Musiqili Teatr "Toya bir gün qalmış”ı təqdim edəcək

17:47 - 15 Noyabr 2018 - Mədəniyyət

Noyabrın 17-də saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrı görkəmli yazıçı-dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış” komediyasını təqdim edəcək.

Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, milyonların sevimli gülüş ustası, Xalq artisti, "Şöhrət ordenli” Afaq Bəşirqızı bu tamaşada baş rolu ilə onu sevənlərin görüşünə gələcək. Gözlənilməz və maraqlı situasiyalarla zəngin tamaşada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşının isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Qadın düşünür ki, ərinin ölümünü ört-basdır etməsə, toy təxirə düşəcək və onların bir sıra maraqlarına zərbə dəyəcək. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir. Elə bu ərəfədə "ölü” qəfildən "diri”lir... Əsl tragikomik vəziyyət də məhz bundan sonra başlayır...

Quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov olan tamaşada əsas obrazları Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ağaxan Şərifov ifa edirlər. Tamaşanın baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.


Xəbər xətti