“Tələbələrimin uğurlarına valideynlərindən çox mən sevinirəm”

21:05 - 5 Noyabr 2018 - Müsahibə

Mənsum İbrahimov: “Tələbəmin tələbəsinin müsabiqələrdə qalib olması mənim üçün ən gözəl hissdir” 

Çox gənc yaşlarından müəllimlik fəaliyyətinə başlayıb. Deyir ki, həmin vaxtı dostları irad bildiriblər ki, hələ çox gəncsən, oxu, yaşlananda müəllim işləyərsən. Amma o fikrindən dönməyib: “Hər zaman həm öyrənməyi, həm də öyrətməyi çox sevmişəm. Bilirdim ki, 5 ildən sonra tələbələrim müsabiqələrdə iştirak edib qalib olacaqlar. Ağlım kəsən gündən həyatda nə istədiyimi bilən insanam. Hər zaman savadlı xanəndə olmaq üçün çalışırdım. O vaxtı müsabiqədə birinci yeri tutdum. Böyük korifey sənətkarımız Şövkət xanım məni operaya apardı ki, səndən yaxşı məcnun olacaq. Orda da yaxşı Məcnun olacağımı düşünürdüm”. Onun sözlərinə görə bunun arxasında zəhmət, iradə, dözüm və yoldan çıxmamaq durur.
Müsahibimiz “Üç nöqtə” qəzetinin qonağı pedaqoq, professor, Azərbaycanın xalq artisti, tanınmış xanəndə Mənsum İbrahimovdur.

- Bildiyimiz kimi, xarici ölkələrə çoxlu səfərləriniz olur. Xaricdə muğamı necə qarşılayırlar?  
- Heydər Əliyev Fondu yaranandan sonra demək olar ki, dünyanın bütün ölkələrində Azərbaycan muğamı çox yüksək səviyyədə təbliğ olunur. Bir neçə ölkə var ki, orda olmamışam. Amma elə ölkələr var ki, orda dəfələrlə olmuşuq. Əgər muğam sənəti peşəkarların əlindədirsə, ifaçı peşəkardırsa bu zaman hər şey yüksək səviyyədə olur. Hər bir ölkənin milli musiqisi daha maraqlıdır. Vokalla itlayanları, cazla amerikanları təəccübləndirə bilmərik. Çünki bu musiqinin məskəni oradır. Onları daha çox muğamımızla təəccübləndiririk.

- Ötən ay İtaliyadakı səfəriniz necə keçdi?
- Bəli, oktyabr ayının 12-17-si aralığında Romada İtaliya prezidentinin sarayında “Qarabağ” muğam qrupu ilə konsert verdik. Həmin sarayda konsert birbaşa birinci şəxsin icazəsi ilə olur. Hər bazar günü o sarayda dünyanın çox məşhur kollektivləri bir saatlıq konsert verir. Və həmin konsert İtaliyanın məşhur “Rai” tele-radio şirkəti vasitəsilə bütün Avropaya yayımlanır. Oktyabrın 14-də o sarayda solo konsertim oldu və insanlar tərəfindən çox gözəl qarşılandı. Tarixi bir məkanda ilk dəfə idi ki, Azərbaycanın musiqisi səslənirdi. Həmin radionun rəhbəri, aparıcısı musiqişünas idi, həmçinin konserti də o aparırdı. Konsertdən əvvəl görüşəndə xahiş etdi ki, konsertimiz canlı efirin vaxtına qədər bitsin, yarımçıq qalmasın. Biz də hər proqramın mahnılarından bir az qısaltdıq. Bizim üçün çox çətin konsert oldu, əsas yük də mənim üzərimə düşdü. Qoyulan vaxt bitdikdən sonra yaxınlaşıb xahiş etdi ki, bir nömrə də oxuyasınız, tamaşaçılar çox bəyənib. Bizim ifamızdan sonra səhnəyə çıxıb Qarabağ haqqında danışdı. Dedi ki, Qarabağ muğamın məskənidir, Azərbaycanın ayrılmaz hissəsidir. Şuşa da Qarabağın mərkəzidir. Prezidentin sarayında canlı efirdə Qarabağımız haqqında bu sözləri deməsi çox gözəl idi. Getməmişdən öncə İtaliyadakı bizə söyləmişdilər ki, bəlkə o Qarabağ adını dəyişəsiniz, prezidentin sarayıdır, siyasi məsələdir. Bizdə dedik ki, biz siyasətlə məşğul olmuruq, qrupumuzun adı “Qarabağ” muğam qrupudur və 20 ildən çoxdur ki, belə fəaliyyət göstəririk. Təbii ki, öz adımızla çıxış etdik. İtaliyanın bütün mətbuat orqanları hamısı orda idi, onu işıqlandırdılar. İtaliya milləti musiqini sevir, konsertə gələnlərin hamısı bilet alıb gəlmişdilər. Səfirliyimizin 5-6 nəfər əməkdaşı var idi, qalanların hamısı italyanlılar idi. Bu Azərbaycanın nüfuzundan xəbər verir. Çünki ondan 2-3 həftə əvvəl ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevanın birinci rəsmi səfəri İtaliyaya oldu. Həmin görüşdən sonra Azərbaycana olan diqqət və qayğının nəticəsi idi ki, bizim “Qarabağ” muğam üçlüyünə orda konsert vermək üçün icazə verildi. Muğam bəşəri bir musiqidir, qədim olduğu qədər də müasirdir. 

 Bir neçə il öncə Latviyada konsert verirdik və həmin ölkənin prezidenti də orda iştirak edirdi. Konsertin sonunda Qarabağ şikəstəsini ifa etdim. Konsertin sonunda prezident bizi qəbul etdi, xoş təəssüratlarını bildirdi. Mənə sual verdi ki, son ifa etdiyin musiqi nə idi?  Mən də dedim ki, bu Qarabağın bir harayıdır. Dedi ki, sözlərini başa düşmədim, amma mənə elə gəldi ki, bu bir kosmik, fəza musiqisidir. Avropa prezidentinin muğamımız haqqında gəldiyi qənaət budur.

- Bəs bu gün muğam öyrənmək istəyənlərin sayı çoxdurmu?
- Bəli, çoxdur. Bu gün xalq musiqisinə maraq artıb. Son zamanlar xalq mahnılarını çox istifadə edirlər, arenjeman edib oxuyurlar. Qoy oxusunlar. Hər ifaçının öz tamaşaçısı var. Həmin ifaçıdan insanlar xalq mahnısını eşitdikdə daha gözəl qəbul edirlər. Hesab edirəm ki, bu da bir inkişafdır. 

- Bəzi insanlar estrada oxuyanların muğam ifa etməsinə mənfi reaksiya verirlər. Bəs sizin buna münasibətiniz necədir?
- Mən çox normal baxıram. Muğam xalqımızın milli sərvətidir, hər kəs kimi onların da oxumağa haqqı var. Estrada oxuyan müğənnilərin bəziləri müraciət edirlər, mən də onlara həmişə köməklik edəcəyimi bildirirəm. Müğənni Ayaz Qasımov, Rahidə Baxışova və digərləri mənim tələbələrim olub. Onlar muğamı bildiklərinə görə daha yaxşı, daha savadlı oxuyurlar. Bizim dahilərimiz, vokalçılarımız niyə gözəl oxuyublar? Çünki onlar muğamla başlayıblar. Məsələn, Rəşid Behbudovun atası xanəndə olub, bəzən muğam şöbələri oxuyur. Bizim musiqimizin kökü muğamdır. Kim öyrənmək istəyirsə, müsbət yanaşıram və alqışlayıram.

- Bilirik ki, işləriniz çox olur. Boş vaxtınız olurmu, olanda nələrə sərf edirsiniz? 
- Evimdə, ailəmlə oluram, dincəlirəm. Heç yerə getmirəm.

- Belə bir deyim var ki, ustad şagirdinə bütün sirləri öyrətsə də, bir sirri həmişə saxlayır. Bəs siz necə, bütün sirlərinizi tələbələrinizə öyrədirsinizmi? 
- Vallah bilib-bilmədiyim hər nə varsa hamısını tələbələrimə öyrədirəm. Bunu hər kəs bilir. O tələbə ki, müəllimdən bir addım qabağa getmir, o yaxşı müəllim deyil. Bizim məhsulumuz ifaçılardır. Ümumiyyətlə müəllim haqqında özümün belə bir deyimim var. Başqasının uğuruna sevinə bilən insan müəllim ola bilir. Dərsi çox adam deyə bilir. Amma ifaçılıqda o adam yaxşı müəllim olur ki, tanınmış tələbələri olur. Məsələn, tələbələrimin çoxu Opera və Balet Teatrının, Azərbaycan televiziyasının solistləridir. Artıq bu gün mən bir tamaşa oxuyanda tərəf müqabillərim öz tələbələrim olur. Məsələn, yetirmələrim əməkdar artist Arzu Əliyeva – Leyli obrazını, Təyyar Bayramov – İbn Səlamı, Aytən Məhərrəmli – ana obrazını ifa edib. Ətrafımdakı bütün aparıcı solistlər tələbələrimdir. Fikrimcə, bir müəllim üçün bundan gözəl heç nə ola bilməz. Tələbələrimlə səfərlərə gedirik, konsertlər veririk, onlar mənim sənət yoldaşlarımdır. Artıq Təyyar Bayramov Milli Konservatoriyanın dossentidir, Opera və Balet Teatrının aparıcı solistidir. Artıq bir neçə müsabiqədir ki, Təyyarın tələbələri qalib olurlarr. Tələbəmin tələbəsinin müsabiqələrdə qalib olması ən gözəl hissdir. Mənim onlarla təbaşqasında öyrətməlidir. O müəllim yaşayır ki, özündən sonra iz qoyur, ən azı 5-10 nəfər yetişdirir.

- Hiss olunur ki, müəllimlik peşəsini çox sevirsiniz... 
- Müəllimliyə həmişə müqəddəs bir peşə kimi baxmışam. Həkimlik və müəllimlik mənim üçün ən sevimli peşələr olub. Çox gənc yaşlarından fəaliyyətə başlamışam. Gənc yaşlarımda müəllimliyə başlayanda yaxınlarım, dostlarım irad bildirdilər ki, hələ çox gəncsən, get oxu, yaşlananda işləyərsən. Amma mən həm öyrənməyi, həm də öyrətməyi çox sevmişəm. Bilirdim ki, 5 ildən sonra tələbələrim müsabiqələrdə iştirak edib qalib olacaqlar. Ağlım kəsən gündən həyatda nə istədiyimi bilən insanam. Hər zaman savadlı xanəndə olmaq üçün çalışırdım. O vaxtı, müsabiqədə birinci yeri tutdum. Böyük korifey sənətkarımız Şövkət xanım məni operaya apardı ki, səndən yaxşı məcnun olacaq. Orda da düşünürdüm ki, yaxşı Məcnun olacam. Bunun arxasında da zəhmət, iradə, dözüm, yoldan çıxmamaq durur. Operadakı işim, ifaçılıq, müəllimlik, səfərlərim bir-birinə mane olmur.

- Evə iş aparırsınızmı? 
- Xeyr, öz işimlə evdəkiləri yükləmək istəmirəm.

- Tələbələrinizin televiziyada, səhnələrdə uğurlu ifalarını gördükdə, bir müəllim kimi hansı hissləri keçirirsiniz? 
- Tələbələrimin uğurlarına valideynlərindən çox mən sevinirəm. Tələbələrimi izləyirəm, müşahidə edirəm. Hətta onların oturuşuna-duruşuna, danışıqlarına fikir veririnsanlara davranışı, münasibəti qaydasında olmalıdır. Yüksək mədəniyyətli bir ifaçı yetişdirmək istəyirik.

- Əl qabiliyyətiniz necədir, mətbəxə daxil olursunuzmu? 
- Xeyr, demək olar ki, əl qabiliyyətim heç yoxdur. Amma əl qabiliyyəti olan insanlara marağım böyükdür.  Amma mən bacarmıram. Həm də buna vaxtım olmur.

- Sosial şəbəkələrdən istifadə edirsiniz? 
- “İnstagram”ım var, amma özüm işlətmirəm, başqası işlədir. “Facebook”da isə ancaq tədbirlərimi, səfərlərimi və konsertlərimi paylaşıram. Çünki orda dostlarım əsasən jurnalistlərdir, burdan götürüb yazırlar.

-  Tələbələrinizlə münasibətiniz necədir? 
- Sözün əsil mənasında tələbələrimlə dostam. Onların hər hansı problemi olanda qız, oğlan fərqi yoxdur, gəlib mənə deyirlər. Xeyir işlərində, elçiliyində, “hə”sinin verilməsində, nişanlarında, toylarında iştirak edirəm. Onların insan kimi yetişməsinə, inkişafına baxıb çox sevinirəm. 

Könül Oruc

 


Xəbər xətti