Bakıda həkimə qarşı dələduzluq edən şəxsə hökm oxundu

15:18 - 20 Noyabr 2018 - Xəbər

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cahid İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə C.İsayev 8 il azadlıqdan məhrum edilib.
İttihama görə, C.İsayev Familə Abdullayeva ilə Mehriban Məmmədovaya qarşı dələduzluqda təqsirləndirilir. O, Bakıda həmin şəxslərə yalan vədlər verərək depolardan tibbi ləvazimatlar alıb apteklərə satmaq yolu ilə gəlir əldə edəcəklərini bildirib.

Qadınlar həmin işin görülməsi müqabilində ona, ümumilikdə 95 min manat pul verəndən sonra isə C.İsayev onları aldadıb.

Daha sonra F.Abdullayeva ilə M.Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edib. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş C.İsayev saxlanılaraq istintaqa təqdim edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, M.Məmmədova 2000-ci illərdən Uşaq Nevroloji Xəstəxanasında həkim vəzifəsində çalışır. C.İsayev isə bir müddət əvvəl "Azərfarm" dərman şirkətində satış meneceri vəzifəsində çalışıb.

Xəbər xətti