb sürək. Öz keçmişimdən də heç zaman utanmamışam”. Bu sözləri bizimlə söhbətində “Üç nöqtə” qəzetinin qonağı dosent, professor, Dövlət Televiziyasında Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri və prezidentin fərdi təqaüdçüsü Möhlət Müslümov dedi. M.Müslümovla keçmişdən, uşaqlıq, gənclik illərindən söhbət açdıq. 

“Gün ərzində ən azı 6-8 saat tar çalırdım” 

Uşaqlıq illəri sadə bir ailədə keçib. Anası evdar qadın, atası isə fəhlə olub. Deyir ki, ailədə iki uşaq olublar, özündən balaca Gülşən adlı bir bacısı var imiş: “Gözümü açandan yaxşı, səviyyəli musiqilər eşitmişəm, Xalq musiqisi, muğamla böyümüşəm. Anam evdar qadın olsa da, universitet bitirənlərdən çox bilirdi. Mənə ən qəliz sözləri öyrədirdi, özünə görə əruz vəznini bilirdi. Musiqiyə uşaqlıq illərindən həvəsim var idi. Musiqi, ritm canımda, qanımda olub. Musiqini, tarı çox sevmişəm. Və 10 yaşımdan musiqi məktəbinə getməyə başlamışam. Musiqi məktəbinə gedənə qədər yaxşı oxuyurdum, qiymətlərim 4-5 olurdu. Musiqi məktəbinə getdikdən sonra isə elə bil o fənlərdən soyudum. Həmin fənlər mənim üçün artıq arxa planda qaldı. Çünki gün ərzində o qədər tarla məşğul olurdum ki, ən azı 6-8 saat tar çalırdım, məşq edirdim. Sanki tar mənim həyatıma çevrilmişdi. Bəzi fənlərlə, riyaziyyat, fizika, həndəsə ilə aram yox idi. Amma ədəbiyyatı, coğrafiyanı, rəsmxəti çox sevirdim. Yəqin bunların da musiqi ilə bağlılığı var imiş. Çox inadkar idim, qarşıma məqsəd qoyurdum və ona çatmaq üçün çalışırdım. Belə-belə arzularıma çatırdım. Bütün arzularıma öz zəhmətimlə nail oldum, mənə heç kim dəstək olmadı. Allaha çox inanan insan olmuşam. Allah Təala əziyyət çəkən bəndəsini mütləq mükafatlandırır, əziyyətini yerdə qoymur”. 

“Rəhmətlik bərk qəzəbləndi, əlini stola vurdu ki, ay vicdansızlar...”

M.Müslümov səkkiz illik orta məktəbi və beş illik musiqi məktəbini bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olub: “Buranı bitirdikdən sonra isə məni təyinatla Xaçmaz rayonuna göndərdilər, burdan da hərbi xidmətə apardılar. İki il hərbi xidmətdə oldum. Ailənin tək oğlu olduğum üçün hərbi xidməti Bakıda keçirdim. Amma möhkəm əsgərlik etdim. Aylarla məni evə buraxmırdılar, ağır işdə işləyirdim. Hərbi xidməti bitirməyimə 6 ay qalmış çox çətinliklə icazə alaraq Konservatoriyada imtahan verməyə getdim. Əllərim qabarlı tar çalıb imtahan verdim. O vaxtı doqquz imtahan var idi, altı imtahanı yaxşı verdim, yeddincidə isə SSRİ tarixi fənnindən məni kəsdilər. Hansı SSRİ tarixi ki, bizim başımıza nə oyunlar açdı. İmtahandan kəsiləndən sonra həvəsdən düşdüm. 

Üstündən bir il keçdi, imtahana 20 gün qalmış qəzetdə elan çıxmışdı ki, üç instituta qəbulda əgər ixtisasdan beş qiyməti alsan o biri dərslərdən güzəşt var. SSRİ tarixindən kəsilmişdim deyə qorxurdum. İmtahana 20 gün qalmış hazırlaşdım və getdim. Keçən dəfəki imtahandan fərqli olaraq bu dəfə bəxtim gətirdi, imtahanı götürənlər böyük ustadlar Səid Rüstəmov və Ramiz Mirişli idi. İfamı dinlədikdən sonra Səid müəllim dedi ki, oğul sən bu vaxta kimi niyə qəbul olmamısan? Dedim ki, keçən il hərbi xidmətdən əsgər paltarında gəlib burda imtahan verdim, amma məni SSRİ tarixindən kəsdilər. Rəhmətlik bərk qəzəbləndi, əlini stola vurdu ki, ay vicdansızlar, belə uşağı imtahandan kəsərlər? Mənə beş qiyməti verdi, o biri imtahanlarda da gəlib müəllimlərin başının üstündə dayanırdı ki, bu uşağa əla qiymət yazın, bu uşaq Konservatoriyaya mütləq qəbul olmalıdır. Və beləliklə də qəbul oldum. Onda köməyin, dayağın necə olduğunu bildim. Əgər mənim istedadım olmasaydı Səid müəllim mənə kömək etməzdi. Ramiz Mirişli ilə də sonra Konservatoriyada bir yerdə çalışdıq, dost olduq”. 

“Ansamblla yer kürəsini bəlkə də 5-6 dəfə fırlandım” 

Müsahibimiz hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra Konservatoriyaya qəbul olub və bura qəbul kimi onu Asəf Zeynallı adına musiqi məktəbinə dəvət ediblər: “Ta ki 4-5 il bundan əvvələ qədər orda işlədim. Asəf Zeynallıda ən gənc müəllim idim. Həmin vaxtı Azərbaycan televiziyası və radiosunda Səid Rüstəmovun orkestrında işləyirdim. Əsas işim ifaçılıq idi, müxtəlif ansambllarda çıxış edirdim. Hazırda rəhbəri olduğum Əhməd Bakıxanov adına Xalq Çalğı alətləri ansamblında işlədim. Polad Bülbüloğlu Filarmoniyada Cabbar Qaryağdı adına üçlük yaratdı və üçlüyün solisti oldum. O üçlük və ansamblla yer kürəsini bəlkə də 5-6 dəfə fırlandım. Milli Konservatoriya yarandıqdan sonra isə mənə dossent vəzifəsi verdilər, hazırda professoram. Həm də dövlət televiziyasında Əhməd Bakıxanov adına ansamblın bədii rəhbəri və prezidentin fərdi təqaüdçüsüyəm. Mənə dərs deyən korifeylər xalqımızın bu gününü görmədilər. Dövlətimiz, prezidentimiz, birinci xanımımız Mehriban xanım bizim milli musiqi alətlərimizi, tarımızı, kamançamızı, sazımızı görün haralara qaldırdılar. Bu gün biz fəxrlə deyə bilirik ki, tar, muğam bizimdir”.  

“Maşına benzin töküb sürmək üçün bir manat pul tapmırdıq” 

Müsahibimiz gənclərə məsləhət görür ki, qarşılarına məqsəd qoysunlar və buna çatmaq üçün çalışsınlar: “Ac da, susuz da qalmışıq. Durğunluq illərində maşına benzin töküb sürmək üçün bir manat pul tapmırdıq. Amma gərək bütün çətinliklərə dözəsən. Düşünürdüm ki, bu qədər əziyyət çəkib oxumuşam. Gör, kimlər mənə dərs keçib, hansı böyük korifeylər mənim müəllimim olub. Bu sənəti atıb başqa sahəyə keçməyi təsəvvürümə gətirə bilmirdim. Dözdüm və şükür Allaha xalqımız da, dövlətimiz də mənim üçün lazım olan hər şeyi etdi. Əzab-əziyyətlə də olsa istədiklərimə qismən nail olmuşam. İnsan yaşadıqca arzuları bitmir, hələ arzularım var. Çox çətinliklərlə oxumuşam, mən bunu hər yerdə deyirəm. Bəzən verilişlərdə haqqımda filmlər çəkilir. Haqqımda rəy yazırlar ki, vay-vay yazığımız gəldi, bilsəydik sənə kömək edərdik. Mən  bunları demirəm ki, kimsə mənə kömək etsin. Ona görə deyirəm ki, indiki gənclər zəmanənin qədrini bilsinlər. Sovet vaxtında mənə gündə 20 qəpik pul verirdilər. O pulun 10 qəpiyini avtobuslara verirdim, yerdə qalan 10 qəpiklə isə bütün günü dolanırdım. Geyinməyə paltar olmurdu, dekabr ayında pencəyimə o qədər yağış yağmışdı ki, qolları qısalmışdı. Bax, mən bu çətinlikləri görmüşəm. Öz keçmişimdən də heç zaman utanmamışam”. 

“Konservatoriyadan diplomumu alanda artıq iki uşaq atası idim” 

24 yaşında ailə həyatı qurduğunu bildirən müsahibimiz deyir ki, həmin vaxtı Konservatoriyada tələbə olub: “Həyat yoldaşım elə qonşu qızı idi. Mən həmişə valideynlərin məsləhəti ilə oturub durmuşam. Ailə həyatı quranda da onların məsləhətinə qulaq asdım və qonşumuzun qızı ilə evləndim. 3-cü kursda oxuyanda qızım anadan oldu, 5-ci kursda dövlət imtahanı verəndə isə ikinci övladım, oğlum dünyaya gəldi.  Konservatoriyadan diplomumu alanda artıq iki uşaq atası idim. Şükür Allaha bu gün çox gözəl ailəm var. Xasiyyətim bir az köhnə kişilərin xasiyyətindəndir. İndi də gənclərə məsləhət verirəm ki, valideynlərinizin sözünə qulaq asın, onların razılığı ilə evlənin. Özləri sevib, seçsinlər, amma valideyn xeyir-duası olmadan evlənməsinlər. Çünki valideyn razılığı olan ailələr möhkəm və bərəkətli olur. Mən təsərrüfatı sevən kişilərdənəm. İstədiyim yeməyi özüm bişirə bilərəm, deyilənə görə əlimin dadı-duzu da var. Lakin xanımım mətbəxə girməyimə icazə vermir, deyir ki, əllərin xarab olar. Bazarlığı, mətbəxi sevirəm ”. 

“15 yaşıma qədər bilmirdim ki, beş mərtəbə harada yerləşir” 

M.Müslümov deyir ki, kənd adamı olub, kənddə böyüyüb. Vurğulayır ki, bəzi şeylər haqqında məlumatı olmayıb: “15 yaşıma qədər bilmirdim ki, beş mərtəbə, teatr harada yerləşir. Bunların hamısını sonradan bilmişəm. Yer kürəsini 5-6 dəfə fırlandım, 50-dən çox ölkədə oldum, o ölkələrdə o qədər gözəl hadisələr olub... O yerlərə gedəndə bəzən elə şeylər olub ki, özüm-özümə gülmüşəm. Amma bilmədiyim heç nədən utanmırdım, soruşub, öyrənirdim. Musiqi məktəbini bitirmişdim, Asəf Zeynallıya qəbul olanda müəllim dedi ki, tarı dəyişmək lazımdır. Atam mənə tar aldı, maşından düşüb sevinclə qaça-qaça gəlirdim ki, tarımı anama göstərim, yıxıldım, tarım düşüb sındı. Çox pərişan olmuşdum. Kasıblıq idi, o tarı atam mənə çox çətinliklə almışdı”.  

“Konsert zamanı mizrab birdən-birə əlimdə 3 dəfəyə qırıldı”

Dünyanın 50-dən çox ölkəsini gəzən müsahibimiz deyir ki, tarın mizrabı elə möhkəm olur ki, əl ilə əydikdə də sınmır. Lakin bir dəfə İranda konsert verən zaman başına maraqlı bir hadisə gəlib: “Bir dəfə İranda səhnədə tar çalanda üç dəfə tardan çırtıltı səsi gəldi, bu səsi tamaşaçılar da eşitdi, mizrab birdən-birə əlimdə 3 dəfəyə qırıldı. Əslində gözə filan inanan adam deyiləm, buna möcüzə deyirəm. Amma bunun qırılmağından heç də pis olmadım, ehtiyat mizrabı çaldım. Konsert qurtarandan sonra isə mizrabı yerinə yığdım. İndi də nə qədər mizrabı sındırmağa çalışıram, amma bunu etmək qeyri-mümkündür”. 

Könül Oruc 

 


Xəbər xətti