Bakıda Azərbaycan və Avropa İttifaqı arasında təhlükəsizlik dialoqu keçirilib

16:16 - 3 Noyabr 2018 - SİYASƏT

Bakıda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında təhlükəsizlik dialoqu keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Aİ nümayəndə heyətinə Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Jan Kristof Belyar rəhbərlik edib. Aİ nümayəndə heyəti Xarici İşlər Nazirliyində nazir müavini Araz Əzimov ilə görüşüb.
Aİ nümayəndə heyəti Prezident Administrasiyasında Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev və digər rəsmilərlə görüş keçirib.

Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının bu ilin fevralında keçirilmiş 15-ci iclasında təhlükəsizlik və nəqliyyat məsələləri üzrə ikitərəfli dialoq mexanizminin yaradılması barədə qərar qəbul olunub.

Dialoq çərçivəsində regional və beynəlxalq gündəlikdə duran məsələlər, o cümlədən terrorizm, separatçılıq və ekstremizmin bütün forma və təzahürlərinə qarşı mübarizə, transmilli mütəşəkkil cinayətkarlıq və qaçaqmalçılıq, kibertəhlükəsizlik və digər təhlükəsizlik hədələrinə qarşı mübarizə sahəsində əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Həmçinin, görüş əsnasında Aİ ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlıq və Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyinə töhfəsi qeyd olunub.

Tərəflər bir-birlərinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı öhdəliklərinə sadiq qaldıqlarını təkrar ediblər. Bildirilib ki, hal-hazırda danışıqlar aparılan yeni tərəfdaşlıq sazişi Azərbaycan və Aİ arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün əlverişli imkanlar yaradacaq.

Aİ tərəfi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırılıb və vurğulanıb ki, yalnız Azərbaycanın işğal edilmiş toraqlarının azad edilməsi və zor gücünə didərgin düşmüş insanların öz evlərinə geri qayıtması bölgədə davamlı sülh və dayanıqlı inkişafa gətirə bilər.

Tərəflər ilk dəfə keçirilən bu dialoqu münasibətlərində yeni bir məqam kimi dəyərləndirib və dialoqun növbəti ildə davam etdirilməsi barədə razılığa gəliblər.

Xəbər xətti