Vətəndaşlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşayış yeri üzrə qeydiyyata alınmalıdır

18:19 - 8 Noyabr 2018 - KİVDF

Bu qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər 

Azərbaycan Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəziqəsi almasına da şamil olur.
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququdur. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmək eyni zamanda vətəndaşın vəzifəsidir. Vətəndaşın yaşadığı yerə gəldikdə isə bunun müəyyən edilməsi üçün ilk növbədə onun faktiki yaşayış yeri, o cümlədən yaşayış yeri və olduğu yer nəzərə alına bilər. Belə ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adatən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Digər bəndlərdə isə qeyd edilib ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən gedə bilər. Sərbəst hərəkət etmək və özünə yaşayış yerini azad seçmək hüququ sözsüz ki, beynəlxalq hüquqi aktlarda, o cümlədən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsində və İnsan hüquq və əsas azıdlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 4 saylı Protokolunun 2-ci maddəsində də göstərilib.

«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz.

Qanunun 2-ci maddəsi ilə yaşayış yeri və olduğu yer anlayışları tənzimlənir. Bildirilir ki, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələrivə digər bu kimi yaşayış yerləri başa düşülür.]
Şəxsin olduğu yer dedikdə isə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin- müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin- müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır.
Qanunun müddəalarından göründüyü kimi qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir.
«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

 Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırması vətəndaşın həm hüququ, həm də vəzifəsidir. Qeydiyyat orqanları isə Qanunla müvəkkil olunurlar ki, vətəndaşın iradəsinə uyğun olaraq daimi və ya müvəqqəti yaşadığı yerin azad seçilməsi aktını təsdiq etsinlər. Buna görə, vətəndaşların yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması vətəndaşların özünə yaşayış yerini azad seçmək hüququnu pozmamalıdır.
Digər tərəfdən özünə yaşayış yerini azad seçmək hüququ mütləq xarakter daşımır və bəzi hallarda isə məhdudlaşdırıla bilər. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsinin üçüncü hissəsində müəyyən olunduğu kimi bu hüququn məhdudiyyətləri qanunla müəyyən olunmalı, dövlət təhlükəsizliyinin, içtimai əsayişın, əhalinin sağlamlığının və ya mənəviyyatının və yaxud digər şəxslərin hüquq və azadlıqlarının mühafizə olunması baxımından zəruri olmalıdır. Bu ictimai və xüsusi maraqların arasında tarazlaşma axtarışının zərurəti ilə əlaqələndirilir.

«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir.
Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir.  İkinci hissədə isə müəyyən olunur ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:: 1) şəxsiyyət vəsiqəsi  2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Bu müddəalardan göründüyü kimi, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır.
Bu maddədə qeyd olunub ki, müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur:1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir);2) doğum haqqında şəhadətnamə; 3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd.

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və vətəndaşlığı olmayan şəxslər, əgər qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməmişlərsə, müraciət etdikləri vaxtdan  üç gün ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin yaşayış yeri üzrə qeydiyyata alınırlar. Cəza çəkməkdən azad edilmiş şəxsin əvvəlki yaşayış sahəsində onun ailə üzvləri yaşayırlarsa, həmin şəxsin oraya qayıtmasına ailə üzvlərinin razılığı tələb olunmur. Yaşayış sahəsində qanunvericiliklə müəyyən olunmuş qaydada himayəyə verilmiş yetkinlik yaşına çatmayanların yaşadıqları hallarda cəza çəkməkdən azad edilmiş şəxs (mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla) qəyyumluq və himayə orqanının razılığı ilə həmin yaşayış sahəsinə yerləşə bilər

Xəbər xətti