“Gender probleminin həlli qadının fikir sahibi olmasından və ictimai aktivliyindən keçir”

20:07 - 7 Noyabr 2018 - Cəmiyyət

Sevinc Fədai: “Kişilərə qarşı savaş açmaqdansa, sağlam düşüncəli və ictimai cəhətdən aktiv qadın yetişdirməliyik”
Lalə Mehralı: “Gender bərabərliyi qadın-kişi arasındakı sosial vəziyyəti, hüquqi maraqları, iqtisadi durumu tarazlaya bilir.”


Ölkəmizdə gender bərabərliyinin təşviqi sahəsində atılmış mühüm addımlardan biri 2006-cı ilin dekabrında Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi olub. Qanunun əsas məqsədi kişi və qadınların ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. Əgər əvvəllər qadınlar müəllim, həkim və sair sahələrdə fəaliyyət göstərirdilərsə, indi qadınlar millət vəkili, təşkilat rəhbəri, müavin kimi vəzifələrdə də çalışırlar. Azərbaycan Hökuməti qadın hüquqlarının təşviqi sahəsində beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə də xüsusi önəm verir. Hazırda Azərbaycan Hökuməti beynəlxalq səviyyədə də qadın hüquqlarının təşviqində fəal iştirak edir.

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən Qadın və Uşaq Akademiyası İctimai Birliyinin sədri, jurnalist Sevinc Fədai deyir ki, Azərbaycanda hələ də gender bərabərliyi tam olaraq təmin olunmur, ancaq bu istiqamətdə işlər, bərabərsizliyə qarşı mübarizə heç vaxt dayandırılmır: “İstər dövlət siyasətinin tərkib hissəsi, istərsə də fərdi şəkildə qadın haqlarının qorunması istiqamətində mübarizə aparılır. Amma hələ də bu problemin mövcud olması onu göstərir ki, onun qarşısını alan təməl prinsiplər ciddi araşdırılaraq aradan qaldırılmayıb. Sırf bu prinsiplər hədəf alınmalıdır.

İB-nin sədri deyir ki, indiyə qədər gender bərabərsizliyinə qarşı bir jurnalist, yazar olaraq məqalələri ilə mübarizə aparırdısa, qadın hüquqlarını bu şəkildə müdafiə edirdisə, artıq ətrafında bu mövzunun narahat etdiyi insanları toplayaraq Qadın və Uşaq Akademiyası İctimai Birliyini yaradıblar: “Bir təşkilat olaraq bu sahədə daha böyük işlər görmək niyyətindəyik. Bu mənada qanunvericiliyin təkmilləşdirilməsi, eyni zamanda, sənəd üzərində qalmayaraq tətbiqinə ciddi yanaşılması, bizim fəaliyyətimizə yol açmış olur. Qeyd edim ki, biz həmişə istər dövlət işlərində, istərsə də özəl sektorlarda işlə təminolunmada gender bərabərsizliyindən narahat olmuşuq. Ancaq son zamanlar məncə, bu istiqamətdə də stereotiplər dağıdılır, gənc, peşəkar, bacarıqlı xanımlar faydalı olmaq üçün imkanlar, statuslar əldə etməyə başlayıblar. Bu siyasət ürəkləndirir və bu mübarizədə daha da qətiyyətli edir. Biz isə ən elementar məqamlardan başlayaraq, qadınların aktivliyini artıraraq müsbət dəyişiklik əldə etmək istəyirik. Yəni qadın ictimai rolunu dərk etməli, bir fərd kimi təkcə öz ailəsinin, böyütdüyü övladın məsuliyyətini daşımamalı, bir vətəndaş olaraq cəmiyyətə də öz töhfəsini verməlidir. Müəllim, həkim, jurnalist, hüquqşünas, polis, mühəndis və digər peşələrin sahibi kimi fəaliyyətini ortaya qoymalı və Azərbaycan qadının həm də beyninin gücünü ortaya qoymalıdır. Hələ ki, bu istiqamətdə maarifləndirmə işləri aparmaqla, qadınları öz haqlarını tələb edəcək, gücünə inanacaq mərhələyə gətirməklə cəmiyyətə inteqrasiyasını təmin etmək yolundayıq. Bu mənada daha çox bölgələrə, ucqarlara üz tutaraq orada yaşayan xanımlarla, eləcə də onların həyat yoldaşları ilə görüşlər, söhbətlər təşkil etmək, mikromühitlərdə fikirləri dəyişməkdən başlamaq istəyirik”.

S.Fədai onu da vurğuladı ki, Azərbaycan internet resurslarında bu mövzuda məqalələr qənaətbəxş sayda deyil: “Üstəlik, onlar bu problemin hökm sürdüyü kütləyə xitab ediləcək dildə deyil. Bu kimi məqalələr daha çox qurumların keçirdiyi müsabiqələr zamanı yazılır və akademik dildə olur. Düşünürəm ki, bu mövzuda olan yazıların sayını artırmaq və dilini dəyişmək lazımdır”. 

S.Fədai sonda onu da əlavə etdi ki, hüquqlarını bilən qadınlar çox deyil, bilənlərin əksəriyyəti isə hüququnu müdafiə edəcək gücdə və düşüncədə deyil: “O elə düşünür ki, hüququnu müdafiə etsə ailəsi, ətrafı, cəmiyyəti tərəfindən hədəfə, tənqid obyektinə çevriləcək. Əslində, bu, elə belədir, onun qorxusu əsassız deyil, amma biz bu durumu dəyişmək üçün ictimai qınaqdan çəkinməyərək haqqımızı müdafiə etməli, bizi saldıqları qəlibdən çıxmalıyıq. İnanıram ki, bu zaman bizim dünyaya gətirdiyimiz övladlar da hüququnu bilən qadınlar və qadın hüququnu pozmayan kişilər - sağlam düşüncəli şəxsiyyətlər olacaq və sayımız artacaq. Hər kəs öz hüququnu bilib müdafiə etsə, gender bərabərliyi uğrunda mübarizə aparmış olacaq. Beləliklə, biz kişilərə qarşı savaş açmaqdansa, əvvəlcə o qadını, o ananı yetişdirməliyik. Bir yazar və Birlik sədri olaraq hələ ki, əsas məqsədim budur. Çünki doğrudan da, gender probleminin həlli birbaşa qadının fikir sahibi olmasından və onun ictimai aktivliyindən keçir”.

“Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı bildirdi ki, Azərbaycan gender balansını qoruyan nümunəvi ölkələrdən biridir: “Bizim ölkədə qadın və kişi hüquqlarının bərabərsəviyyəli olması üçün bütün şərtlər qorunur. Hətta deyərdim ki bir çox şərq ölkəsi ilə müqayisədə qadın hüquqları kişi hüquqlarına nisbətən daha çox qorunur. Bu qadının müqəddəsliyi, toxunulmazlığı ilə bağlıdır və həssas məsələdir. Əgər statistik məlumatlara baxsanız görərsiniz ki, Azərbaycanda Prezident Administrasiyasından tutmuş İcra Hakimiyyətlərinədək mühüm postlarda qadınlar var. Ölkənin ikinci səlahiyyətli adamı – I Vitse Prezidenti də qadındır və onun öz vəzifəsinin öhdəsindən necə layiqincə gəldiyini hamımız bilirik. Azərbaycan gender bərabərliyi hesabatlarında həmişə yuxarı pillələrdə qərar tutur”.

L. Mehralının sözlərinə görə, bəzən feminizm cərəyanı ilə gender bərabərliyi arasında müqayisə aparılır: “Həmçinin zənnimcə, bizim ölkədə gender bərabərliyi deyəndə feministlik anlaşılır, insanlar gender hüquqları bərabərliyi ifadəsini eşidəndə qadın üstünlüyü kimi qəbul edirlər. Bu da ölkədə lazımlı-lazımsız işlərlə məşğul olan bir sıra özünü feminist adlandıranların gərəksiz iddiaları üzərində yaranmış fikirdir. 

Gender bərabərliyi qadın-kişi arasındakı sosial vəziyyəti, hüquqi maraqları, iqtisadi durumu tarazlaya bilir. Amma bu bütün sahələrdə qadının birmənalı olaraq kişi ilə eyni hüquqa malik olması demək deyil. Tutaq ki ağır fiziki əmək tələb edən iş üçün müraciət edən iki namizəddən biri kişi biri qadındırsa işə qəbulda kişi namizədə üstünlük verilir, bu işəgötürənin seçimidir, bərabərliyin pozulması deyil”. 

Sosioloq təəssüf hissi ilə qeyd edir ki qadınlarımızın çoxusu öz hüququnu bilmir: “Fiziki zorakılığa məruz qalır, amma boşanmaqdan qorxur, çünki onu nələrin gözlədiyi barədə qorxu aşılayırlar, elə düşünür ki ər olmadan həyatda tab gətirə bilməz, bunun üçün nə pulu, nə gücü, nə savadı var. Hüquqlarından xəbəri yoxdur, olsaydı həyatını qurmaqda, öz gücünə güvənməkdə bu qədər çəkingən olmazdı”.

L. Mehralı deyir ki, gender bərabərliyi ilə bağlı öz dilimizdə çox az elektron məlumat var. Əksəriyyəti də bu sahənin adamı olmayan həvəskarların yazdığı məlumatlardır, bir də jurnalist məqalələri: “Peşəkar gender mütəxəssislərinin yazdığı elmi əsaslı informativ məqalələr azdır. Əvvəllər jurnalistlər üçün seminar-treyninqlər olurdu. Xaricdən peşəkar gender mütəxəssisləri-trenerlər gəlirdi, mən də dəfələrlə rusiyalı, amerikalı trenerlərin seminarlarında iştirak etmişəm. Ən çox faydalandığım trener isə rusiyalı Nadejda Xarlova olub, çox peşəkar mütəxəssis idi. Amma nədənsə daha təşkil edilmir”.

Könül Oruc

Xəbər xətti