Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir

18:12 - 7 Noyabr 2018 - KİVDF

Vətəndaşlıq insan və dövlət arasında olan qarşılıqlı münasibətlər üçün əsasdır

Vətəndaşlıq şəxslə dövlət arasında qarşılıqlı hüquq və vəzifələrin mövcudluğunda təzahür edən sabit, möhkəm, siyasi-hüquqi əlaqədir. İnsanın istifadə edə biləcəyi hüquq, daşıya biləcəyi vəzifə bu şəxsin həmin dövlətin vətəndaşı olub-olmamasından birbaşa asılıdır. Dövlət vətəndaşını müdafiə etməlidir, vətəndaşı xarici ölkənin ərazisində olduqda belə onlara himayəçilik etməlidir. Vətəndaşlıq ayrıca şəxs və dövlət arasında hüquqi əlaqəni bildirir, bu zaman həmin şəxsin etnik mənşəyi göstərilmir. Vətəndaşlıq çox geniş və mürəkkəb məsələdir. O, vətəndaşlığı olmayan (apatridlər), ikili vətəndaşlığı olan (bipatridlər) şəxslərin, əcnəbilərin hüquqi statusu və bu sahədə digər məsələləri özündə ehtiva edir və çoxlu sayda normativ aktlarla tənzimlənir.

Vətəndaşlıq hüququ, habelə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ insan hüquq və azadlıqlarının sırasında əhəmiyyətli yer tutur. Vətəndaşlıq məsələsi ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının 52-ci və 53-cü maddələri, daha sonra "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli qanunu, "Vətəndaşlıq haqqında" 7 noyabr 1997-ci il tarixli Avropa Konvensiyası, "Çoxvətəndaşlıq hallarının azaldılması və çoxvətəndaşlıq hallarında hərbi vəzifələrin icrası haqqında" 1963-cü il tarixli Konvensiya, "Apatridlərin statusu haqqında" 1954-cü il tarixli Konvensiya, "Vətəndaşsızlıq hallarının azaldılması haqqında" 1961-ci il 30 avqust tarixli Konvensiya və digər bu kimi beynəlxalq sənədlərlə nizama salınır.

Konstitusiyanın 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşı sayılır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.  Bu zaman doğum haqqında şəhadətnamə ön plana keçir. Çünki doğum haqqında şəhadətnamə hüquqi cəhətdən doğum faktını rəsmiləşdirir və doğumla bağlı əhəmiyyətli hallara dair məlumatları özündə əks etdirir. Bu sənəd vətəndaşlıq hüququnun təsdiq edilməsi üçün ilkin vacib sənəd hesab olunur. Həmin sənəd Azərbaycan Respublikasının ərazisində, Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş və ya valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin Konstitusiyanın 52-ci maddəsinə müvafiq olaraq şərtsiz Azərbaycan Respublikasının vətəndaşı kimi qəbul olunmasına əsas verir

Qeyd edək ki, vətəndaşlıq insan və dövlət arasında olan qarşılıqlı münasibətlər üçün əsasdır. Vətəndaşlıq dövlət daxilində insanın hüquqi vəziyyətinin başlıca əsası kimi bu vəziyyətə aydınlıq və müəyyənlik gətirir. Vətəndaşlıq mənsubiyyəti insan üçün müxtəlif hüquq və azadlıqlarından istifadə etmək imkanı verir. Dövlət öz vətəndaşlarını müdafiə və onlara hamilik edir.

Konstitusiyanın 53-cü maddəsində isə  vətəndaşlıq hüququnun təminatı öz əksini tapıb. Bu maddədə bildirilir ki, Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz.  Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.  Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir.

«Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 6-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşlığını iki növ sənəd təsdiq edə bilər- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya Azərbaycan Respublikasının vətəndaşının pasportu. Bu sənədlərin hər birinin özünəməxsus yeri və təyinatı vardır.

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunun 1-ci maddəsiNə görə, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır.
Hər bir vətəndaş  şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə, onun sahibi  sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir.Şəxsiyyət vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Beləliklə, bu sənəd sahibinə vətəndaşlıq hüququndan irəli gələn digər konstitusiya hüquqlarını həyata keçirmək üçün imkan verir. Həmin hüquqlardan istifadə etmək üçün hər bir vətəndaşın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olmalıdır.

«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək, ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir. O, 18 yaşına çatmış müstəsna hallarda isə təhsil almaq, beynəlxalq tədbirlərdə iştirak etmək, müalicə olunmaq və ya daimi yaşamaq üçün xaricə gedən 18 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşına bu Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır. Pasport  Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin əsasında verilir. 
Göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsədüfi deyil ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin eyniləşdirilməsinə  və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir.
«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunun 4-cü səxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi  və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir.

Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Bu maddənin ikinci hissəsində göstərilən hallardan biri baş verdikdən sonra vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqəni verən orqana müraciət etməlidir.  
Fotoşəkilə dair tələblər, şəxsiyyət vəsiqəsini verən orqanın iş qrafiki haqqında məlumatlar, vəsiqənin verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və ödənilməli olan dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanının rəsmi internet saytında və vəsiqəni verən yerli qurumlarının binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir.

Bu normadan aydın olur ki, vətəndaş ərizə və Qanunda göstərilən sənədləri təqdim etdiyi halda ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi müt¬ləq verilməlidir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunda vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi üçün heç bir əsas göstərilməmişdir.
Beləliklə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququdur. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmək eyni zamanda vətəndaşın vəzifəsidir.

Xəbər xətti