Heydər Əliyev adına Neft Emalı Zavodunda yeni qurğular quraşdırılacaq

Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) Modernizasiyası və Yenidənqurması Layihəsi çərçivəsində "Larsen&Toubro" şirkətinin Hindistanda yerləşən zavodunda istehsal olunmuş Dizelin Hidrotəmizlənməsi Qurğusunun Reaktoru Heydər Əliyev adına NEZ-ə gətirilib və yaxın vaxtlarda quraşdırılma prosesinə başlanılacaq. Reaktorun uzunluğu 32,7 metr, eni 8,4 metr, hündürlüyü isə 6,6 metrdir.

Dizelin Hidrotəmizlənməsi Qurğusunun Reaktoru "Larsen&Toubro" şirkətinin Hindistanın Hazira vilayətində yerləşən zavodundan uzun qoşqulu tırlarda Adani limanına və buradan dəniz yolu ilə Rumıniyanın Konstansa limanına gətirilib. Konstansa limanında karqo çay gəmisinə yüklənərək, Volqa-Don kanalı vasitəsilə Bakıya, “Neftqaztikinti” trestinin “Zığ” istehsalat sahəsinə çatdırılıb. Bundan sonra reaktor çoxqoşqulu tırlar vasitəsi ilə Heydər Əliyev adına NEZ-in iş sahəsinə gətirilib.

Zavodun Modernizasiyası və Yenidənqurması Layihəsi çərçivəsində ilkin olaraq dizelin hidrotəmizlənməsi qurğusu üçün nəzərdə tutulmuş avadanlıqlardan hidrogenizatın buxarlandırıcısı (32-K-001) kolonu NEZ-ə çatdırılmışdır. “Tekfen” şirkətinə məxsus uzunluğu 34 metr, diametri 4 metr və 2,6 metr, çəkisi 150 tona yaxın olan bu avadanlıq Türkiyənin Dərincə vilayətindən Qaradəniz-Volqa-Don kanalı-Xəzər dənizi marşurutu ilə 35 gün müddətinə Heydər Əliyev adına NEZ-ə çatdırılıb. Həmçinin kükürdün alınması qurğusu üçün nəzərdə tutulmuş “AMD international SRL” şirkətinin istehsalı olan 130 ton çəkiyə malik 2 ədəd termoreaktor və “Daekyung Machinery& Engineering Co. td” tərəfindən istehsal olunmuş 6 ədəd dizelin hidrotəmizlənməsi qurğusunun reaktorunun xammalının qızdırılması üçün istidəyişdiricilər də artıq zavoda çatdırılıb, quraşdırılma prosesinə start verilib.

Xatırladaq ki, layihənin planlaşdırılan tarixlərdə tamamlanmasını təmin etmək üçün reaktorun istehsalına 2017-ci ilin iyul ayında müqavilənin imzalanmasından dərhal sonra başlanmış və tamamlanması, ümumilikdə, 14 ay çəkib. Ümumilikdə Heydər Əliyev adına NEZ-də yenidənqurma işlərinin 3 mərhələsi çərçivəsində 14 yeni qurğunun inşası nəzərdə tutulur. I mərhələ cari ildə yeni Bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi ilə yekunlaşacaq. II mərhələdə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyətli dizel yanacağının alınması, son mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyətli benzin məhsullarının istehsalı nəzərdə tutulur. Aparılacaq işlər nəticəsində zavodun illik emal gücü indiki 6 mln. tondan 7,5-8 milyon tona qədər artırılacaq, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda A-92/95/98 markalı benzinlərin istehsalı mümkün olacaqdır. Moderinizasiya və yenidənqurma işləri paytaxtın ekoloji mühitinin yaxşılaşdırılmasına xüsusi töhfə verəcək.

Tarix
15 Noyabr 2018 [18:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin