Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır

18:12 - 6 Noyabr 2018 - KİVDF

O təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir 

Demokratiya yolu ilə irəliləyən Azərbaycan Respublikasının hüquqi dövlət və vətəndaş quruculuğu sahəsində əldə etdiyi uğurları akademik R.Mehdiyevin sözləri ilə belə ifadə etmək olar: "İdarəetmə və demokratiya sahəsində ümumxalq referendum yolu ilə qəbul edilmiş konstitusiyaya uyğun olaraq Azərbaycanın demokratik, dünyəvi, humanist dövlət qurumunu təsbit edilmiş siyasi idarəçilikdə və cəmiyyətin bütün digər sahələrində demokratiyanın bərqərar olması üçün siyasi plüralizmə çoxpartiyalılığa rəvac verilmiş, dövlət hakimiyyətini formalaşdırmağın ədalətli və etibarlı vasitəsi olan seçki sistemi qəti şəkildə qərar tapmış demokratik prinsiplər əsasında ölkənin milli parlamenti seçilmişdir. Söz, mətbuat, vicdan və informasiya azadlığı təmin edilmişdir. İnsan hüquq və azadlıqlarının tam şəkildə həyata keçirilməsinə təminat yaradılmış, ölüm hökmü ləğv edilmiş, vətəndaş cəmiyyəti qurulması istiqamətində mühüm addımlar atılmışdır".

Ramiz Mehdiyevin qeyd etdiyi kimi bu gün Azərbaycan demokratik quruculuq yolunda inamlı addımlar atır. Qanunun aliliyi qorunur. Konstitusiyanın aliliyinin təmin olunması, insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyəti ilə Konstitusiya Məhkəməsi dövlət orqanları sırasında öz layiqli yerini tutmağa müvəffəq olub. Konstitusiya Məhkəməsi ötən illər ərzində ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak edib, O  geniş səlahiyyətlərə malikdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır. Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları və Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi təşkil edir. Onun fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir. Hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla konstitusiya icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur.

Konstitusiya Məhkəməsinin fəaliyyəti müddətində qəbul edilmiş qərarlar sırasında Konstitusiya və qanunların şərhinə dair çıxarılmış qərarlar xüsusi hüquqi çəkiyə malikdir. Fəaliyyətə başladığı ilk illərdə Konstitusiya Məhkəməsinə birbaşa fərdi şikayətlərin verilməsi nəzərdə tutulmurdu. Lakin “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 2004-cü ilin yanvarından qüvvəyə minməsindən sonra Konstitusiya Məhkəməsində fərdi şikayətlər institutu fəaliyyətə başladı. Keçən dövrün təcrübəsi göstərir ki, Azərbaycan vətəndaşları öz hüquqlarının müdafiəsinin səmərəli vasitəsi qismində fərdi şikayət hüququndan kifayət qədər fəal istifadə edirlər. . Konstitusiya məhkəməsinin sədri Fərhad Abdullayev bildirib: “Xüsusi vurğulanmalıdır ki, müasir konstitusionalizmin mühüm hüquqi ölçülərindən biri də insan hüquqlarının və əsas azadlıqların məhkəmə müdafiəsinin təmin edilməsidir. Cəmiyyət inkişaf etdikcə hüquqi müdafiə mexanizmlərinin də təkmilləşdirilməsi zərurəti meydana çıxır. Bu mənada, əsas insan hüquqlarının və azadlıqlarının konstitusiya nəzarəti qaydasında qorunması Konstitusiyanın əsas dəyəri olan fərdin (insanın) konstitusion-hüquqi azadlığının qorunmasının yeni səviyyəsi kimi qiymətləndirilir”.

Bu baxımdan, konstitusiya şikayəti institutu insan hüquqlarının və azadlıqlarının müdafiəsinin, Konstitusiyanın aliliyinin təmin edilməsinin səmərəli formalarından biri kimi çıxış edir və Əsas Qanunun sadəcə deklarativ müddəalardan ibarət sənəd deyil, birbaşa qüvvədə olan normalar məcmusuna çevrilməsi üçün olduqca əhəmiyyətlidir. Bu orqan bir sıra qərar və qərardatlar qəbul edir. Bu Konstitusiya Məhkəməsi Haqqında qanunun 62-ci maddəsi ilə tənzimlənir. Bildirilir ki, Konstitusiya Məhkəməsi palatalarının iclaslarında qərardadlar, plenumunun iclaslarında isə qərar və qərardadlar qəbul edilir. Konstitusiya Məhkəməsinin aktları hakimlərin müşavirə otağında qəbul edilir. 63 –cü maddədə isə bildirilir ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarı konstitusiya işinə mahiyyəti üzrə baxılması nəticəsində Konstitusiya Məhkəməsinin gəldiyi qənaəti əks etdirən və Konstitusiya Məhkəməsi Plenumunun iclaslarında qəbul edilən yazılı sənəddir. Konstitusiya Məhkəməsi Plenumunun qərarı, Azərbaycan Respublikasının Konstitusiyası və bu qanunla başqa qayda nəzərdə tutulmayıbsa, 5 hakimin səs çoxluğu ilə qəbul edilir. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar Azərbaycan Respublikası adından çıxarılır.. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilən qərarları plenumun iclasına sədrlik edən imzalayır və bir qayda olaraq, 15 gün müddətində Konstitusiya Məhkəməsinin iclasında elan edir. 66-cı maddədə Konstitusiya Məhkəməsi qərarlarının hüquqi qüvvəsi öz əksini tapıb.
Bu maddədə bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Onun qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin qərarlarını icra etməyən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin X hissəsinə görə qanunlar və digər aktlar, yaxud onların ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının hökumətlərarası müqavilələri Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşür, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri isə qüvvəyə minmir. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olmayan hesab edilmiş məhkəmə aktları icra edilməməli və müvafiq məhkəmə işlərinə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.. Konstitusiya Məhkəməsinin qərarının qəbul edilməsi üçün əsas təşkil etmiş Azərbaycan Respublikası Konstitusiyasının norması referendum nəticəsində dəyişdirildikdə, həmin qərar Konstitusiya Məhkəməsi tərəfindən qismən və ya bütövlükdə qüvvədən düşmüş hesab olunur.

Konstitusiya Məhkəməsi habelə qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələri həll edir və Konstitusiyada nəzərdə tutulmuş digər səlahiyyətlərini həyata keçirir.

Konstitusiya Məhkəməsinin dövlət hakimiyyəti sistemində yeri ilə əlaqədar qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi məhkəmə hakimiyyətinə daxil olan digər məhkəmə orqanlarından fərqli təbiətə malikdir. Konstitusiya məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, Konstitusiya Məhkəməsinin funksiyaları xüsusi xarakterli və ixtisaslaşmış nəzarət fəaliyyətinin ən yüksək forması olmaqla, digər məhkəmə nəzarəti fəaliyyətindən fərqlidir, özünəməxsus obyektləri, subyekt tərkibi, prinsipləri, formaları, hüquqi vasitələri mövcuddur. Konstitusiya Məhkəməsinin qərarları ilə əlaqədar olaraq bu fərqlilik özünü daha aydın büruzə verir. Belə ki, öz qərarları vasitəsilə Konstitusiya Məhkəməsi Konstitusiyanın aliliyini və birbaşa hüquqi qüvvəsini təmin edir, Konstitusiyaya uyğun olmayan aktları hüquqi qüvvədən salır, hüquq sistemində və hüquq tətbiqetmə təcrübəsində mövcud olan boşluqları aradan qaldırır, insan hüquqlarının və azadlıqlarının müdafiəsində qanunvericilik və məhkəmə təcrübəsinin birliyini mühafizə edir”.

Xəbər xətti