“Hər il oynadığım obrazlarımın doğum gününü qeyd edirəm”

21:01 - 8 Noyabr 2018 - Müsahibə

Səbinə Məmmədova: “Tamaşaçılar tərəfindən mənfi xarakterim gözəl qəbul olundu”

Bütün obrazları onun üçün əvəzsizdir. Hər il oynadığı obrazlarının doğum gününü qeyd edir və obrazlarını şüşədə saxlanılan qızıl gülə bənzədir: “Tamaşa oynanılır, əgər o gülün bir ləçəyi düşürsə, deməli obraza xəyanət edilmiş olur. Əgər ona parıltı və ətir gəlirsə, deməli obraz yenidən canlanır”. Müsahibimiz “Üç nöqtə” qəzetini qonağı Gənc Tamaşaçılar Teatrının istedadlı və gənc aktrisası Səbinə Məmmədovadır.

- “Gecə” serialında mənfi obrazı canlandırırsınız. İstərdik ki, Xumar obrazı barədə düşüncələrinizi bölüşəsiniz...
- Deməli, həmin serialın rejissoru Şahin Qəhrəman tərəfindən dəvət aldım. Obrazın mənfi olması məni bir qədər narahat edirdi. Çəkilişlərə başladıq və ssenarinin gedişatında anladım ki, bu qız xolerik tipli insandır və  kifayət qədər belə  insanlar var. Xumar həddən artıq özündən çıxan, heç nə ilə barışmayan, çılğın və eyni zamanda öz mənafeyi üçün hər şeyə əl ata biləcək, tərbiyəsiz övladdır...

- Bundan əvvəl  başqa seriallarda da rollar almısınız. “Gecə” serialındakı Xumar obrazının digərlərindən fərqi nədir?
- İndiyə qədər oynadığım obrazlar hər zaman bir-birindən fərqli olub. İlk çox seriyalı filmim 2013-cü ildə Lider televiziyasında faciə qəhrəmanı olub. Varisin “Bir ovuc torpaq” əsərində Nigar obrazı yazıq, nişanı qayıtmış, zorlanmış bədbəxt qız idi. Sonra Xəzər tv-də sevgi xarakteri - yenə də kasıb, sentimental, sevən qız. ATV kanalında ilk mənfi qəhrəman kimi Mediamaster tərəfindən istehsal olunan “Məryəm” serialında Nuray obrazı oldu. Sevən, öz ayaqları üzərində dayanan, sevgisinə görə bütün mənfiliklərə əl atan qadın obrazı idi. Tamaşaçılar tərəfindən mənfi xarakterim gözəl qəbul olundu. Düzü, özüm də mənfi rolu bacaracağıma inanmazdım. Və sonra “Ögey ana” serialına dəvət aldım. Cəmilə melanxolik, eyni zamanda realist, müasir, heykəltəraş və çoxlarının şirin ağıllı qız kimi tanıdığı obraza çevrildi. Xumar isə bir ayrı aləmdir. Tamaşaçılar tərəfindən tez həzm olundu. Çox söyülürəm, hətta şəxsiyyətə də keçirlər. Hətta məni Cəmilədən sonra belə obrazda qəbul etmək istəməyənlər təhqir yazırlar.

- Mənfi rolu oynamaq daha çətindir, yoxsa müsbət?
- Deyərdim ki, hər ikisinin ağırlığı var. Əsas odur, xarakter düzgün müəyyənləşsin. Çünki tam yaxşı, ya pis insan yoxdur. Mənfinin də müsbəti, müsbətin də mənfisi olur.

- Həm seriallarda çəkilirsiniz, həm də teatrda çalışırsınız. Hansı sizin üçün daha əzizdir?
- Teatr mənim üçün öndədir, serial da ikinci işimdir. Eyni məsuliyyətlə yanaşıram. Çatdırmaq bir az çətin olur, amma Allah yol açır.

- İki işdə çalışmağın çətinlikləri nələrdir?
- Men serialda Xumar kimi psix qızı oynayıb, axşamkı tamaşamda musiqili sevgili oynamalı, səhər “Çeburaşka” olmalı, axşam isə Leyliyə çevrilməliyəm. Sizcə, çətinlik haradadır? (Gülür)

- Gənc Tamaşaçılar teatrında bir çox obrazları canlandırırsınız. Bunların ən piki isə “Leyli və Məcnun”da Leyli obrazıdır. Bu obrazın məsuliyyətini hiss edirsinizmi? Leyli olmağın çətinlikləri nələrdir?
- Bütün obrazlarım mənimdir və əvəzsizdir. Mən hər il oynadığım obrazlarımın doğum gününü qeyd edirəm. Sanki şüşədə saxladığım qızıl güldür. Tamaşa oynanılır, əgər o gülün bir ləçəyi düşürsə deməli, obrazıma xəyanət etmiş oldum. Əgər ona parıltı və ətir gəlirsə, deməli obraz yenidən canlandırdım. Leyli isə Füzuli dühasının əl çatmaz Şərq qadınıdır. Leyli olmaq özü böyük hadisədir. Mən zərrə-zərrə o xanımı axtarmışam. ”Gör canu-tenimdə istirabım, sor hali-dilim eşit cevabım”... Leylinin məsuliyyəti bax bu və bunun kimi dərin misralardır.

- Fikrinizcə, həyatda həqiqi Leylilər varmı?
- Bəli, mənəm.

- “Ögey ana” serialında Cəmilə rolunu canlandırmışdınız. Ögey ananın doğma qızı olmaq necə bir hissdir?
- Cəmilə obrazı serialda beş əsas obrazdan biri idi. Bu obrazı canlandırmaq üçün uzun saçlarımdan imtina etdim. Çox maraqlı bir obraz idi. Mənim üçün hər seriala yeni imiclə çıxmaq önəmlidir. Onda 21 yaşında sentimental, melanxolik, müasir, ətrafdakı insanların fikri ilə razılaşan, hüquqlarını tapdalamağa icazə verməyən Səbinədən bir hissə var idi.

- Hazırda hansı tamaşaların üzərində məşq edirsiniz?
-  Yeni bir filmə dəvət almışam. Onun üzərində hazırlıqlar gedir. Gənc Tamaşaçılar Teatrında Teatr Xadimləri İttifaqının “Gənclərə Dəstək” proqramında Bəhram Osmanovun rəhbərlik etdiyi Rejissor Laboratoriyasında təhsil alıram, pyeslər üzərində işləyirik.

- Baş rollara çəkilən aktrisa daha sonradan epizodik rollara çəkilməyi qəbul edə bilirmi?
- Film və seriala baş rolla başlamışam, baş mənfi qəhrəman və s. davam edir. Amma Emil Quliyevin “İkinci pərdə” filmində epizodum da olub. Əgər epizod xarakterikdirsə və həqiqətən iş tələb edəndirsə, niyə də olmasın.

- Tənqidlərlə aranız necədir?
- Yaxşıdır. Ancaq bəzən bizdə tənqidlə təhqirin yerini səhv salırlar. Misal üçün, mənim ən yaxşı tamaşaçım, müəllimim anamdır. Elə məni ən çox tənqid edən də odur. O, mənim bütün tamaşalarıma baxıb və mənim bir nömrəli tənqidçimdir. Özü filoloqdur, işinin peşəkarıdır, Azərbaycan dilinin qrammatikasını gözəl bilir. Səhnədə hansı sözün vurğusunu düz deməyəndə, evdə onun mənə izahını verir. Anam məni tərifləsə də, tənqid etsə də, ona inanıram.

- Yay aylarında Rusiyada aktrisalar üçün təşkil olunan düşərgədə iştirak etdiniz. Daha sonra başqa bir düşərgəyə getdiniz. Ümumiyyətlə, bu düşərgələr sizə nə qazandırdı?
- STD-nin hər il müxtəlif ölkələrdən gənc aktyor və aktrisalara yaratdığı şans bu il mənim bəxtimə düşdü. Qəbul olundum, bir müddət xeyli tapşırıqlar vermişdilər. Elə onları öyrənmək, müxtəlif rejissorların işləri ilə tanış olmaq, kitablar, filmlər mənə hazırlıq müddətində çox şey qazandırdı. Daha sonra ora getdim, kastinq təşkil olundu və ən böyük uğurlu rolumu orada aldım. Çoxlarının arzuladığı Dram layihəsində Uilyam Şekspirin “Yay gecəsində yuxu” tamaşasında Germiya obrazını canlandırdım. Və STD-nin diplomunu qazandım. Orada müxtəlif ölkələrdən, sənət adlı sevginin birləşdirdiyi insanlarla eyni dildə tamaşa oynamaq, bir süfrədə yemək, məşqlər, Çexov nəzəriyyəsinin praktikaya çevrilməsi, müxtəlif treninqlər özgüvənimi artırdı. Bakıya qayıdan kimi STD-nin təşkil etdiyi “Artmiqrasiya” layihəsinə sənəd göndərdim. Bu dəfə Rebus Teatrının bədii rəhbəri, aktyor-rejissor və çox hörmət etdiyim Ceyhun Dadaşovla eyni zamanda qazandıq. Və burdan çox şey öyrəndik. Biomexanika treninqləri, müxtəlif tamaşalar, müzakirələr və rejissor kimi təcrübə artırdıq .

- Qorxmursunuz ki, hazırda canlandırdığınız mənfi obrazla tamaşaçıların nifrətini qazanasınız?
- Əslində, qazanmasam qorxaram. Sadəcə elə tamaşaçı var ki, məni Leyli, Cəmilə kimi obrazlarla sevib və heç cürə həzm etmirlər. O tamaşaçıları itirmək istəmərəm.

- Gələcəyə doğru hədəfləriniz nələrdir?
- Men Allahın “Ol “ una inanıram. Əgər zəhmət, səbr və inam varsa, sənin olan sənə qayıdacaq. Hədəfim gənclikdə təcrübəsizlikdən buraxdığım hər hansı xırda səhvləri yenidən təkrarlamadan qüsursuz işləməkdir .

- Canlandırdığınız mənfi obraz kimi insanlar heç həyatda rastınıza çıxıbmı?
- Ətrafımda daha çox sənət adamlarıdır. Və onları mən bir mənalı qəbul etmirəm. Ona görə bir gün müsbət obraz “Cəmilə” kimi tanıdıqlarım, “Xumar”laşsa bu məni təəccübləndirməz .

Könül Oruc


Xəbər xətti