"Mənim aləmimdə, sivil və hüquqi dövlət o dövlətdir ki, orada qanunun aliliyi var”

18:40 - 5 Noyabr 2018 - KİVDF

Hüquqi dövlətdə cəmiyyətdə bütün ictimai-siyasi təsisatlar işləyir, cəmiyyət demokratik prinsiplər əsasında qurulur, söz, vicdan azadlığı var, dinindən, milliyyətindən asılı olmayaraq insanlar eyni hüquqlara malikdirlər

Hüquqi dövlətin təməlini qanunların aliliyinin təmin olunması, insan hüquqlarının və azadlıqlarının müdafiəsi təşkil edir. Buna görə də, bu və ya digər ölkənin demokratik inkişafı üçün Konstitusiyanın qəbul edilməsi ilə yanaşı, onun aliliyinin təmin olunması, dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin konstitusiya prinsipləri çərçivəsindən kənara çıxmaması üçün konstitusiya nəzarəti institutunun yaradılması da zəruridir.
Ölkə Prezidenti İlham Əliyev sivill-demokratik dövlət quruculuğunun amilləri içərisində konstitusiya nəzarəti, qanunun aliliyi, hüquq və vətəndaşların qorunması amillərinə mühüm önəm verir: "Mənim aləmimdə, sivil və hüquqi dövlət o dövlətdir ki, orada qanunun aliliyi var, cəmiyyətdə bütün ictimai-siyasi təsisatlar işləyir, cəmiyyət demokratik prinsiplər əsasında qurulur, söz, vicdan azadlığı var, dinindən, milliyyətindən asılı olmayaraq insanlar eyni hüquqlara malikdirlər, azad yaşayırlar. Mənim aləmimdə, bunlar sivil və hüquqi dövləti müəyyən edən əsas amillərdir. Hesab edirəm ki, indi Azərbaycanda belə bir dövlətin qurulması istiqamətində çox işlər görülür və bundan sonra da çox işlər görüləcək".

Qeyd edək ki, hüquqi dövlətdə konstitusiya ədalət mühakiməsi funksiyalarının həyata keçirilməsi konstitusiya nəzarəti orqanlarının Konstitusiya və qanunlarla nəzərdə tutulmuş səlahiyyətlərinin reallaşdırılması yolu ilə mümkündür. Konstitusiya məhkəməsinin sədri Fərhad Abdullayevin sözlərinə görə, konstitusiya nəzarəti orqanının fəaliyyəti vasitəsilə hüququn aliliyini təmin etmək, qanunvericilik sistemində olan kolliziyaları aradan qaldırmaq, dövlət orqanları arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələri istisnasız olaraq hüquqi vasitələrlə həll etmək, Konstitusiya ilə nəzərdə tutulmuş insan hüquqlarını və azadlıqlarını tam və dayanıqlı müdafiə etmək, pozulmuş hüquq və azadlıqları bərpa etmək imkanı yaranır, hüququn tətbiqi təcrübəsində ahəngdar, məntiqi inkişaf təmin olunur. “Təsadüfi deyildir ki, müasir dünyada konstitusiya nəzarəti institutu hakimiyyət sisteminin demokratikləşdirilməsinin, insan hüquq və azadlıqlarının müdafiə edilməsinin və hüququn aliliyinin təmin edilməsinin əvəzedilməz mexanizmlərindən biri kimi qəbul edilir. Belə ki, tarixən uzun inkişaf yolu keçərək müasir dövrdə demokratik, hüquqi dövlət quruculuğunun ayrılmaz atributlarından birinə çevrilmiş konstitusiya ədalət mühakiməsi bütövlükdə cəmiyyətə və onun inkişafı prosesinə keyfiyyət baxımından əhəmiyyətli təsir göstərir, bu və ya digər dövlətin ərazisində ictimai münasibətlərin bütün subyektlərinin fəaliyyətində Konstitusiyanın aliliyinin, habelə birbaşa qüvvəsinin təmin edilməsinə, hüquq qaydasının gözlənilməsinə xidmət edir.

Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərindən çıxış edilərək, ölkəmizin hüquq sistemi üçün tamamilə yeni təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılmasının nəzərdə tutulması, bu təsisatın dövlət hakimiyyəti sistemində yerinin və rolunun müəyyənləşdirilməsi çox əhəmiyyətli hadisə olmuşdur”,- o deyib. Onun sözlərinə, bu gün Konstitusiya Məhkəməsi geniş səlahiyyətlərə malik müasir konstitusiya nəzarəti orqanıdır. 

Konstitusiya nəzarəti fərdi (kollektiv) şikayətlər əsasında da həyata keçirilə bilər. Bu zaman ayrı-ayrı fərdlər, müxtəlif vətəndaş birlikləri, hüquqi şəkillər öz hüquq və azadlıqlarının pozulmasına dair Konstitusiya Məhkəməsinə şikayətlər verə bilər. Bu zaman konstitusiya nəzarətinə uyğun olaraq, insanların hüquqi müdafiəsi o halda təmin edilir ki, şikayətdə toxunulan məsələlər prinsipial mühüm konstitsion hüquqi əhəmiyyət kəsb etsin, şikayətlər son dərəcə əsaslı olsun, şikayətlər perspektivsiz olmasın. Məlumdur ki, Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsində vətəndaşların müraciət etmək hüququ təsbit edilib.  Bu maddədə göstərilib: Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.

Konstitusiyanın 60-cı maddəsində isə hüquq və azadlıqların inzibati və məhkəmə təminatı tənzimlənir və bildirilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.Onların inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
İnsan hüquq və azadlıqlarının qorunması sahəsində konstitusiya ərizəsi (pemisiya) hüququ mühüm yer tutur. Pemisiya termini subyektiv hüququ özündə əks etdirərək, müxtəlif növ formaları: müraciət, ərizə, tələb və xahiş formalarında təzahür edir. Bütün bunlar insan hüquqları sahəsindəki dövlət orqanlarının fəaliyyətini təmin edir, hakimiyyət orqanlarını baş vermiş hadisələr haqqında məlumatlandırır.Pemisiya verilməsi hüquqi dövlətdə hər kəsin bu rəyini azad ifadə etməsi forması kimi özünü göstərir. Bəzi Qərb ölkələridə müvafiq hakimiyyət orqanlarına müraciət vətəndaşların hüquqi dövlət və vətəndaş cəmiyyətinin işlərində iştirak etmək, ayrı-ayrı şəxslərin və vətəndaşların siyasi və hüquqi qərarlarının qəbulu prosesinə təsiri forması kimi şərh edilir.

Konstitusiya Məhkəməsinin təbiətindən irəli gələn əsas səlahiyyəti isə Konstitusiyanın 130-cu maddəsində sadalanmış normativ-hüquqi aktların Konstitusiyaya və ya qanunvericilik iyerarxiyasında daha üstün hüquqi qüvvəyə malik akta uyğunluğunun yoxlanılmasıdır. Bu səlahiyyəti vasitəsilə məhkəmə Konstitusiyanın və qanunların aliliyini təmin etmiş olur. Belə ki, Konstitusiya Məhkəməsi yoxlanılan normanın və ya onun hər hansı bir hissəsinin Konstitusiyaya, yaxud özündən üstün hüquqi qüvvəyə malik akta uyğun olmadığını müəyyənləşdirdikdə, onu qüvvədən düşmüş elan edir. Bununla da, həmin normativ-hüquqi aktın müvafiq müddəası öz hüquqi qüvvəsini itirir və Azərbaycan Respublikasının ərazisində tətbiq edilə bilməz.

Burada mühüm məqam ondan ibarətdir ki, yoxlanılan norma Konstitusiya Məhkəməsi tərəfindən məqsədəmüvafiqlik nöqteyi-nəzərindən deyil, Konstitusiyanın hərfinə və ruhuna, onun prinsiplərinə uyğunluq baxımından qiymətləndirilir və Konstitusiya ilə uyğunsuzluq təşkil etdiyinə görə qüvvədən salınmış normalar qanunvericilik sistemindən kənarlaşdırılmış olur.
Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən biri də Konstitusiyanın və qanunların şərhidir. Ümumiyyətlə, Konstitusiya və qanunların, habelə digər normativ-hüquqi aktların şərhi konstitusiya nəzarəti orqanlarının fəaliyyətində mühüm yer tutur. Konstitusiyanın məzmununun hərfi şərhi, qanunların və digər normativ hüquqi aktların müddəalarının konstitusion mənasının izah olunması nəticəsində ifadə edilən hüquqi mövqelər bu və ya digər məsələdə qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edir.
 

Xəbər xətti