“Azəristiliktəchizat”: Noyabrın 15-də qazanxanalar tam gücü ilə işə düşəcək

18:18 - 13 Noyabr 2018 - Cəmiyyət

Bakı və Bakıətrafı ərazilərdə binalara istilik sisteminin verilməsi məqsədilə qazanxanalar vaxtından əvvəl işə salınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib. R.Əliyevin sözlərinə görə, noyabrın 15-dən Bakı və Bakıətrafı ərazilərdəki binalar istilik sistemləri ilə tam təmin olunacaq: "Artıq bir neçə gündür ki, qazanxanaları işə salmağa başlamışıq. Proses davam edir. Həmişə noyabrın 15-dən işə başlanılırdı. 550 qazanxananı işə salınca, qazı tənzimləyincə vaxt gedirdi. Bu da əhalinin narazılığına səbəb olurdu. Camaat istəyir ki, ayın 15-i evi tam isti olsun. Ona görə də qərara gəldik ki, bir neçə gün tez başlayaq ki, noyabrın 15-də artıq qazanxanalar tam gücü ilə işə başlasın. Həm də son günlər havaların qeyri-sabit keçməsi ilə əlaqədar belə qərara gəlmişik. Artıq qrafikə uyğun olaraq qazanxanalar işə salınır. Noyabrın 15-də qazanxanalar tam gücü ilə işə düşəcək. Artıq Bakının bütün rayonları üzrə qazanxanalar işə salınmağa başlayıb. Hər rayonda 50 qazanxana varsa, artıq 15-20 qazanxana işə salınıb, digərləri də tədricən işə salınır".

​O bildirib ki, bütün ərazilərə bir gündə istilik vermək olmur: "Həm qazanxanalar texniki cəhətdən imkan vermir ki, birdən birə yüksək istiliyi alaq. Məsələn bir qazanxanada 5 min kubmetr su olur. Həmin suyun hamısı qızmalıdır ki, ondan sonra temperatur tədricən artırılmalıdır. Bunun üçün 12-24 saat vaxt lazımdır. Ona görə də bir neçə gün əvvəl başlamışıq ki, tədricən həmin istiliyi alaq və noyabrın 15-də tam olaraq istilik verək".

Xəbər xətti