Ana səhifə
12 Dekabr 2018

“Azərbaycan tarını bir daha səhnəyə qaytardılar”

Sahib Paşazadə: “İtalyan əsərini italyanların qarşısında tarla ifa etdikdən sonra Azərbaycan tarını və ifaçısını ayaq üstə alqışladılar ” 

Dünyanın 50-dən çox ölkəsində həm solist, həm də kollektiv üzvü kimi tədbirlərdə iştirak edib: “Əlbəttə ki, bu çox böyük bir təcrübə bazasıdır. Təsəvvür edin ki, dünyanın müxtəlif ölkələrindən olan musiqiçiləri dinləyirsiniz, hər birindən nələrisə öyrənirsiniz. Bütün bunlar hamısı bir yerə cəm olanda böyük bir baza yaranır. Beynəlxalq festivallar ifaçının gələcəyi üçün yaşıl işıqdır, dünyaya açılan bir qapıdır”. 

“Üç nöqtə” qəzetinin qonağı əməkdar artist, “Muğam” instrumental ansamblının bədii rəhbəri, Prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının dosenti Sahib Paşazadədir. Müsahibimiz yaxın günlərdə bir neçə xarici ölkədən səfərdən qayıdıb. Müsahibimizlə səfərindən, orda iştirak etdiyi konsertlərdən və yaradıcılığından söhbət açdıq.

- Yaxın günlərdə səfərdən qayıtmısınız, səfəriniz necə keçdi?  
- Bəli, səfərdən qayıtmışam. Bir səfər ərzində üç qitədə oldum. İlk öncə İtaliyanın iki şəhərində çox gözəl konsertim baş tutdu. Bunlardan biri  İtaliyanın Laquila şəhəri idi, orda oktyabr ayının 12-də Azərbaycan musiqisindən, muğamlarımızdan və xarici ölkə bəstəkarların əsərlərindən ibarət çox möhtəşəm bir konsert təşkil olunmuşdu. Konsertin ərsəyə gəlməsində Azərbaycanın İtaliyadakı səfirliyinin, Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Nazirliyinin, eyni zamanda italiyalı violençel ifaçısı Pierluigi Ruggieronun böyük əməyi var idi.

- Sizi konsertə kim dəvət etmişdi? 
- Pierluigi Ruggiero həmin konsertə özü məni şəxsən dəvət etmişdi. Öncədən repertuarımızı planlaşdırmışdıq. Tar, violonçel, skripka və fortepianodan ibarət bir kvartetlə iki konsertdə iştirak etdim. Konsert Laquila şəhərinin məşhur bir konsert salonunda cənab səfirin, diplomatların, konsulların, yerli media nümayəndələrinin iştirakı ilə baş tutdu. Birinci hissədə səhnəni mənim iştirakım ilə Belcan-tar ansamblında Zoltan Banfalvi, Pierluigi Ruggiero ilə paylaşdıq. Həmin konsertə Azərbaycanın “Qarabağ” muğam qrupu da dəvət olunmuşdu. İkinci hissədə isə “Qarabağ” muğam qrupunun rəhbəri Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Elçin Həşimov, Eldar Əhmədov, Kamran Kərimovla bir səhnəni paylaşdıq.  İkinci konsert ayın 14-də  İtaliya prezidentinin iqamətgahında məşhur bir konsert salonunda baş tutdu. İtaliyanın “RAİ” məşhur dövlət televiziyası ilə bu konsertimiz canlı yayımlandı. Bu ölkəmizin uğurudur. Hər iki konsertdə solist kimi iştirak etdim. Məşhur İtalyan bəstəkarı Coakkino Rossininin “Sevilya bərbəri” operasından uverturanı ifa etdim. İtalyan əsərini italyanların qarşısında tarla ifa etdikdən sonra Azərbaycan tarını və ifaçısını ayaq üstə alqışladılar. Mənim üçün də çox xoş oldu.

- Qeyd etdiniz ki, üç qitədə olmusunuz. Daha sonra hansı ölkələrdə konsertlərdə iştirak etdiniz? 
- İtaliyadakı səfərim bitikdən sonra Bakıya qayıtmadım. Oktyabrın 14-də İtaliyadan birbaşa Argentinaya yola düşdüm. Oktyabrın 16-da Azərbaycanın Argentinadakı səfirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin və TÜRKSOYUN dəstəyi ilə “TÜRKSOYun yaranmasının 25 illiyi”nə həsr olunmuş maraqlı bir konsert proqramı oldu. Sözügedən konsertdə rəhbərliyik etdiyim üçlük, əməkdar artistlər Nigar Şabanova və Toğrul Əsədullayev ilə birlikdə ölkəmizi təmsil etdik. Orda həm solist, həm də müşahidəçi qismində iştirak edirdim. Eyni zamanda Qazaxıstandan iki, Türkiyədən isə bir ifaçı var idi. Bir neçə əsəri hamımız birlikdə ifa etdik. Azərbaycanın muğamı, təsnifləri, mahnıları səsləndi. Həmin konsertdə eksklüziv olaraq məşhur Argentina bəstəkarı Astor Piazzolanın “Adios Nonino” əsərini (Tanqo) ifa etdim. Bu ifanı argentinalılar çox bəyəndilər və gurultu ilə alqışladılar. Və Azərbaycan tarını bir daha səhnəyə qaytardılar. Oradakı nümayəndələr Azərbaycan tarının böyük uğurlara imza atdığını bildirdilər. Argentinadan sonra isə Nigeriyaya getdim.

-  Nigeriyada insanlar sizi necə qarşıladılar? 
- Ümumiyyətlə, bu ilin iyun ayında Azərbaycan musiqisi tarixində ilk dəfə olaraq Nigeriyada Azərbaycan musiqisi səslənmişdi. Azərbaycan Dostları Cəmiyyətinin sədri Billurə Bayramovanın dəvəti və təşkilatçılığı ilə Azərbaycan Respublikasının 100 illiyinə həsr olunmuş konsert təşkil olunmuşdu. Konsert o qədər xoşlarına gəlmişdi ki, bizi yenidən XXII Muson festivalına dəvət etdilər. Həmin konsert Nigeriyanın Lagos şəhərində Məşhur Muson Centre və Azərbaycan Dostları Cəmiyyətinin təşkilatçılığı ilə baş tutdu. Azərbaycandan mən, Parisdən isə Azərbaycanlı pianoçu Səidə Zülfüqarova iştirak etdik. Həmin festivalda oktyabr ayının 22-də Azərbaycana aid bir gün oldu, birinci hissədə Səidə Zülfüqarova dünya klassiklərinin və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış etdi. İkinci hissədə isə mən solo konsertimlə çıxış etdim. Nigeriya tamaşaçıları da yenə ayaq üstə alqışladılar.

- Konsertin əsas dinləyiciləri kimlər idi? 
- Konsertin dinləyiciləri 30-a yaxın ölkənin -  İtaliyanın, Albaniyanın, Nigeriyanın və digərlərinin konsul və səfirlik nümayəndələri, yerli media nümayəndələri, yerli musiqişünaslar və musiqi dinləyiciləri idi. Çünki XXII Muson festivalı çox məşhurdur və ildə iki dəfə keçirilir. Klassik, opera, caz  musiqiləri səsləndirilirdi, amma bu dəfə Azərbaycan musiqisi də səsləndi. Billurə xanımın təşkilatçılığı ilə Nigeriyanın Dövlət Televiziyası olan Vazobia kanalında 20 dəqiqəlik bir proqramla çıxış etdik. Həmin proqramda Azərbaycan tarı və muğamı haqqında məlumat verdik.

- Vətənə döndükdə hansı hissləri keçirirdiniz? 
- Böyük bir uğurla vətənə döndük. 15 gün davam edən bir səfərdən çox böyük fəxr və qürur hissi ilə qayıtmışam. Özümü çox xoşbəxt hesab edirəm ki, bu festivalda iştirak etdim.

- Bu tip festivallar, konsertlər ifaçılara nələr qazandırır? 
- Festival musiqiçinin püxtələşməsində, kamilləşməsində böyük rol oynayır. Dünyanın 50-dən çox ölkəsində həm solist, həm də kollektiv üzvü kimi tədbirlərdə iştirak etmişəm. Əlbəttə ki, bu çox böyük bir təcrübə bazasıdır. Təsəvvür edin ki, dünyanın müxtəlif ölkələrində olan musiqiçiləri dinləyirsiniz, hər birindən nələrisə öyrənirsiniz. Bütün bunlar hamısı bir yerə cəm olanda böyük bir baza yaranır.
Beynəlxalq festivallar ifaçının gələcəyi üçün yaşıl işıqdır, dünyaya açılan bir qapıdır.

- Dünyanın 50-dən çox ölkəsində beynəlxalq tədbirlərdə, konsertlərdə və festivallarda iştirak edən bir ifaçı olaraq başqa millətlərin bizim tara olan münasibətini necə dəyərləndirirsiniz? 
- Türkdilli dövlətlər, MDB ölkələri Azərbaycan tarı haqda daha çox xəbərdardırlar. Onlar hər çıxışda tara olan vurğunluqlarını, heyrətlərini bildirirlər. Tar haqqında məlumatı olmayan ölkələrdə insanlara bu alətin imkanlarından, səs tembrindən danışır və məlumat verirəm. Hansı ki, ustad sənətkarlarımız bunun tarixi haqqında mənə danışıblar və mən də bunu həmin şəkildə əcnəbi vətəndaşlara ötürməyə çalışıram. Ustadlarımızdan öyrəndiklərimizi gələcək nəslə çatdırmaq və mədəniyyətimizi dünyada tanıtdırmaq vacib şərtdir.  

Könül Oruc

Tarix
14 Noyabr 2018 [21:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin