Ana səhifə
17 Noyabr 2018

Ömrünün yarım əsrini sənətinə həsr edən aktyor

Yasin Qarayev: “Teatra dəvətnamə apara-apara qızın ağlını başından aldım”

1928-ci ildə yaranan Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında təntənəli şəkildə qeyd olunacaq. Bu münasibətlə teatr və onun haqqında silsilə yazılar təşkil olunur. Biz də bu münasibətlə Xalq artisti, “Qızıl Dərviş” mükafatı laureatı,  Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, hər kəsin çox sevdiyi aktyor Yasin Qarayevlə müsahibə etdik. Yasın müəllimlə ta uşaqlıq illərindən tutmuş bu günə qədər olan həyat yolundan, teatr fəaliyyətindən söhbət açdıq. Demək olar ki, aktyor ömürünün 50 ilini bu sənətə, Gənc Tamaşaçılar teatrına  həsr edib. 

“Aramızda olan o isti münasibəti həmişə qoruyub saxlaya bilmişik”

Müsahibimiz Yəhya bəy Dilqəmin doğulduğu, Şəmkir rayonunun Dəlilər-Cırdaxan kəndində, ziyalı ailəsində anadan olub. Atasının vaxtsız vəfatından sonra, 4 yaşı olanda Qapanlı kəndinə köçüblər. Qapanlıda 7 illik məktəbə gedib və 1953-cü ildə həmin məktəbi bitirib. Deyir ki, uşaq vaxtı dəcəl olsa da, məktəbdə dərslərini çox yaxşı oxuyub: “Kəndimizdə 7 illik məktəb var idi, buranı bitirib gündüzlər peşə məktəbində, axşamlar isə fəhlə gənclər axşam məktəbində oxumuşam. Daha sonra 9-cu sinfi bitirib kəndə gəldim. O vaxtı məktəblərin 11 illik olması ilə bağlı qanun qəbul olunmuşdu. Məni onuncu sinfə keçəndə imtahan etdilər və yaxşı nəticə göstərdiyim üçün birbaşa 11-ci sinfə keçirdilər. Yeddi uşaqlı ailənin böyük uşağı olmuşam. Məndən balaca üç bacı, üç qardaşım var idi. Ailəmiz çox mehriban idi. Onu deyim ki, evin böyük uşağı olmaq məsuliyyətli tələb edir. Evin böyük uşağı olduğum üçün daima mənimlə məsləhətləşirdilər. Mən Bakıya gələndən sonra da bacılarıma elçi gələndə, yaxud nəsə bir iş olanda deyirdilər ki, qoy Yasin gəlsin, onunla məsləhətləşək. Bu günün özündə də qardaş-bacılarım məni özlərinə böyük ata-ana hesab edirlər. Böyüklüyümü qoruyur, hörmətimi saxlayırlar. Artıq bacı-qardaşalrımın hamısının övladı, nəvəl’ri var. Onlar da bir iş görəndə mənimlə məsləhətləşirlər. Yəni aramızda olan o isti münasibəti həmişə qoruyub saxlaya bilmişik”. 

“O günü ad günü kimi qeyd edirəm”

Atasının üzünü görmədiyini deyən Y.Qarayev bildirdi ki, atası məktəbdə müəllim işləyib, kəndin ziyalılarından olub: “Atam doğulduğum kəndin məktəbində direktor olub. Müharibədən yaralı gəlib və bundan da dünyasını dəyişib. O dünyasını dəyişəndə mən hələ ana bətnində olmuşam. Atam may ayında rəhmətə gedib, bundan iki ay sonra isə,  iyulda mən doğulmuşam. Lakin qohumlar doğum haqqında şəhadətnaməmdə atamın ölüm gününü mənə doğum günü kimi yazdırıblar. O günü mən ad günü kimi qeyd edirəm. 4 yaşım olanda anam Yunis Əliyev adlı kənd həkimi ilə ikinci ailə həyatı qurub. Şəmkirin Qapanlı kəndinə köçüblər. “Doxdur” ləqəbli Yunis Əliyev çox ziyalı bir insan idi. Mənim təhsil alıb cəmiyyətdə özümə yer tutmağımda çox zəhməti olub. Anamın Yunis Əliyevdən üç oğlu üç də qızı olub. İnanın ki, bacı-qardaşlarım can-ciyərlərimdir”. 

“Xarici Dillər İnstitutunu atıb, İncəsənət İnstitutuna gəldim”

Müsahibimiz 1963-cü ildə Bakıya gəlib və Keşlə ət kombinatının nəzdində olan peşə məktəbində oxuyub. Məktəbi bitirdikdən sonra 1964-cü ildə M.F.Axundov adına Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsinə qəbul olub. Deyir ki, əslində bu sənətə gəlməyi də elə bu institut nəticəsində baş verib: “Belə ki, burda mənə dərs deyən Eldar Sadıqov adında qrammatika müəllimi vardı. Cavan oğlan idi və ingilis dilini çox yaxşı bilirdi. Onun tələbə olduğu vaxtlarda Xarici Dillər İnstitutunda özfəaliyyət dərnəyi var imiş və o da dərnəyin üzvü olub. Sonra onlar  ingilis dilində Şekspirin “Otlella” tamaşasını  hazırlayıblar və o, Otello rolunu oynayıb. O dövrdə institutlara baxış keçirilirmiş. İncəsənət institutunun müəllimlərindən olan Rza Təhmasib münsiflər heyətinin üzvü olub və aktyor kimi Eldarın ifasını çox bəyənib. Eldar Sadıqovu İncəsənət İnstitutuna Aktyorluq fakültəsinə qəbul ediblər. 
O, teatra,  aktyorluğa həvəsim olduğunu bilirdi. Bir gün məni məşqlərinə baxmağa dəvət etdi. Malakan bağının yanında İncəsənət İnstitutunun binası vardı, onun ikinci mərtəbəsində tamaşa göstərirdilər və pəncərələri də açıq idi, gedib baxdım. Lakin burda “Otello”nu Azərbaycan dilində hazırlayırdılar, Rza Təhmasib onlarla məşq edirdi. Tamaşanın məşqlərinə baxdım, elə bil həmin an daxilimdə gəlib burda oxumağım üçün hökm verildi. Üçüncü kursda Xarici Dillər İnstitutunu atıb, İncəsənət İnstitutuna gəldim. Burda köçürülmə yolu ilə fərq imtahanları verdim. Çünki bura köçəndə sənətdən qiymət almaq lazım idi. Bütün fərq imtahanlarını uğurla verdim və yaxşı qiymət yazdılar”. 

“Rza Təhmasib ən çox mənim rolumu bəyənmişdi”

Müsahibimiz deyir ki, qruplarında jurnal oxunanda Nəsibə Zeynalova adlı tələbənin adı çəkilirmiş: “Komediya kraliçamız, gözək aktrisamızın 1967-ci ildə 50 yaşı var idi. Bu münasibətlə prezident tərəfindən ona “Xalq artisti” fəxri adı verilmişdi. Onun adının jurnalda olma səbəbi isə buranı bitirib müəllim kimi İnstititutda işə başlaması idi. Çünki  İncəsənət İnstitutunda komediya fakültəsində müəllim qıtlığı var idi.  Opera və balet teatrının solisti Baba Mirzəyev də bizim kursda oxuyurdu, amma o da bizdən yaşlı idi. Çünki AZİ-ni (indiki ADNSU) bitirib bura gəlmişdi. Biz həmin vaxtı 5 il yarım oxuduq. Çünki 5-ci kursa çatanda əmr verildi ki, təhsil müddəti yarım il də artırılsın. Biz də “Arşın mal alan” tamaşasını hazırlayırdıq. Bildiyimiz kimi, Rza Təhmasib ilk “Arşın mal alan” filminin rejissorudur.  Nəsibə xanım xalanı, mən Vəlini, Baba Mahmudoğlu və Sabir Sultanov isə Əsgər rolunu oynadılar. Mənim oyunum Rza Təhmasibin çox xoşuna gəlmişdi. Hər yerdə deyirdi ki, Yasin Qarayev özünü heç kimə bənzətmədən, təqlid etmədən rolunu ifa edir. Bir çox aktyorlar bu rolu ifa etmişdilər, amma nədənsə ən çox mənim rolumu bəyənmişdi”. 

“Məni xor kollektivinə qəbul etmək istəsələr də, razılaşmadım”

Y.Qarayev deyir ki, Musiqili Komediya fakültəsindən Nəsibə xanım, Şəmsi Bədəlbəyliyə onun haqqında danışıb: “Demişdi ki, Vəli obrazını oynayan belə bir aktyor var. Onlar da məni dəvət etdilər. Tofiq Quliyev Şəmsi Bədəlbəylinin otağında idi, bizi imtahan çəkdilər. Musiqili komediyada ən əsası yaxşı səs lazımdır, biz də o fakültəni bitirmişdik deyə səsimiz var idi. Sabir Soltanovla məni dəvət etmişdilər, ikimiz də oxuduq. Aktyor ştatına yer olmadığı üçün bizi xor kollektivinə qəbul etmək istədilər. Sabir getdi, amma mən getmədim. Çünki xorda oxumaq istəmədim. İnstitutun nəzdində tədris teatrı var idi, orada çalışdım. Daha sonra hərbi qulluğa getdim”. 

“Əsgərlikdən 200 dollar pulla qayıtmışdım”

O vaxtı ali təhsili olanların hərbi xidmətə 1 illik aparıldığını deyən müsahibimizin sözlərinə görə, Baltikyanı ölklərin üçünü də gəzdiriblər, nəhayət ən sonda Kalinqrad yaxınlığında Paldiski şəhərində hərbi xidmətdə olublar: “Ali təhsilli olduğuma görə digər əsgərlərdən fərqlənirdim. Qapıda maşınları buraxma işini mənə tapşırmışdılar, başqa bir yoldaşla növbələşərək işləyirdik. Orda hesabımıza maaş da keçirirdilər, amma əlimizə vermirdilər. Belə ki, yeməyimizi, geyimimizi və digər xərclərimizi öz maaşımızdan çıxırdılar. Əsgərlikdən 200 dollar pulla qayıtmışdım”. 

“Ermənini Kalinqradda, gürcünü də Moskvada itirib vətənimə döndüm”

Maraqlı xatirələrinin çox olduğunu bildirən Y.Qarayev deyir ki, bir dəfə komandir məni yanına çağırdı: “Kapitan Ploxov mayın əvvəlləri məni çağırıb vətənimə qayıtmaq istəyib istəmədiyimi soruşdu. Dedi ki, səni Qafqaz qanunları ilə buraxacam. Barmağı ilə “iki” işarəsi göstərdi, mən də fikirləşdim ki, yəqin ki, maaşımdan yığılan 200 dollarıma gözü düşüb, onu istəyir. Razı olduğumu bildirdim. Daha sonra məlum oldu ki, komandir pulumu nəzərdə tutmurmuş. Deməli, orda iki xəstə var imiş, biri gürcü, biri isə erməni idi. Onları aparıb öz ölkələrinə çatdırmaq şərti ilə məni buraxırdı. Baltik şəhərindən Kalinqrada gələndə ermənini “rədd” etdim. Gecə küçədə itdi, arxasınca düşüb axtarmadım. Gürcüyə dedim ki, gedək yataqxanada qalaq, hərbi geyimdən bezmişəm, paltarlarımızı dəyişib rahat olaq. Gedib paltarlar aldıq, amma o mülki paltarları geyinmək istəmədi, dedi ki, valideynlərimin yanına hərbi paltarda gedəcək. Yataqxanaya getdik, axşam yeməyimizi yeyib yatdıq. Səhər durub təyyaraylə Moskvaya gəldik. Dediyim kimi mən mülki geyimdə, o isə hərbi paltarda idi. Onu da deyim ki, hərbi geyiminə qeyri-adi şeylər artırmışdı.  Paqona dəyişikliklər edib, əynindəki paltarın yarısı “əsgər”, yarısı da “zabit”lərin paltarı idi. Polislər onu görüb çağladı, apadılar, sorğu-sual etdilər. Lakin əynimdə hərbi paltar olmadığı üçün məndən xəbərləri olmadı. 40 dəqiqə gözlədim, gəlmədi. Təyyarənin vaxtı çatırdı, bileti dəyişdirib Bakıya uçdum. İndi düşünürəm ki, onun arxasınca getsəydim mən də ilişə bilərdim. Beləliklə, ermənini Kalinqradda, gürcünü də Moskvada “itirib” vətənimə döndüm”.  

“Hacı Qənbər” tamaşasını 400-500 dəfə oynadım”

Y.Qarayev hərbi xidmətdən qayıdandan sonra rektor Rahib Hüseynov müsahibimizə Gənc Tamaşaçılar Teatrında işləməyi təklif edib. Təbii ki, o da bu təklifi qəbul edib: “Teatrın baş rejissoru Ulduz Rəfilinin yanına getdim, səsimi yoxladılar. Teatrda “Hacı Qənbər” tamaşası gedirdi. O vaxtı bu tamaşa hardasa min dəfədən çox oynanılmışdı. Aktyor yox idi,  belə desək tamaşa sanki yatıb qalmışdı. Aşıq Vəli obrazını oynayan aktyor işdən çıxmışdı. Səsimi yoxladılar və Aşıq Vəliyə görə məni teatra qəbul etdilər. Nəfəsli alətlərin ifaçısı Məhərrəm Həsənov yoxladı. Daha sonra bədii şurada teatrın korifeylərinin -  Süleyman Ələsgərov, Hüseynağa Sadıqov, Sona Məcidova, Yusif Vəliyev, Firəngiz Kərimovanın qarşısında imtahan verdim. Onların qarşısında imtahan vermək mənim üçün çox böyükşərəf olmaqla yanaşı həm də çətin idi.  Hətta deyərdim ki, İnstituta qəbul imtahanından da məsuliyyətli idi. Süleyman Ələsgərov və Hüseynağa Sadıqov “Hacı Qənbər” tamaşasında oynayırdılar. Onlar üçün maraqlı idi, tamaşanı necə oynacağımız barədə düşünürdülər. Çünki bu tamaşa dəfələrlə oynanılmışdı. Hiss etdim ki, Hüseynağa Ələsgərov başı ilə razılıq işarəsi verir və gülümsəyir. Amma buna baxmayaraq çox həyəcan keçirirdim. Rolumu ifa etməyimi bəyəndilər və uzun illər o tamaşanı oynadım. Bəlkə də “Hacı Qənbər” tamaşasını 400-500 dəfə oynadım. Mənə adətən baş rolları verirdilər. Deyilənə görə yaxşı oynayırdım (Gülür)”. 

“Həyat yoldaşım əti doğramağıma icazə vermir, amma…”

Y.Qarayevin sözlərinə görə, instituta qəbul olanda kirayədə uşaqlıq dostu Fərzayıl Camalovla qalırmış: “Hazırda Şəmkirdə Mədəniyyət evində rejissor-aktyor kimi fəaliyyət göstərir. Pensiyaya çıxsa da hələ də ora gedib gəlir. Onunla bir kənddə böyümüşük, bir sinifdə, bir parta arxasında əyləşmişik. Çox yaxşı yoldaş idi, kinli deyildi, işdən evə gec gələndə görürdüm ki, yeməyi bişirib hazır edib. O olmayanda mən yemək bişirirdim. Səliqə səhmana xüsusi fikir verirdik, yaxşı yola gedirdik. Əl qabiliyyətim də yaxşı idi. İndinin özündə də yemək bişirirəm. Belə ki,  Bakıya təzə gələn vaxtları kirayədə qalmağa imkanım olmadığı üçün Keşlə Ət Kombinatının nəzdində bir peşə məktəbi var idi, ora üzv olmuşdum. Həm yataqxanada yer, həm də yemək verirdi. Orda ixtisaslı fəhlə hazırlayırdılar. Əti sümükdən ayırmağı peşəkarcasına öyrənmişdim və kolbasa sexlərində işləyirdik.  O vaxtdan əlim bu işlərə öyrəşib. Evdə ailə üçün ət alırıq, onu mən doğrayıram. Təbii ki həyat yoldaşım əti doğramağıma icazə vermir. Amma bu işdə təcrübəm var deyə necə doğramaq lazım olduğunu bilirəm. Bəzən həyat yoldaşım yemək bişirəndə ona da öz əlavələrimi edirəm. Ümumiyyətlə, peşəsindən asılı olmayaraq, hər işdə yaradıcılıq olmalıdır”.  

“Teatra dəvətnamə apara-apara qızın ağlını başından aldım”

Müsahibimiz deyir ki, ailə həyatı qurmağı da elə kirayədə qaldığı dövrə düşüb: “O vaxtı Xalq Teatrları dəbdə idi, amma təəsüf ki indi yoxdur. Xalq Teatrında tamaşalar olanda qonşumuzun qızına dəvətnamə aparırdım. Teatra dəvətnamə apara-apara qızın ağlını başından aldım, ya da o  mənimki aldı… (Gülür). Yaşı az olduğu üçün kəbin kəsə bilmədik, iki il nişanlı qaldıq, daha sonra evləndik”. 

Könül Oruc

 

Tarix
2 Noyabr 2018 [20:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin