“Aktyor yaşa dolduqca sanballı əsərlərdə oynamaq istəyir”

21:10 - 20 Noyabr 2018 - Müsahibə

Şıxı Yaqubov: “Gecə saat 3-də rol verilib, səhər 8-də isə tamaşaya çıxmışam”

“Zülfüqar Abbasov gecə saat 3-də məni yanına çağırdı. Aktyorlardan biri dünyasını dəyişdiyi üçün həmin rolu mənə təklif etdilər. Halbuki o tamaşada başqa bir obrazım var idi. Sumqayıtda Kimyaçılar Sarayında çoxsaylı qonaqlar olmaq şərti ilə saat 8-də tamaşa olacaqdı. Dedim, Zülfüqar müəllim bu qədər qısa zaman ərzində o rolu hazırlaya bilmərəm. Dedilər yox, bizi ancaq vəziyyətdən sən çıxara bilərsən. Gecə saat 3-də rol verilib, səhər 8-də isə tamaşaya çıxmışam. Nə çörək yemişəm, nə su içmişəm. Belə çox əziyyətli günlərimiz olub”.
Müsahibimiz Mingəçevir Dövlət Dram Teatrının aktyoru, prezident təqaüdçüsü, Əməkdar artist Şıxı Yaqubovdur. Ş.Yaqubovun “Üç nöqtə”yə verdiyi müsahibəni sizlərə təqdim edirik.

- Bir neçə gün əvvəl Mingəçevir şəhərinin 70 və teatrının 50 illik yubileyi tamam oldu. Hər iki yubiley üst-üstə düşdü. Necə keçdi? 
- Tədbir çox yüksək və təntənəli şəkildə keçdi, çox gözəl oldu. Mingəçevir şəhəri vətənimizdə ikinci şəhərdir, nur şəhəridir. Teatrımızın isə yarım əsrlik tarixi var. Teatrda çoxsaylı böyük aktyorlarımız olub, hansı ki artıq dünyasını dəyişiblər. Teatrda ümidimiz gənclərədir. Teatrların yaşaması üçün gənclərin böyük zəhməti tələb olunur.

- Bəs bugünkü gənclərin fəaliyyətindən razısınızmı? 
- Əlbəttə razıyam. Razı olmasam burda işləmərəm.

- Gənc olanda müəllimləriniz kimlər olub?
- Mən heç yerdə bu barədə danışmamışam. Şahmar Ələkbərov, Həsən Məmmədov, Elxan Qasımov, Əbdül Həsənov (Şeyx Əbdül) və  Muxtar Maniyev kimi böyük insanlardan dərs almışam. Onların mədəniyyətindən, səviyyəsindən, sənətindən bəhrələnmişəm. Hər zaman onlara oxşamağa çalışmışam. Məsələn, Həsən Məmmədovun aktyorluğu, mədəniyyəti mənim üçün əlçatmaz bir zirvə olub. “Gün keçdi” filmində ondan soruşurlar ki, həyatından razısanmı? Deyir, bəli razıyam. Amma yaşa dolduqca insanlar hər şeyə adi baxır. Başa düşürsən ki, hər şeyə ayıq baxmaq lazımdır. Və bilmək lazımdır ki, bəşəriyyətin daimisi deyilsən. Onda yaşamaq çox asan olur. Oturursan öz işinlə məşğul olursan. Bu peşəsindən asılı olmayaraq bütün insanlara aiddir. Yəni insanların iddiası çox böyük olmalıdır.

- Artıq 40 ildən çoxdur ki, bu teatrda fəaliyyət göstərirsiniz...
- Çox böyük təsadüfdür ki, mənim bura gəlişim də elə 1975-ci il noyabr ayının 11-də olub. Əslən Ağdaş rayonundan olsam da orta məktəbi bitirən kimi Bakıya getmişəm. Həm də mən məktəbdə çox gözəl oxumuşam. Orta məktəbdə tədbirlərdə fəal iştirak edərdim. İçimdə uşaqlıdan aktyor olmaq arzusu var idi. Bəlkə də ədəbiyyat müəllimimiz məni buna həvəsləndirib. Atam dünyasını dəyişdi, vəziyyət elə gətirdi ki, instituta sənəd verə bilmədim. AZİ-nin texnikumuna qəbul oldum. Buranı bitirib Bakıda Sabunçu rayonunda Elektrik zavodunda injiner texnoloq işləmişəm. Elə burdan da əsgərliyə getdim, qayıdıb gəldikdən sonra rəhmətlik Adil İsgəndərovun Kinostudiyanın nəzdində aktyorluq məktəbi vardı. Çoxsaylı insanlar ora sənəd vermişdi. Mən də ora qəbul oldum. Bitirdikdən sonra Mingəçevir Dövlət Dram Teatrına gəlmişəm. Əslində mən bunu əvvəl xatırlamırdım, yubiley günü tədbirdə yadıma düşdü ki, mən noyabr ayının 11-də bu şəhərə gəlmişəm, 15-də isə teatrda işləmək üçün əmrim verilibdir.

- Mingəçevir Teatrında bugünkü vəziyyət, yaradıcılıq mühiti necədir?
- Şükür hər şey yaxşıdır, qaydasındadır. Teatr həmişə həyatı qabaqlamalıdır. Yazarlarımız azdır, aktyor yaşa dolduqca yaxşı, sanballı əsərlərdə oynamaq istəyir. Bu da ki hələ qismət deyil. Bu yaxınlarda “Bir saatlıq xəlifə”də vəzir obrazını oynamışam. Teatrlarda ümumi götürdükdə hər bir şey ssenari əsasında qurulur. Bu günümüzə şükür olsun, hörmət edirlər, sayılırıq.

- Bildiyimiz qədəri ilə müsahibə verməkdən uzaq olmusunuz, səbəbi nədir?
- Bizdə Həsən müəllim vardı, buna görə mənə deyirdi ki, sən necə aktyorsan axı? Kanallara dəvət edirik, amma getmirsən. Mən də deyirdim ki, mənə reklam lazım deyil. Elə adamlar var ki, televiziyaya çıxmaqla, qəzetdə adı, şəkli göstərilməklə fəxr edir. Məndə heç vaxt elə olmayıb. Amma insan yaşa dolduqca düşünür ki, televiziyaya çıxmaq lazımdır.

- Hər işin öz çətinlikləri olur, bəs sizin işinizin hansı çətinlikləri olub?
- Famil Süleymanovun “Vətən dərdi”, “Qisas qiyamətə qalmaz” kimi böyük əsərlərində böyük rollar oynamışam. Hətta Zülfüqar Abbasov gecə saat 3-də məni çağırdı ki, aktyorlardan biri getmək istəmir. Halbuki o tamaşada başqa bir obrazım var idi. Sumqayıtda Kimyaçılar Sarayında çoxsaylı qonaqlar olmaq şərti ilə saat 8-də tamaşa olacaqdı. Aktyor dünyasını dəyişdiyi üçün rolu mənə təklif etdilər. Dedim, Zülfüqar müəllim bu qədər qısa zaman ərzində o rolu hazırlaya bilmərəm. Dedilər yox, bizi ancaq vəziyyətdən sən çıxara bilərsən. Hər iki tamaşa qızıl fondda var. Gecə saat 3-də rol verilib, səhər 8-də isə tamaşaya çıxmışam. Nə çörək yemişəm, nə su içmişəm. Belə çox əziyyətli günlərimiz olub.

- Başqa yerlərə səfərləriniz olurdumu?
- Bir dəfə Salyana getmişdik, tamaşadan sonra icra başçısı Tahir müəllim bizi yanına çağırdı, söhbət etdik. Keçmiş zamanda səlahiyyətli insanlarla bu dövrdə olan səlahiyyətli insanların yaxşılığından söhbət düşdü. Onlar sanki mənim nəsə deməyimi, fikir bildirməyimi gözləyirdilər. Nəzərlər mənə tuşlananda direktor Həsən müəllim dedi ki, Şıxı müəllim deyəsən ürəyində söz var. Dedim üzr istəyirəm, mən inanmıram ki, indiki dövrdə zalda iclas olsun və birinci katib dağın döşündəki torpaqları bölüb camaata versin. Orda insanlar ev tikib, bağ salıb. Hazırda həmin bağların meyvəsi ilə dolanan insanlar var. Nazirimizin birinci müavini Vaqif müəllimin dayısı Yusif Nəbiyev olub. Allah ona rəhmət etsin.

- Nisgilli qaldığınız bir obraz olubmu?
- Taleh mənə elə nəsib edib ki, istədiyim rolların hamısını oynamışam. Yenə də psixoloji rollar oynamaq istərdim.

- Çəkdiyiniz əziyyətin bəhrəsini görə bilmisinizmi?
- Mən bu şəhərə gələndə burda heç kimim yox idi. Amma insan başını aşağı salıb işlədikdə, həm insanlar, həm də hökumət tərəfindən əməyinə, çəkdiyi zəhmətə qiymət verirlər. Mədəniyyət Nazirliyinin yerləşdiyi yeri hələ bir neçə ildir ki, öyrənmişəm. Çünki lazım olmayıb. Yuxarılara heç vaxt əl atmamışam. Bu gün mən prezident mükafatçısı və respublikanın Əməkdar artistiyəm.

- Niyə məhz Mingəçevir Teatrını seçdiniz, Bakıda qalıb işləmək şansınız olubmu?
- Görünür qismətdə var imiş. Həm böyük qardaşım məsləhət etdi, həm  də əslən Ağdaşdan olduğuma görə yaxın idi. Ağdam teatrının direktorunun oğlu Şəmsi müəllimin bu teatrla əlaqəsi vardı.

- Deyilənə görə, yaxşı səsiniz də var. Bu səsiniz səhnədə heç işinizə yarayıbmı?
- Vaqif Əsədov bizdə hansı əsəri səhnələşdirirdisə orada səsimdən istifadə edirdi. Ötən il Rəhman Rəhmanov bir tamaşa  hazırladı, orda da mahnı ifa etdim. Yeni il şənliyinin tamaşalarının hamısında canlı oxumuşam. Bəhram Osmanovun “Son reportaj” tamaşasında da mahnı ifa etmişəm. 

- Bu günə qədər canlandırdığınız obrazlardan eləsi olubmu ki, o rolda özünüzü görəsiniz? ¬
- Bəli, cəmi bir tamaşa olub. “Son reportaj” tamaşasında Kərim obrazında elə bil özümü oynamışam. Bu tamaşa sırf teatr aktyorlarının həyatından bəhs edən bir əsərdir. Yeri gəlmişkən biz bu tamaşa ilə Türkiyənin Giresun şəhərində keçirilən Beynəlxalq “Giresun Aksu” Festivalı çərçivəsində tanınmış teatr ustası Fevzi Bayazitoğlunun xatirəsinə həsr olunmuş  23-cü  Beynəlxalq Giresun Teatr festivalında iştirak etdik. Tamaşamız uğurla nümayiş olundu.  Bu tamaşa mənə uğur gətirən tamaşalardandır. Orda bizi çox gözəl qarşıladılar. Bəzən deyirlər ki, ruslar teatra daha çox diqqətlidir. Amma mənim fikrimcə, türklər qədər ola bilməz. Türkiyədə tamaşanı oynayanda oradakı tamaşaçıların marağı, reaksiyası məni heyran qoydu. Türk milləti teatrı həqiqətən çox sevir və dəyər verir. 

Könül Oruc 

 


Xəbər xətti