Azərbaycan və Polşa arasında siyasi məsləhətləşmələr keçirilib

19:51 - 7 Noyabr 2018 - SİYASƏT

Bakıda Azərbaycan və Polşa xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Xarici İşlər Nazirliyindən (XİN) Ucnoqta.az-a verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Polşa tərəfindən isə XİN-nin təhlükəsizlik, şərq siyasəti və Amerika siyasəti üzrə dövlət katibinin müavini (nazir müavini) Bartoş Çixotski rəhbərlik ediblər.
Qonaqları salamlayan nazir müavini X.Xələfov Azərbaycan və Polşa arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirərək, müntəzəm olaraq keçirilən siyasi məsləhətləşmələrin ikitərəfli və çoxtərəfli əlaqələrin daha da inkişafı baxımından faydalı olduğunu qeyd edib. İqtisadi sahədə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirən X.Xələfov Azərbaycan və Polşa arasında ticarət dövriyyəsinin iki ölkənin potensialına uyğun olmadığını və mövcud imkanlardan tam istifadə edilməsinin zəruriliyini qeyd edib.

B.Çixotski XİN-lərarası siyasi məsləhətləşmələrin Polşanın müstəqilliyinin bərpa etməsinin 100 illiyi ərəfəsinə təsadüf etməsindən məmnunluğunu bildirdi. İqtisadi əlaqələrin inkişafı məqsədilə iki ölkənin işgüzar dairələri arasında təmasların artırılması istiqamətində biznes forumların keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Bu xüsusda, nazir müavinləri Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın vacib bir mexanizm olduğunu vurğulayaraq, tezliklə sözügedən komissiyanın növbəti iclasının keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Yüksək səviyyəli dövlət rəsmilərinin səfər mübadiləsinin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafında önəmini vurğulayan tərəflər Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin 26-28 iyun tarixlərində Polşa Respublikasına rəsmi səfərinin nəticələrini yüksək qiymətləndiriblər.

Polşa Prezidenti Andjey Dudanın ölkəmizə nəzərdə tutulan rəsmi səfərinin ölkələr arasında əlaqələrin daha da genişləndirilməsinə təkan verəcəyinə əminliklərini qeyd ediblər. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ müzakirə edilib. B.Çixotski ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin çoxtərəfli mexanizmlər çərçivəsində dinc yolla Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində nizama salınması üzrə mövqeyinin dəyişilməz olduğunu vurğulayıb. X.Xələfov münaqişəsinin həll edilməsinə dair Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyinə görə Polşa tərəfinə təşəkkürünü ifadə edib.

X.Xələfov ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm nəqliyyat, infrastruktur, enerji, kənd təsərrüfatı, turizm, sənaye və s layihələri haqqında həmsöhbətinə məlumat verərək Polşa şirkətlərinin sözügedən layihələrdə daha fəal iştirakının arzulandığını diqqətə çatdırıb. Nazir müavini beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunaraq, Azərbaycan-Aİ, Azərbaycan-NATO münasibətlərinin ölkəmizin xarici siyasət prioritetlərindən biri olaraq qaldığını qarşı tərəfin diqqətinə çatdırdı və sözügedən təşkilatlarda Polşa tərəfinin dəstəyinə görə məmnunluğunu bildirib. X.Xələfov Azərbaycanın NATO üzv ölkələri ilə yalnız sözügedən təşkilat çərçivəsində deyil, həmçinin ikitərəfli formatda hərbi-texniki əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. B.Çixotski Əfqanistanda Azərbaycanın sülhməramlı qüvvələrinin artırılmasının və beynəlxalq təhlükəsizliyə verdiyi töhfənin NATO üzv ölkələri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

​Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər xətti