Pensiyaya çıxdığınızı SMS vasitəsilə öyrənəcəksiniz

12:36 - 16 Noyabr 2018 - Cəmiyyət

“Şəxsin pensiya yaşı tamam olduqda onun telefonuna sms vasitəsilə məlumat göndəriləcək ki, siz pensiya yaşına çatmısınız, müəyyən edilən məbləğ, pensiya kartının hansı ünvandan götürülməsi ilə bağlı məlumat veriləcək. Bununla da pensiyaların tam avtomatlaşdırılmasına nail olmalıyıq. Burada dövlət qulluqçuları və güzəştli şərtlərlə pensiyaya çıxanlarla bağlı istisna var. Çünki onların hesablamaları bir qədər fərqlidir, tam avtomatlaşdırılma mümkün deyil”.

Ucnoqta.az “Qafqazinfo“ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əmək pensiyalar haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib. Nazir  müavini həmçinin bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əmək pensiyalarının elektronlaşması, əmək pensiyasının hesablanmasının avtomatlaşdırılması bağlı göstəriş verilib. Həmin tapşırığa uyğun olaraq nazirlik tərəfindən təkliflər hazırlanıb:
“Bildiyiniz kimi ölkədə 2006-cı il yanvarın 1-dən sonra fərdi uçot sistemi tətbiq olunub. Həmin tarixdən indiyədək bütün sığorta haqqı ödəyənlərin uçotu Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir.

Lakin 2006-cı il tarixinə qədər elektron uçot sistemi olmayıb. Vətəndaşlar pensiya təyinatı ilə bağlı müraciət edərkən pensiya stajlarının təsdiq edilməsi üçün bir sıra sənədlərlə müraciət etməli olurdular və onlar əmək kitabçaları ilə bağlı məlumatı arxivdən çıxararaq gətirirdilər. Bu da uzun müddət çəkirdi, bir çox hallarda əsaslı və əsassız mübahisələrə səbəb olur, eyni zamanda sui-istifadə halları da olurdu.
Təklifimizin mahiyyəti ondan ibarətdir ki, 2006-cı ilin 1 yanvar tarixindən əvvəlki dövrə 25 il sığorta stajını avtomatik olaraq hamı üçün hesablamaq istəyirik. 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2019-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bunun nəticəsində biz pensiyaları tam avtomatlaşdırılmış şəkildə təyin etmək imkanına malik olacağıq”.

Xəbər xətti