“Sosial şəbəkələrdə saxta profillər açmaq ədəbsizlik və mədəniyyətsizlikdir”

21:44 - 15 Noyabr 2018 - Cəmiyyət

Əhməd Qəşəmoğlu: “Çalışmalıyıq ki, ölkəmizdə internetdən istifadə mədəniyyəti yüksək səviyyədə olsun”
Osman Gündüz: “Feysbuk qaydalarına və mövcud normalara görə, saxta profil və ya səhifələrin yaradılması yolverilməz və qanunsuzdur”


Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə saxta səhifə yaradanlara xəbərdarlıq edib. Qurumdan verilən məlumata görə, son günlər DİN-in adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslərin sayı artmaqdadır.
Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır: “Həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır. Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edirik. Məlumat üçün bir daha xatırlatmaq yerinə düşərdi ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri artıq 2 ilə yaxındır ki, fəaliyyət göstərir”.

Bu kimi hallar az deyil. Bəzi məşhur müğənnilərin, aktyorların da adından saxta profillər açılır, onlar haqqında yalan-yanlış məlumatlar yayılır. Bəs görəsən bunlara qarşı necə mübarizə aparmaq lazımdır?
Bu insanları hansı cəzalar gözləyir?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, bu məsələ haqqında maarifləndirici tədbirlərin aparılması, bu barədə geniş şəkildə müzakirələrin olması, danışıqların aparılması lazımdır: “Sosial şəbəkələrdə saxta profillər açmaq ədəbsizlik və mədəniyyətsizlikdir. Amma təbii ki, o saxta səhifələri açanlara bu sözlər o qədər də təsir etməyəcəkdir. Həmin şəxslərə qarşı ictimai qınaq da yaradılmalıdır, bu da öz yerində. Amma bu məsələlərdə daha çox rol oynayan inzibati metodlardır. Çalışıb saxta səhifələri kimlərin açdığını müəyyən etmək və onlara qarşı da mübarizə aparmaq lazımdır. Onların müxtəlif dərəcələrdə müəyyən məsuliyyətə cəlb olunması çox məqsədəuyğundur. Çünki bu adamlar həmin saxta profilləri və səhifələri məqsədyönlü açırlar,  öz xarakterləri etibarilə neqativ davranışların tərəfdarı olanlardır”.

Ə. Qəşəmoğlu belə məsələlərdə inzibati metodlara daha çox üstünlük verməyin vacibliyini vurğuladı: “Daxili İşlər Nazirliyi (DİN) də bu xəbərdarlığı yaymaqla düz edir. Başqa bir imkanlardan da istifadə etmək lazımdır ki, bu istiqamətdə fəaliyyətdə olan insanlar öz məsuliyyətlərini hiss etsinlər. Çünki saxta səhifə və profil açanların heç biri bunu xoş niyyətlə etmir, onların hamısı neqativ işlərlə məşğul olmaq üçün bunu açırlar. Yəni düz adam bunu niyə etsin ki? Ona görə də bu məsələdə inzibati müdaxiləyə ehtiyac var”. 

Sosioloq əlavə etdi ki, maarifləndirilmə işlərinin aparılmasına ehtiyac var: “Orta məktəblərdə və digər tədris müəssisələrində maarifləndirilmə tədbirləri aparılmalıdır. İnternetdən istifadə mədəniyyəti deyilən bir anlayışı var. Çalışmalıyıq ki, ölkəmizdə internetdən istifadə mədəniyyəti yüksək səviyyədə olsun. Mədəniyyət də o deməkdir ki, burda insanlar istər danışığı, istər davranışı ilə, istərsə də bu cür hərəkətləri ilə ölkədə, başqalarının həyatında gərginliyə yox, daha çox xoş əhval-ruhiyyə yaradırlar. Sosial şəbəkələrdə saxta profil və səhifə açaraq gərginlik yaradan insanlar xoşagəlməyən hərəkətlərlə məşğul olduqlarını başa düşməlidirlər. Anlamalıdırlar ki, bu bir bacarıq, qabiliyyət deyil. Bu sadəcə olaraq neqativ və arzu olunmayan hərəkətdir”.

Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz deyib ki, feysbuk qaydalarına və mövcud normalara görə, saxta profil və ya səhifələrin yaradılması yolverilməzdir və qanunsuzdur: “Feysbukun qaydalarına görə, hər bir şəxs öz real adı altında qeydiyyatdan keçməlidir və özünə yalnız bir hesab aça bilər. Yeri gəlmişkən deyim ki, bütün sosial media platformalarında saxta profil açmaq qadağan olunur. Deməli, əgər başqa ad altında hesab açırsınızsa, siz dərhal feysbukun şərtlərini pozmuş olursunuz. Eyni zamanda, siz başqa birisinin şəklini yükləyərək onu özünüzünkü kimi təqdim edirsinizsə, bu da artıq informasiyanın təhrif olunmasıdır. Eyni zamanda, fərdi informasiyaların qeyri-qanuni əldə edilməsidir. Əgər siz bir başqasının adından informasiyalar yaymağa başlayırsınızsa, bu daha ağırlaşdırıcı bir haldır. Beləliklə, siz faktların təhrif edilməsi ilə məşğul olursunuz”.

Sağlam Cəmiyyət İB-nin sədri, sosioloq Lalə Mehralı isə deyir ki, saxta profil və səhifələrin açılmasını qarşısını almaq üçün bir ara şəxsiyyət vəsiqəsi il qeydiyyatdan keçmək məsələsini təklif etdilər: “Amma mənim fikrimcə, bu qarşısı alınmaz bir şeydir. Çünki internet sərhədsizdir, onun qarşısını hansısa vasitə ilə almaq mümkün deyil. Şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmə məsələsi əgər gündəmə gələrsə, neqativ halın müəyyən qədər qarşısı alına bilər. Amma tamamilə həll edilməz. Çünki bir nəfər bir dəfə qeydiyyatdan keçə bilər, amma bir nəfərin bir neçə səhifə işlədə bilmək kimi öhdəlikləri olur. Sosial şəbəkə menecerləri isə bir dəfə qeydiyyatdan keçsələr də, bəs idarə etdikləri səhifələr necə olacaq? Yəni mexanizm bir qədər natamamdır”.

Sosioloq saxta profil və səhifələrin yaradılmasının qarşısını almaq üçün texnoloji imkanlardan istifadə etməyin yerinə düşdüyünü qeyd etdi: “İnternetdə söyüş, böhtan xarakterli paylaşmaların sahiblərinin (bunlar əksərən saxta profillərin sahibləri olur) məsuliyyətə cəlb olunması mexanizmini işləmək lazımdır. Texnologiyanın kimin, harada, hansı saatda, hansı paylaşmaların sahiblərini tapa bilmək kimi bir imkanı olduğunu bilirik. Yəni bu müasir texnologiyanın əlində su içimi kimi bir şeydir. Sadəcə olaraq bu mexanizmi qurmaq lazımdır. İnsanlar bilməlidirlər ki, müəyyən xoşagəlməz sözlərin, təhqirin, böhtanın, kobudluğun qarşılığında hər hansı bir cinayət məsuliyyətinə cavab vermək kimi öhdəliyi ola bilər”. 

Könül Oruc

Xəbər xətti