"Həyat yoldaşım Azərbaycana gəlib seriala çəkilməyimə icazə vermir”

22:00 - 2 Noyabr 2018 - Müsahibə

Cəmilə Tağızadə: “Aktrisa kimi seriala çəkilməyi sevsəm də, tamaşaçı kimi baxmağı sevmirəm”

“Evlənən zaman həyat yoldaşım qarşıma iki şərt qoydu. Dedi ki, açıq geyinməyəcəksən və açıq-saçıq səhnələrə çəkilməyəcəksən. Gördüyünüz kimi açıq-saçıq səhnələrdə çəkilmirəm və demək olar ki, ümumiyyətlə açıq geyimlərim yoxdur. Ailə həyatı qurandan sonra olanları da həyat yoldaşım yığışdırdı, daha qapalı geyinirəm”. Deyir ki, həyat yoldaşı ona görə 24 kiloqram arıqlayıb, siqareti tərgidib, içkini də azaldıb. O, isə əvəzində işini, vətənini, dostlarını atıb onunla birlikdə Türkiyəyə gedib.
Müsahibimiz Türkiyədə yaşayan gənc azərbaycanlı aktrisa Cəmilə Tağıyevadır.

- Aktrisa Zarina Qurbanova ilə birlikdə 50-60-cı illəri xatırladan fotosessiya etdiniz. Kimin fikri idi? 
- İkimizin də fikri idi desk daha düzgün olar. Çünki fikirlər üst-üstə düşdü. Görüşüb danışanda dedim ki, belə bir fotosessiya etmək istəyirəm. O da dedi ki, elə mənim də ağlımda var. Əslində mən ən azı 5-6 xanımla “Bakı qızları retro stilində” fotosessiyasını etmək istəyirdim. İnşallah Bakıya növbəti gəlişimdə qızlarla yığışıb onu edəcəm. Çünki söz verdiyim aktrisalar vardı, hansı ki fotosessiyanı gördükdən məndən incimişdilər.

- Türkiyədə filmlərə çəkilmək fikriniz varmı, orda necə fəaliyyət göstərmək fikrindəsiniz?
- Təbii ki istəyirəm. Amma nə yalan deyim, heç bir iş yoxdur. Çünki burda hələ ki sənətlə məşğul deyiləm. Ailə işlərimlə məşğulam, yoldaşımın ailəsinə öyrəşməyə çalışıram. Mənim üçün birinci yerdə ailə durur, o, daha dəyərlidir. Sənətimi də hədsiz dərəcədə çox sevirəm. Sənətimə görə ailəmi qurban vermək kimi bir fikrim çoxdur. İkisini də paralel olaraq yürütmək fikrindəyəm. Türk dilimi yaxşılaşdırmağa çalışıram. Çünki türk dili mükəmməl olmasa burda film və seriallara çəkmirlər. Kurslarda diksiya dərslərinə qatılıram, üzərimdə işləyirəm.

- Türkiyədə bizim seriallara baxanlar varmı?

- Sözün düzünü desəm, yoxdur. Çünki özləri çox keyfiyyətli film və seriallar çəkirlər. İnanın ki, dünyada tanınan Braziliya seriallarını belə izləmirlər. Bəlkə kimsə Amerika seriallarını izləyə bilər, o da çox azdır. Çoxu öz seriallarını izləyir.

- Bəs siz necə, seriallara baxırsınız?
- Açığını deyim ki, ümumiyyətlə serial izləməyi sevmirəm, televiziyaya baxmıram. Yalnız internet vasitəsilə filmləri izləyirəm, çünki onları daha çox sevirəm. Baxmayaraq ki mən bir aktrisa olaraq Azərbaycanda seriallarda tanınmışam. Ümid edirəm burda da serial və filmlərdən tanınaram. Seriala çəkilmək, orda olmaq çox gözəl işdir. Aktrisa kimi seriala çəkilməyi sevsəm də, tamaşaçı kimi baxmağı sevmirəm.

- Sosial şəbəkələrdə aktivsinizmi? Bir aktrisa üçün nə dərəcədə əhəmiyyətlidir?
- Əslində o qədər də aktiv deyiləm. Amma çalışıram ki, sosial şəbəkələrdən istifadə edim, insanlar məni unutmasın. Bu göz önündə olan insanlar üçün çox əhəmiyyətlidir. Həm yaddan çıxmırsan, həm tamaşaçılarla ünsiyyətdə olursan. Sevənlərin və izləyənlərin yazıb ürək sözlərini bildirmələri çox gözəl bir şeydir. Amma gündəmdə qalmaq üçün videolar çəkib paylaşmıram. Sadəcə fotolar yaxud maraqlı nələrsə gördükdə onları paylaşıram. Ümumiyyətlə əhəmiyyətli material görəndə paylaşmağa daha çox üstünlük verirəm. Cəmi iki sosial şəbəkədə, “Facebook” və “İnstagram”da varam, Çalışıram ki, bunlarda aktiv olum.

- “Cehizsiz gəlinlər” də ən çox döyülən və ağlayan aktrisamızın həyatı necədir?
- Çox şükür həyatımda hər şey yaxşıdır. Ordakı kimi döyülmürəm, söyülmürəm, ağlamıram, əzab-əziyyət çəkmirəm. Serialdan fərli olaraq həyatda işlərim daha gözəldir. Yoldaşım və ailəsi çox yaxşıdırlar, bu cəhətdən bəxtim gətirib. Xırda problemlər hər bir ailədə var, söz-söhbət olur. Normal yaşayışı təmin edən hər şeyimiz, evimiz, maşınımız var. Yoldaşımın işi, qazancı qaydasındadır, şəraitimiz yaxşıdır. Yəni maddi cəhətdən sıxıntı çəkmirik. Amma onu deyim ki, zəngin bir ailə deyilik, ortayıq.

- Həyat yoldaşınızın keçmiş xanımı ilə məhkəməniz olmalı idi sentyabr ayında, necə keçdi məhkəmə? 
- Düz bir ilə yaxın onunla əziyyət çəkdik. Yoldaşımla öz aralarında problemlərini həll etməyə çalışırlar. Bu məsələ hələ dəuzanmaqda davam edir. 

- Həyat yoldaşınız işinizlə bağlı qısqanclıq etmir? 
- Evlənən zaman həyat yoldaşım qarşıma iki şərt qoydu. Dedi ki, açıq geyinməyəcəksən və açıq-saçıq səhnələrə çəkilməyəcəksən. Gördüyünüz kimi açıq-saçıq səhnələrdə çəkilmirəm və demək olar ki, ümumiyyətlə açıq geyimlərim yoxdur. Ailə həyatı qurandan sonra olanları da həyat yoldaşım yığışdırdı, daha qapalı geyinirəm. Ən azından burda teatrda çalışmaq fikrindəyəm. Qismət olsa yavaş-yavaş seriallara doğru irəliləyərəm.

- Çox tez bir zamanda ailə həyatı qurdunuz, necə oldu?
- Tez deyəndə dost-tanışlara, qohumlara deməmişdim. Həyat yoldaşımla fevral ayından tanış idik, 6-7 ay ərzində baş verdi. Bir insanı tanımaq üçün elə də az müddət deyil. Düzdür, uzaqdan-uzağa idik. Xasiyyətlərimiz uyğundur, iyul ayının 24-ü mənim, 25-i isə onun doğum günüdür. İkimiz də şir bürcüyük. O mənim kişi versiyam, mən də onun qadın versiyasıyam. Düşünün də indi evdə nələr baş verir(Gülür). O oddur, mən odluğumu kənara qoyub su olmağa çalışıram ki, ailədə söz-söhbət olmasın. Həmişə altdan alan mən oluram.

- Bildiyimə görə, həyat yoldaşınız sizə görə 24 kilo arıqlayıb... 
- Bəli, yoldaşım mənim üçün 24 kiloqram arıqladı, siqareti atdı. Əvvəllər dostları ilə oturub içki içirdisə indi bunu demək olar ki azaldıb. Məncə sevən insan bu cür fədakarlığı etməlidir. Mən də bunun qarşılığında ölkəmi, vətənimi, işimi, dostlarımı atıb gəldim. Sevgi nələrə qadir deyil ki? İnsan sevgisi və ailəsi üçün mütləq fədakar olmalıdır. Yoxsa nə o ailə, nə də sevgi uzun müddət davam edə bilməz. Bu fədakarlığı həm kişi, həm də qadın etməlidir, birinin üzərinə düşməməlidir. Ailə yalnız bu şəkildə xoşbəxt ola bilər.

- Evlilikdən sonra fəaliyyətinizdə bir müddət durğunluq yaşandı. Bu durğunluğa nə zaman son qoymaq fikrindəsiniz?
- Durğunluq hələ də davam edir. Sadəcə fotosessiyalar edirəm, verilişlərə gedirəm, müsahibələr verirəm. Sənətimdən uzaqlaşmamışam, sadəcə film və seriallara çəkilmirəm. Serial təklifləri yalnız Azərbaycandan gəldiyi üçün çəkilə bilmirəm. Çünki yoldaşım gəlib orda qalıb seriala çəkilməyimə icazə vermir. Azərbaycandan da film təklifləri gəlir, lakin qonarar çox yüksək olmadığı üçün gələ bilmirəm. Kariyeramı burda davam etdirməyə çalışıram. Burda seriallara çəkilmək o qədər də asan deyil, çünki şəhər də, ölkə dəç çox böyükdür. Bakı balaca şəhərdir, orda artıq 10 ilə yaxın idi ki çəkilirdim. Universitetin birinci kursundan başlamışdım deyə daha rahat idi. Çevrəm var idi, rejissorlar, prodüserlər məni tanıyırdı. Burda asan deyil, amma mən özümə və istedadıma güvənirəm. Əminəm ki, istədiyim yerlərə gedib çıxa biləcəm. 

- “Cekpot” filmində qaynananız sərt obrazdır. Bəs həyatda necə?
- Bəli, çox sərti idi, qaynanam məni istəmirdi, qısqanclıq hissləri yaşanırdı. Amma həyatda tamam əksidir, qaynanam o qədər yaxşı bir xanımdır, onu öz anamdan ayırmıram. Hər kəsə belə bir ailənin nəsib olmasını arzu edirəm. Baldızlarımınn da çox yaxşı xasiyyəti var. Amma onu da deyim ki, mən də onlarla çox yaxşıyam, heç kimin işinə qarışmıram, onlar da mənə qarışmır. Bir-birimizi anlayırıq, mehribanıq. Sadəcə evliliyin ilk vaxtları mənə bir az çətin oldu. Çünki ailədə evin tək uşağı olmuşam, ərköyün böyümüşəm, kaprizlərim çox idi. Böyük ailəyə düşəndə çətinliklərlə üzləşdim. Mehribandırlar, gediş-gəlişləri yaxşıdır. Böyük ailəyə yemək bişirmək, qablarını yumaq, evləri yığışdırmaq lazım idi. Sağ olsunlar ki, hər şeyi mənim üzərimə atmırdılar, kömək edirdilər. Mənim anam yoldaşım Muradın heç bir işinə qarışmayıbsa, eləcə də qaynanam mənim işlərimə qarışmır. Ailələrimiz deyirlər ki, ər-arvadsınız, özünüz üçün yaşayın, təki siz xoşbəxt olun. Bir tək istəkləri nəvədir, inşallah o da olar.

- Maraqlı fotosessiyalar edirsiniz. Deyəsən, fotosessiya sizin üçün əhəmiyyətlidir?
- Fotosessiya göz önündə, kamera önündə olan hər bir kəs üçün çox önəmlidir. İstər müğənni, aparıcı, model olsun, fərqi yoxdur. Fərqli fotosessiyalar etmək, obrazları canlandırmaq lazımdır. Həm gündəmdə qalırsan, həm də yaddan çıxmırsan. Fotosessiyalar vasitəsilə öz fikrini və istedadını tamaşaçılara çatdıra bilirsən, bu vacibdir. Sənət adamı passiv olmamalıdır, öz üzərində işləməlidir, yeniliklərə imza atmalıdır. Yerində duran adam heç vaxt qabağa gedə bilməz. İstedad vacibdir, amma bununla yanaşı üzərində çalışmaq da lazımdır.

- İlk dəfə tanınmağınız hansı film vasitəsilə olub? 
- İlk dəfə “Aramızda qalsın”, “Qaynana” seriallarında epizodik obrazlarım olub. Daha sonra “Səndən sonra” serialında Könül obrazından sonra yavaş-yavaş tanınmağa başladım. Düzdür, orda mənfi obrazı canlandırırdım. Daha sonra bir neçə rollarda çıxış etdim. Mənə əsas populyarlıq gətirən serial isə “Dəfnə ağacı” və “Cehizsiz gəlinlər” oldu. Bildiyiniz kimi, son illərdə daha çox keyfiyyətli serialların çəkilməsinə və izlənilməsinə başlandı. Və mənə elə gəlir ki, zamanla daha da yaxşı olacaq. Artıq çox gözəl filmlər çəkilir, tamaşaçılarımız da izləyirlər. Əminəm ki, seriallarımız da türk serialları qədər çox keyfiyyətli və reytinqli olacaq. Ümid edirəm ki, seriallara çox böyük maliyyə ayrılar, sponsorlar gələr, sənətdə olan aktyor və aktrisalarımıza çox böyük dəyə verilər. Layiq olduqları qonararları alarlar. Çünki işimiz həqiqətən çox əziyyətli və zəhmətlidir. Onun qarşılığı olaraq həddindən artıq az məvacib alırıq. Çəkdiyin əziyyətə dəymir, sadəcə olaraq o sənəti o qədər sevirik ki, pulu gözümüzə görsənmir. İnşallah tezliklə bu problemlər həll olunar. Allah hamımızın arzu və sitəklərini gerçəkləşdirsin, içi mən qarışıq. Həyatımızda yaxşı və xeyirli işlər olsun.


Könül Oruc


Xəbər xətti