Yanlış eynək baş ağrısı yarada bilər- Oftalmoloq

19:19 - 12 Noyabr 2018 - Xəbər

Tanınmış oftalmoloq, Dr. Rəhimə Poluxova son zamanlar göz xəstəlikləri ilə bağlı uşaqların valdeyinlərinə ən çox ünvanladığı sualları cavablandırıb.

Ucnoqta.az xanın Poluxovanın cavablarını təqdim edir:

- Eynəyi daimi taxmalıyam ya sadəcə uzağa baxanda taxım?
- 40 yaşa kimi təyin olunan eynəklər daimi sayılır.

- Kompyuterdə işləyirəm, qoruyucu eynək istifadə edə bilərəm?
 - Hazırda istehsal olunan kompyuterlərin ekranları qoruyucu təbəqəli olur, hər 20 dəqiqədən bir fasilə edin. 

- Nəyə görə məndən yaşca böyük tanıdıqlarım yaxına eynək taxmırlar?
- 40 yaşdan sonra hər kəsdə yaxına görmə zəifləməyə başlayır, uzaq görməsində zəiflik varsa bu cür insanlarda yaxına görmə daha gec zəifləyir, bəzən isə bəzi göz xəstəliklərində müvəqqəti olaraq yaxına görmə yaxşılaşır.

- Başqasının eynəyini taxdım gözüm zəiflədi…
- Yanlış eynək gözlərdə yorğunluq baş ağrısı yarada bilər.

- Eynək nömrəmi az yazın gözüm öyrəşməsin...
 - Hər kəs gözünə ən uyğun nömrə eynək taxmalıdır. Nömrənin yüksək olması pasiyentləri narahat etməməlidir.

- Müalicə edin, eynək taxmayım.
- Eynək ehtiyacı xəstəlik deyil refraksion qüsurdur və müalicə deyil korreksiya olunmalıdır. Korreksiyanın 3 növü vardır, eynək, kontakt linza və excimer lazer əməliyyatı.

- Eynəyi gün ərzində neçə saat taxmalıyam?
- Daimi təyin olunan eynəklər uşaqlarda səhər taxılıb yatanda çıxardılmalıdır. Böyüklərdə isə ehtiyac duyduğunda taxıla bilər.

- Eynəyimi davamlı taxmadım, ona görə görməm zəiflədi?
- Eynək taxılsada, taxılmasada zəifləməyə meyilliliyi olan insanlarda zəifləmə davam edəcəkdir.

- Eynək taxdıqdan sonra eynəyi çıxardanda gözümün daha da  zəiflədiyini hiss edirəm.
- Yenicə eynək taxan insanlarda beyin yaxşı görüntüyə öyrəşir və eynəyi çıxardan kimi görmənin zəiflədiyini hiss edir, əslində əvvəlki görmə olduğu kimi qalır. Eynək korreksiyadır, taxdıqda yaxşı görmə olur, çıxardığınız zaman əvvəlki görmə qayıdır.

- Uşağımda getdikcə eynək nömrəsi artır necə edək nömrələr dayansın?
- Bəzi eynək nömrələri (Miopiya) uşaq böyüdükcə boyu necə artırsa, göz ölçüləridə artır və təxminən 18-20 yaşlarda  dayanır.

- Mümkünsə əməliyyat edin uşaq eynək taxmasın. 
- 18 yaşa kimi excimer lazer əməliyyatı məsləhət görülmür. 

 

 

 

 

Xəbər xətti