Eyyub Hüseynov: “Talış zənbilləri sellofan torbaların ən gözəl alternativi ola bilər”
Məlahət Abbasova: “Plastik qab və sellofan paketlərin istifadəsi son həddə qan və xərçəng xəstəliyinə belə gətirib çıxara bilir”
Adil Qeybulla: “Bu gün okeanlara, dənizlərə atılan plastik qabları təmizləmək üçün bəlkə də bir əsr vaxt lazımdır”
ABŞ ekoloqlarının araşdırması nəticəsində məlum olub ki, hər il dünyada 500 milyard (qeyri-rəsmi məlumatlara görə - 1 trilyon) sellofan torba istehsal edilir. Dünyada hər 1 dəqiqədə isə 1 milyon polietilen torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir. Alış-verişlərin ən başlıca yardımçısı hesab edilən bu torbaların təbiətə vurduğu zərərlər saya gəlməyəcək qədər çoxdur. Lakin artıq bir sıra dünya ölkələri sellofan paketlərdən imtina edir. Tayvan, Keniya, Uqanda, Fransa, Amerika, Latviya və bu kimi bir çox ölkələrin hökumətləri də sellofan paket istifadə edilməsini yasaqlayıb. Gürcüstanda da onlardan istifadəyə qadağa qoyulub. Bəs görəsən bu qadağa sistemi bizdə nə zaman tətbiq olunacaq? Sellofan paketlərin və plastik qabların insan orqanizmi üçün nə kimi zərərləri var? Bu istiqamətdə hansı işlərin görülməsinə ehtiyac var?
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib ki, təbiidir ki, polietilen torbalardan tamamilə imtina etmək mümkün olmayacaq, onların çeşidləri çoxdur: “Amma tədricən bəzilərinin məhdudlaşdırılması çox önəmlidir. Polietilen torbaların məhdudlaşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər tərəfdaş təşkilatlarla birgə təbliğat işləri aparır. Maarifləndirmə işlərinin məqsədi plastik tullantıların idarə edilməsinə daha yaxın olmaq və bu problemi Azərbaycan üçün yumşaltmaqdır”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bir sıra Avropa ölkələri sellofan torbaların istifadəsinə qadağa qoyubdur. Azərbaycanda da bu proses mütləq getməlidir: “Amma bizdə əksinədir, hansı marketə gedirsən nə qədər istəsən sellofan torba götürə bilərsən. MDB məkanında sellofan torbalar istifadə olunur, lakin o şəffaf və çox nazikdir. Həm də birmənalı olaraq pulla satılır. Mən də bunun tərəfdarıyam ki, sellofan torbalar pulla satılsın və tədricən bu azaldılsın. Əhali ev torbalarından və çit torbalardan istifadə etməyə başlasın. Talış zənbilləri sellofan torbaların ən gözəl alternativi ola bilər. Dünyanın heç bir yerində olmayan, ekoloji təmiz, Talış bölgəsinə aid olan əsl bazar zənbilləridir. Hətta bu zənbilləri üstəlik xarici bazara da çıxartmaq olar”.
AİB sədrinin sözlərinə görə, “Azərsun” öz ticarət şəbəkəsində “Bazar store”də çox yaxşı bir təşəbbüs edib, torbaları bir qədər nazildib və üstünə elan yazıb. Elanda deyilir, yaxşı olar ki, bundan istifadə etməyəsiniz, çit torbalardan istifadə edəsiniz. Düşünürəm ki, Azərsun” və “Bazar store”un bu təşəbbüsünə digər marketlər də qoşulmalıdır. Torbalar nazildilməli, əhali də yavaş-yavaş imtina etməlidir”.
E.Hüseynov vurğuladı ki, bu torbalar ətraf mühiti intensiv olaraq çirkləndirməklə bərabər, yananda zəhərli qaz da buraxır: “Təkcə torpağı deyil, eləcə də havanı korlayır, çirkləndirir. şəhər uşaqlarından inəklərin nə ilə qidalandığını soruşanda sellofan torba ilə cavabını vermələri heç də təsadüfi deyil ki. Çünki şəhər ətrafında zibilliklərdə inəklərin sellofan torba yediklərini görürük. Bunlar hamısı anormal haldır və insanların həyatında öz mənfi izlərini qoyur”.
AİB sədri onu da nəzərə çatdırdı ki, kağız və parça torbaların istehsalı baha başa gəldiyindən ticarət obyektləri sellofan qablaşdırmaya üstünlük verir: “Polietilen torbalar orqanizm üçün zərərlidir. Polietilen torbaların təkrar istifadəsi qadağan olunsa da, bəzi şirkətlər istifadə olunan paketləri toplayaraq onlardan təkrar istifadə edir. Şəffaf torbalar isə çox nazik olduğundan içərisinə isti çörək və ya digər isti ərzaq qoyduqda əriyir, qırışır və ərzaqla reaksiyaya girir. Ucuz başa gəldiyi üçün insanlar sellofanlarda ərzaqlarını daşımağa üstünlük versələr də, bu insan orqanizmi üçün zərərlidir”.
E.Hüseynov qara rəngli sellofan torbalar daha təhlükəli olduğunu xüsusi olaraq qeyd etdi. Bildirdi ki, bu cür torbalarda qida saxlamaq heç də məsləhətli deyil: “Qara və digər rəngli torbalar zibillərin təkrar emalından alınır. Bəzi torbaların rəngi asanlıqla insanın əlinə və torbada saxlanılan ərzağa da keçir. Ərzaq vasitəsilə isə orqanizmə daxil olur. Qara sellofan torbaların istehsalı xeyli azalıbdır, bunun üçün vaxtilə xeyli işlər aparıldı. Bunlar daha zərərli və pis qoxuludur”.
Həkim-terapevt Məlahət Abbasova bildirdi ki, sellofan torbalar və plastik qablar hamısı sintetik maddələrdən, neftin töküntülərindən, yəni son məhsullarından hazırlandığı üçün çox zərərlidir: “Yəni təbii yolla deyil. Təsəvvür edin ki, sintetik bir qabın içində adi təbii suyu saxlayırsan və həmin su o maddələrlə reaksiyaya girir və insan orqanizminə ziyanı olan maddələr əmələ gəlir. Həmin maddələr orqanizmdə yığışaraq bir sıra xəstəliklər yaradır. Bir də görürsən ki, uşaqlarda səbəbsiz dəri səpgiləri, mədə-bağırsaq pozğunluğu və s. xəstəliklər olur. Son həddə qan və xərçəng xəstəliyinə belə gətirib çıxara bilir. Onun üçün də bacardıqca yemək içmək məhsullarının saxlanılmasında təbii maddələrdən hazırlanmış vasitələrdən istifadə etmək lazımdır. Və çalışmaq lazımdır ki, plastik qablardan və sellofan torbaların istifadəsi məhdudlaşdırılsın”.
Elmin araşdırmalarının və nəticələrinin ortada olduğunu bildirən tibbi məsələlər üzrə ekspert Adil Qeybulla isə deyir ki, uzun müddətli araşdırmalar nəticəsində sellofan torbaların və plastik qabların zərərləri elmi sübuta yetirilib: “ Ona görə də plastik qablardan istifadə bir çox dünya ölkələrində qadağan olunub. Plastik qabların heç yerdə həll olunmamamsı, torpağa qarışmaması və ümumiyyətlə onların utilizasiyası ciddi problemlər yaradır bütün bunlar da göz önündədir. Bu gün okeanlara, dənizlərə atılan plastik qabları təmizləmək üçün bəlkə də bir əsr vaxt lazımdır. Bu qədər böyük itki var. Bu ciddi və ekoloji problemdir”.
A.Qeybulla deyir ki, plastik qabların tərkibindəki toksiki maddələr müxtəlif təsirlərdən, günəş şüasından, istidən onun tərkibində saxlanılan qidalara, ərzaqlara hopur və insan orqanizminə toksiki təsir göstərir: “ Plastik qablar qətiyyən məsləhətli deyil. Ona görə də qidanı uzun müddət onun içində saxladıqda qidanın dadını və tərkibini dəyişir. Plastik qablardan və sellofan torbalardan istifadə etmək insan sağlamlığı üçün zərərli və təhlükəlidir. Genofondun qorunması baxımından dünyanın hər yerində ərzaq təhlükəsizliyi Milli təhlükəsizlik konsepsiyası məsələsidir. Bir neçə ölkələrdə plastik qabların və sellofan torbaların qadağa olunması ilə bağlı qərar çıxıb və onlar başqa alternativ materiallarla əvəz olunur”.
Ekspertin sözlərinə görə, bizdə buna keçmək o qədər də çətin deyil: “Əvvəla burda əhali çox azdır. Hesab edirəm ki, əhalinin qeyri-plastik materiallarla təmin olunması Azərbaycanın imkanları daxilindədir ”.
Könül Oruc