Sahil Babayev Şəmkirdə sakinlərlə görüşüb

17:48 - 16 Noyabr 2018 - Xəbər

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şəmkir rayonunda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəmkir şəhərindəki abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
Vətəndaşlar əsasən sosial təminat növləri, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə, o cümlədən özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılması, əmək hüquqlarının müdafiəsi, reabilitasiya xidmətləri ilə təminat və s. ilə bağlı müraciət ediblər. Sorğu xarakterli müraciətlərlə əlaqədar izahatlar verilməklə, qaldırılan ayrı-ayrı məsələlərin həlli istiqamətində konkret tədbirlər görülüb.

Vətəndaşlarla görüşdə S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası işlərindən danışıb, bu işlər çərçivəsində şəhid hərbi qulluqçuların ailələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə başlandığını diqqətə çatdırıb. O bildirib ki, nazirlikdəki müvafiq Komissiya tərəfindən bu ayın əvvəlindən artıq 224 şəhid hərbi qulluqçu üzrə 281 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub ki, onlardan 58 şəhid hərbi qulluqçu üzrə 105 vərəsə Şəmkir və Tovuz rayonlarında yaşayan vərəsələrdir. Birdəfəlik ödəmə almaq hüququ olan digər vərəsələrə də həmin ödəmənin verilməsi üçün işlər davam etdirilir.

Nazir eyni zamanda, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarında bir qrup şəhid ailəsinin özünüməşğulluq proqramına cəlb edildiyini, onların kiçik ailə təsərrüfatlarının qurulması üçün mal və materiallarla təminatı işlərinin aparıldığını qeyd edib. S.Babayev ümumilikdə həmin proqramın 2018-ci il üzrə iştirakçılarının 590 nəfərinin bu beş rayonun sakinləri olduqlarını, cari ilin 10 ayında Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarında məşğulluq orqanlarının xətti ilə 2506 nəfərin işlə təmin edildiyini deyib. O, bölgədə yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi ev tikintisi işlərinin də davam etdirildiyini bildirib.
Görüşdə ilə ayrı-ayrı vətəndaşlar reabilitasiya xidmətləri ilə təmin edilmələri, peşə hazırlığına, özünüməşğulluq proqramına, ödənişli ictimai işlərə cəlb edilmələri üçün qeydiyyata alınıb, vakant iş yerlərinə göndərişlər verilib.

Şəmkir rayonunda S.Babayev həmçinin bu rayondakı Sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzi ilə tanış olub.

Nazirliyin sifarişi əsasında sosial xidmətlərin göstərilməsi üçün fəaliyyət göstərən mərkəzdə 50 nəfərədək uşaq reabilitasiya xidmətləri ilə təmin olunur. Burada ilk növbədə funksional qiymətləndirmə aparılır, nəticəsinə uyğun şəkildə reabilitasiya üsulları tətbiq olunmaqla, sağlamlıq imkanları məhdud uşaqların əqli və fiziki problemləri aradan qaldırılır. Onların ailələri ilə də müvafiq maarifləndirmə işləri aparılır.

Xəbər xətti